Son zamanlar məişət zorakılığı zəminində həm qadınların, həm də kişilərin zərərçəkən olduğu hallar müşahidə olunur. Xüsusilə də son zamanlar qadınların kişiləri öldürməsi ilə bağlı hadisələri artıb. Belə hallar isə cəmiyyətdə narahatlıq doğurub.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ictimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, son yarım əsrdə dünyada gedən proseslər bu və ya digər dərəcədə Azərbaycanda da öz əksini göstərməkdədir.
Onun sözlərinə görə, gender bərabərliyi, qadınların hüquqlarının dövlət tərəfindən daha çox qorunması, tanınması, qadınlara qarşı ailədaxili təzyiqlərin, zorakılığın eyni zamanda bu və ya digər dərəcədə qarşısının alınması əlbəttə ki, müsbət tendensiya olsa da, artıq başqa prosesin də getdiyi müşahidə edilir: “Həyatın müxtəlif sahələrində bağçadan tutmuş ali məktəblərə qədər, KİV-dən dövlət qurumlarına qədər qadınların sayı durmadan artır. İşgüzar xanımların Azərbaycan cəmiyyətində nüfuzu artır. O cümlədən də orta və aşağı təbəqədə baş verən bu və ya digər mənfi hallar, kriminal hadisələrdə də qadınların statistik sayı durmadan artır. Azərbaycan cəmiyyəti üçün tipik olmayan, say baxımından 10-u keçməyən hadisələrin son illər artdığının şahidi olmuşuq. İllər boyu yaşadığı qadınlar, məşuqələri tərəfindən öldürülən, bıçaqlanan, zorakılığa məruz qalan, döyülən, evdən qovulan, aliment yükü ilə yüklənən kişilərin sayı get-gedə artmaqdadır.Vaxtilə kişilərin qadınların başına gətirdiyi mənfi hadisələr, zorakılıq artıq bu gün onların başında qılınc kimi asılıb. Hətta hərbidə, idmanda, polisdə qadınların sayı artdıqca bir güc nümayiş etdirməyə başlayıblar. Azərbaycanda çox qəribə bir gender və feminizm hərəkatı inkişaf etməkdədir. Onun da bu və ya digər dərəcədə əsası Avropadan götürülsə də, biz də bunu təbliğ etmişik. Məsələn, “Həcər, Nigar nənəmizdir” demişik. Eyni zamanda Babək, Cavidanın həyat yoldaşı, Tomris anadan tutmuş Şah İşmayıl Xətayinin diplomat anasına qədər bir çox xanımlar var ki, onlar beynimizə güclü, qəhrəman kimi yaddaşımızda qalıb. Əvvəl-axır bu öz təsirini göstərməliydi. Yeni nəsil xanımlar artıq təkcə gender bərabərliyini deyil, həm də düşünürlər ki, biznes, iş imkanım, cəmiyyətdə tanınmağım, nüfuzum artdıqdırsa, kişi mənə heç bir söz, “çay gətir” deyə bilməz, evdə işləri yarıbayarı etməliyik və ya mən çöldə işləyirəmsə, ev işlərini uşaq tərbiyəsindən tutmuş zibil atmağa kimi işləri kişi görməlidir. Əlbəttə, bu fikirlər ailədə konfliktlərə gətirib çıxarır. Kişilər kənarda həmvətəndaş, dini nikah ilə sosial münasibətlərdə olduğu məşuqələri, ikinci-üçüncü qadınlarla bağlı münaqişələr yaşamağa başlayırlar. Qadınlar bunu həzm etmir. Əvvəlki dövr deyil ki, qadın yumruqdan, davadan, boşanmadan qorxsun... Nəzərə alaq ki, hər bir valideynin bu gün bir və ya iki qız uşağı olur və onları ərə verəndə oğlana göstərilən münasibətləri də ona da göstərirlər. Bəzən onlara ev alırlar, təmtəraqlı toylar edilir, cehizlər verilir. Qız ayrılmaq istəyəndə valideyn qızının tərəfində durur, bəzən onlar da konfliktləri qızışdıraraq onların ayrılmağına səbəb olurlar. Belə müdafiə və özünün arxasında durulduğunu görən xanımların bir çoxları kişiləri, qardaşlarını, ərlərini də öldürə bilərlər. Faiz etibarilə 100-də 10-dur. Kişilər daha çox qadınları qətlə yetirirlər. Bunun çoxu da var-dövlət və namus, ailədaxili seksual təzyiqlər, zorakılıq üzərində olur. Qadınlar ya qısqanclıq və digər səbəblərdən ərlərinə əl qaldırmağa, bıçağa əl atmağa, balta vurmağa, hətta yandırmağa səy göstərirlər. Bununla bağlı mediada müzakirələrə səbəb olmuş məhkəmə işləri ilə tanış oluruq”.
Kulturoloq qeyd edib ki, Azərbaycan ailə modelində aşınmalar gedir, bunun qarşısı indi alınmazsa, hadisələrin sayı getdikcə artacaq: “Kişi, qardaş, oğul, baba, əmi, dayı və s. obrazını o qədər məhv ediblər ki, artıq xanımlar onlara əl qaldırmağa, zorakılıq etməkdən belə çəkinmirlər. Ata, qardaş Azərbaycan kişisinin müsbət tərəflərini cəmiyyətə ötürməyə başlamalıyıq. Heç kim heç kimdən qorxmamalıdır. Qanunlar var və qanun, cəzalar adamı cinsə bölmür. İstənilən halda elə edilməlidir ki, nə kişi qadına, nə də qadın kişiyə əl qaldırsın. Ailə müqəddəsliyi əldən getməsin. Ailə onsuzda get-gedə böyük daxili və xarici təzyiqlərə məruz qalır, böyük problemlərlə üzləşib. Üstəlik buna kriminal hadisələri də əlavə edəndə necə böyük mənəvi sosial, əxlaqi, milli problemlə üzləşirik. İnanıram ki, həm kişi həm də qadın bu barədə artıq özü də ciddi düşünməyə başlayıb. Media bunu müzakirə edirsə, deməli, bu problem var və problemin həllini gecikdirmək lazım deyil. Həm ictimaiyyət, media, dövlət qurumları bu istiqamətdə birlikdə ciddi konseptual sənəd hazırlayıb ictimai təsisat yaradıb bu məsələlərlə mübarizə apara bilərlər”.