Başkənd üçün iki ölkədə referendum!? - ŞƏRH
Paşinyan niyə indi “Başkənddən imtina edə bilmərik” dedi?; ekspertlərə görə, Azərbaycanın əlində daha güclü arqumentlər var və yeni şərtlər irəli sürə bilər
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Bakı və İrəvan ərazi bütövlüyü məsələsində eyni yanaşma sərgiləyiblər. “Biz də Azərbaycanın ərazi bütövlüyünü onlar bizim ərazi bütövlüyümüzü tanıdığı kimi tanımışıq”? - deyə o bildirib.
Paşinyan Başkənd qəsəbəsinə iddialarını da dilə gətirib. O bildirib ki, həmin yaşayış məntəqəsini “geri alacaqlar”. “Bizim özümüzün bir problemimiz var: Başkənd Ermənistan Respublikasının suveren ərazisidir və biz bundan imtina edə bilmərik”.
Gədəbəy rayonu ərazisində yerləşən Başkənd yaşayış məntəqəsi sovet dövründə kənd təsərrüfatı ehtiyacları ilə əlaqədar SSRİ rəhbərliyinin qərarı ilə Ermənistan SSR-in tabeliyinə verilib. Həmin dövrdə kəndin əhalisi də əsasən ermənilərdən ibarət olub.
Ərazisi 40 kvadrat kilometr olan kəndin adı 1978-ci ildə dəyişdirilərək Artsvaşen (ermənicədən tərcümədə “Qartalkənd” deməkdir) adlandırılıb.
Birinci Qarabağ müharibəsi zamanı 1992-ci il 6-8 avqust tarixlərində həyata keçirilən hərbi əməliyyat nəticəsində ərazi Azərbaycanın nəzarəti altına keçib.
Ermənilər kəndi tərk edəndən sonra Başkənddə məskunlaşma olmayıb. Ətraf kəndlərin sakinləri bu ərazilərdə kənd təsərrüfatı ilə məşğul olurlar.
Bəzi ekspertlərə görə, anklavların qarşılıqlı dəyişdirilməsi üçün hər iki ölkədə referendum keçirilməsi də mümkündür. Çünki məsələ ərazi mübadiləsi ilə həll olunacağı halda referendum gündəmə gələ bilər. Çünki Azərbaycan Konstitusiyası da, Ermənistan Konstitusiyası da ərazi dəyişikliyinin ancaq referendum yolu ilə mümkünlüyünü təsbit edib. Bəzi ekspertlər də güman edir ki, Paşinyan indilikdə belə danışmalıdır, çünki kritik seçkilər qapıdadır. Əslində baş nazir özü də fərqindədir ki, Başkənd kimi mübahisəli məsələlər ən sonda həll oluna bilər.
Hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a dedi ki, Azərbaycanla Ermənistan arasında anklav-eksklav məsələsi postsovet məkanında mürəkkəb sərhəd problemlərindən biri hesab olunur: “SSRİ dövründə Azərbaycanla Ermənistan arasındakı sərhədlər inzibati xarakter daşıyırdı. Buna görə də sərhəd nəzarəti yox idi, anklavların mövcudluğu ciddi problem yaratmırdı, əhali sərbəst hərəkət edə bilirdi. Lakin 1991-ci ildə SSRİ dağıldıqdan sonra yeni yaranan müstəqil dövlətlərin sərhədlərinin müəyyən olunarkən həmin inzibati sərhədlər əsas kimi götürüldü və Azərbaycanla Ermənistan arasındakı həmin inzibati sərhədlər dövlət sərhədlərinə çevrilərək beynəlxalq status aldı, əvvəllər daxili inzibati xarakter daşıyan bir sıra ərazi məsələləri, o cümlədən anklav-eksklav məsələsi beynəlxalq hüquqi müzakirə predmeti oldu. Bu yanaşma 1991-ci il Almatı Bəyannaməsində təsdiq edildi. Bu baxımdan Azərbaycanla Ermənistan arasında anklav-eksklav məsələsi həm hüquqi, həm siyasi, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Məsələ bundan ibarətdir ki, Ermənistanda eksklav kimi yerləşən Azərbaycan kəndləri hazırda Ermənistanın tam nəzarəti altındadır, həmin kəndlərdə Azərbaycanın heç bir mülki və ya hərbi strukturu yoxdur. Eləcə də Başkənd faktiki olaraq Ermənistanın deyil, Azərbaycanın nəzarəti altındadır. Problemi mürəkkəbləşdirən daha bir amil ondan ibarətdir ki, Azərbaycanın eksklav kəndləri Ermənistan üçün strateji əhəmiyyətli ərazilər hesab olunur. Eləcə də Başkənd Azərbaycan üçün strateji əhəmiyyətli hesab olunur”.
Q.Əlibəyli onu da xüsusi olaraq diqqətə çatdırdı ki, Başkəndin əvvəllər Azərbaycana məxsus olması, sonradan SSRİ rəhbərliyi tərəfindən Ermənistanın tabeliyinə verilməsi faktdır: “Burada bir məsələ dəqiqləşdirilməlidir. Həmin dövrdə qüvvədə olan konstitusiyaya görə, müttəfiq respublikanın ərazisi onun rəsmi razılığı olmadan başqa respublikaya verilə bilməzdi; bu razılığı isə müttəfiq respublikanın Ali Soveti və ya onun Rəyasət Heyəti verə bilərdi. Ona görə də Başkəndin Ermənistanın tabeliyinə verilməsinə Azərbaycan Ali Sovetinin və ya onun Rəyasət Heyətinin razılığının olub-olmaması məsələsi dəqiqləşdirilməlidir. Yalnız Başkəndin Ermənistanın tabeliyinə verilməsi lazımi qaydada rəsmiləşdirilibsə, onda anklav kimi baxıla bilər və müzakirə predmeti ola bilər.
Azərbaycanla Ermənistan arasında anklav-eksklav probleminin həlli vasitəsi kimi ərazi mübadiləsi təklifi var. Əgər Başkəndin həqiqətən də anklav statusu təsdiq olunarsa və həm Azərbaycan, həm də Ermənistan ərazi mübadiləsi barədə razılığa gələrlərsə, onda referendumun keçirilməsi məcburi xarakter daşıyır. Belə ki, konstitusiyanın 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir. Yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər".
Siyasi təhlilçi Sona Əliyevanın fikrincə, bu məsələdə Azərbaycanın əlində olan arqumentlər daha keçərlidir: “Paşinyanın "Başkənd Ermənistanın suveren ərazisidir, biz bundan imtina edə bilmərik" deməsi ilk baxışda sərt bəyanat kimi görünə bilər. Amma bu açıqlamanın arxasında daha çox erməni cəmiyyətinə hesablanmış daxili siyasi mesaj dayanır. Ermənistanda seçki yaxınlaşdıqca Paşinyan cəmiyyətə göstərməyə çalışır ki, guya Ermənistan heç bir mövqedən geri çəkilmir. Bir tərəfdən Azərbaycanla sülh prosesindən danışır, digər tərəfdən erməni ictimaiyyətinə “biz ərazi məsələlərində güzəşt etmirik” mesajını verir. Bu, klassik siyasi manevrdir. Amma reallıq bəyanatlardan fərqlidir. Başkənd uzun illərdir Azərbaycanın nəzarətindədir. Kənd boşdur, orada yaşayış yoxdur və dörd tərəfdən Azərbaycan kəndləri ilə əhatə olunub. Ermənistan sabah bu ərazini istəsə belə, orada necə idarəçilik quracaq? Təhlükəsizliyi necə təmin edəcək? Yol, kommunikasiya, gündəlik yaşayış məsələləri necə həll olunacaq? Bu suallar açıq qalır. Ona görə də Paşinyanın “geri alacağıq” deməsi daha çox siyasi ritorikadır. Çünki Başkənd məsələsi bir bəyanatla həll olunacaq məsələ deyil. Bu mövzu sərhəd delimitasiyasının ən mürəkkəb və ən gec həll olunacaq hissələrindən biridir. Burada Azərbaycanın da çox ciddi mövqeyi var. Əgər Ermənistan Başkəndi gündəmə gətirirsə, Azərbaycan da Kərki və digər anklavlar məsələsini masadan kənarda saxlamayacaq. Xüsusilə Kərki təkcə kənd məsələsi deyil. Bu, Naxçıvan istiqaməti, regional kommunikasiya və strateji təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Yəni Ermənistan Başkənd üzərindən siyasi kart oynamaq istəyirsə, bilməlidir ki, Azərbaycanın əlində daha ciddi arqumentlər var. Azərbaycan öz ərazi bütövlüyü və suverenliyi məsələsində geri addım atan dövlət deyil. 44 günlük müharibədən sonra bölgədə yaranan yeni reallıq bunu açıq şəkildə göstərdi.
Düşünürəm ki, Başkənd məsələsi ayrıca həll olunmayacaq. Bu məsələ Kərki və digər anklavlarla birlikdə ümumi sərhəd razılaşmasının içində müzakirə ediləcək".