Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov səhhəti ilə bağlı danışıb.
Müsahibəni təqdim edirik:
– Əbdül bəy, necəsiniz, özünüzü hazırda necə hiss edirsiniz?
– Təşəkkür edirəm. Mən dünən bütün günü xəstəxanada analizlər vermişəm. Müxtəlif prosedurlar idi. Sabah da qastroskopiya, endoskopiya edəcəklər, mədə-bağırsaqlarımı-filan yoxlayacaqlar. Özü də yaş faktoru var da, qızım. Havalar da belədir, bronxum belədir... Ondan sonra, nə bilim, prostat belə... Təzyiq də göz qabağındadır. Nəsə belə, arzuolunmaz bir durumdayam. Keç-keçdir... Amma hələlik yaşayırıq da. Nəfəs gedir-gəlir, çalışıram, vuruşuram, yaşayıram. Bütün texniki aparatura deyir ki, analizlərim normaldır. Bilmirəm, məni aldadırlar, ya yalandan deyirlər normaldır. Amma mən normal deyiləm axı, özüm görürəm.
– Müalicənizi davam etdirməniz üçün maddi yardıma ehtiyacınız varmı? Bundan əvvəl dəstək üçün çağırış etmişdiniz...
–...Pensioner adamam da, qızım. Sadəcə, prezident təqaüdü alıram, min neçə manat. Onu da uşaqlarımla pay-püş edirik, onlar da işsizdirlər deyə. Özümə qalsa, aldığım pensiya müalicəmə də, yoldaşıma da bəs edər. Amma uşaqlarımın ikisi də işsizdir, ona görə problem yaranır. O ki, qaldı məni kiminsə yadına salması, heç yada salan da, salam verən də olmadı.
Sağ olsun, müraciət edən kimi Heydər Əliyev Fondu analiz prosedurlarımı etdirir. O da haradasa 1000 manata yaxın çıxır. Amma sonra müalicə məsələsi var axı. O necə olacaq, bilmirəm...
– Ümumiyyətlə, həkimlər sizə hansı diaqnozları qoyublar?
– Faktiki olaraq, dörd xəstəlikdən müalicə alıram. Birincisi bronxdur, ikincisi mədə-bağırsaq problemidir, üçüncüsü parkinsondur, əl-ayağımda yüngül əsmə əmələ gəlib, dördüncüsü prostatdır. Yəni dördü də bir-birinə əks olan xəstəliklərdir. Zamanında günlərlə çəkilişlərdə olmaqdan, əməkdən, zəhmətdən canımız yavaş-yavaş tükənib, indi yavaş-yavaş canımdan çıxır. Cavan vaxtlarımızda deyirdim ki, onu da çəkək, bunu da edək. Demə, yavaş-yavaş ölümümüzə fərman hazırlayırmışıq. İndi də gəlib bu vəziyyətə düşmüşəm, kömək edən də yoxdur.
– Milli Məclisin Mədəniyyət Komitəsi var. Həmin komitənin üzvü olan deputatlardan və yaxud komitənin sədri Polad Bülbüloğludan sizə hər hansı reaksiya oldumu?
– Nə Mədəniyyət Nazirliyindən xəbər var, nə də Milli Məclisin Mədəniyyət Komitəsindən. Polad Bülbüloğlunun da başı qarışıb evlənməyə. Poladın nəyinə lazımdır? Polad heç nazir olanda kimə yaxşılıq etmişdi ki, indi kimə nə yaxşılıq etsin?! Umar yerdən küsərlər, deyərlər. Ona görə də müraciət ediləsi nə yer, nə də adam var. Yenə sağ olsun Heydər Əliyev Fondu. Müraciət edən kimi müayinələrimə kömək olurlar. Amma müalicələrimin necə olacağı bəlli deyil. Ağrıyıram deyə belə qəmli danışıram. Amma bu o demək deyil ki, kimdənsə nəsə dilənirəm.
– Bəs Kino İttifaqından heç olmasa mənəvi dəstək göstərən, sizinlə maraqlanan oldumu?
– Kino İttifaqının öz problemləri ilə məşğuldur. Bu saat xəstə-xəstə ittifaqa gedirəm. Sentyabrın 11-i biz ittifaqın konfransını keçirib, sədr seçəcəyik. İttifaq indi idarəolunmaz bir vəziyyətdədir. Bu saat Ədliyyə Nazirliyi, Ali Məhkəmə, prokuror orada istintaq edirlər. Şəfiqə Məmmədova da hələ tam səlahiyyətli sahib deyil. Bütün səlahiyyətləri rəhmətlik Rasim Balayev Əli İsa Cabbarova vermişdi. İnşallah, Şəfiqə xanım təsdiq olunandan sonra görək, nə kömək olacaq. İmkanlı dostlar var. Amma bilmirəm utanırlar, ya onlara deyən, xəbər edən yoxdur, ya cəsarətsizlikdir. Nədir bilmirəm, mənimlə maraqlanan yoxdur.
– Polad Bülbüloğludan söz düşmüşkən, sizin 82 yaşınız var, onun da 81. İndi görürsünüz ki, o evlənir, sizin dediyiniz kimi cavan adam kimi bal ayında gəzir, siz isə xəstəliklə mübarizə aparırsınız. Sizcə, bunun səbəbi insanın özündədir? İnsan vaxtında özünə yaxşı baxmır, yoxsa bu, ümumiyyətlə, genetik, yaşayış şəraiti məsələsidir?
– İkimiz də mübarizə aparırıq. Polad eşq-məhəbbət uğrunda, mən də sağlamlıq uğrunda. Biz kənd uşaqları gəlib şəhərdə formalaşana kimi, zəhmət çəkənə kimi, özümüzə gün ağlayana kimi canımız da gedir, vaxtımız da, yaşımız da gedirdi. Onlar isə hazıra nazir olublar, şəhər içində böyüyüblər, maşallah. Biz zarafatla deyirdik, bunlar qoğulla-moğulla böyüyüblər. Fərq ondandır. İndi adam var 82 yaşında, 52 yaşın həsrətindədir, adam var 50 yaşında, 60 yaşında dünyasını dəyişir.
– Əbdül bəy, sonuncu sualım olacaq. Hazırda sizin ən böyük ehtiyacınız nədir?
– Ən böyük ehtiyacım mənəvi, maddi dəstəkdir. Həm maddi, həm mənəvi dəstək. Vəssalam!
Musavat.com