Azərbaycan siyasi partiya sistemi niyə çöküb?
“Müasir dövrdə nəinki Azərbaycanda, dünyada belə siyasi partiyaların rolu dəyişib. Partiyalar hələ də XIX və XX əsrin əvvəlindəki siyasi modellə işləməyə çalışırlar. Əvvəllər partiyalar üzvlük sayının çoxluğuna əsaslanırdılar, mitinqlər, yığıncaqlar, partiyaların şöbələri, ideoloji fərqlər və sairə var idi. Liberallar, mühafizəkarlar, millətçilər, sosialistlər, kommunistlər beş əsas siyasi partiya növü idi. İndiki dövrdə isə qlobal texnologiya əsrində partiyalar bu funksiyaları itiriblər. İnternet var, kiminsə yığışması ilə məsələ həll olunmur. Bu rol artıq əvvəlki kimi deyil - kimin üzvü çoxdur, ya azdır... Partiyalar əhəmiyyətini bu baxımdan itiriblər. Bu, bütün dünyada gedən prosesdir”.
Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
O bildirib ki, xüsusilə, Avropada parlament partiyalarının sayı dəyişir: “İnsanlarda artıq partiyalara meyillilik yoxdur. Lider ətrafında cəmləniblər, hansısa dərin ideoloji bir şey yoxdur. Bugünkü problemləri həll edirlər. Partiya rəhbərləri də məcburdurlar ki, əhalinin gündəlik tələbatına cavab versinlər. Əhaliyə partiyanın qəbuluna, mitinqinə getmək, sözünü orada demək artıq lazım deyil. İnternet vasitəsilə onsuz da deyir. Azərbaycanda isə başqa bir problem də var. Bizdə ideoloji fərq ümumiyyətlə yoxdur. Hamısı eyni şeyi deyir. Partiyalarımızın proqramlarında nə var ki, bir-biriləri arasında ciddi fərq olsun? Daha çox lider ətrafında birləşən partiyalardır, xüsusi başqa bir rolları yoxdur. Son illər "Siyasi partiyalar haqqında" qanun dəyişdi, tələblər artdı. Əlbəttə ki, bir sıra partiyalarda beş min üzv yoxdur... Bunu edənlər bilirlər ki, hazırda dünyada da üzvlük məsələsi əhəmiyyətli deyil. Partiya bileti dövrü gedib. Sadəcə, bizim qanunda müəyyən üstünlüklər var, dövlətdən pul alırsan. İnkişaf etmiş ölkələrdə siyasi partiyalar dövlətdən yox, onları dəstəkləyən qruplardan pul alırlar. Həmin qrupların da gərək biznesləri olsun, çünki onlar da partiyalarının hakimiyyətdə təmsil olunmasını, maraqlarının həyatda keçirilməsini istəyirlər. İş burasındadır ki, Azərbaycanda normal, azad biznes yoxdur. Əsas bizneslər dövlət qurumlarına bağlıdır. Ən azından özəl olsalar da, dövlət sifarişlərini yerinə yetirirlər, çünki ölkədə iqtisadiyyatın mütləq çoxluğu dövlətin əlindədir. Belə halda hansı biznes müxalif siyasi partiyanı maliyyələşdirər? Mümkün deyil. Heç biri bunu etməz. Niyə etməlidirlər? Şəxsi qənaətimə görə, parlamentdən kənarda qalan bəzi partiyaların tərəfdarları parlamentdə oturan partiya rəhbərlərinin tərəfdarlarından çoxdur. Niyə parlamentə düşə bilməyiblər, bu, ayrı mövzudur, amma faktdır. Azərbaycanda siyasi partiya yoxdur. İndi siyasi səhnədə elə də ciddi rəqabət olmadığı üçün YAP-ın də rolu, demək olar, yoxdur. Bəziləri partiyaya biznes kimi baxırlar. Necə ki bunu Ana Vətən Partiyasının timsalında gördük...”