Sosial şəbəkədə biz:
İsrail bəyanat yaydı: Azərbaycanda İranın terror planlarının qarşısı alınıb
Xəbər Şəkli

İsrail bəyanat yaydı: Azərbaycanda İranın terror planlarının qarşısı alınıb

21 April 2026, 08:30
Siyasət

İranın Azərbaycanda hazırladığı terror aktlarının qarşısı alınıb.

Bu barədə İsrailin MOSSAD kəşfiyyatı, İsrail Müdafiə Qüvvələri və İsrail Daxili Təhlükəsizlik İdarəsi aprelin 20-də birgə bəyanat yayıb.

Rəsmi sənəddə qeyd edilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Azərbaycanda bir sıra strateji və dini hədəflərə qarşı hücumlar planlaşdırıbmış.

Bildirilir ki, bir neçə həftə əvvəl Azərbaycan ərazisində fəaliyyət göstərən terror strukturu zərərsizləşdirilib. Bu qrup Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri kimi strateji obyektə, eləcə də İsrail səfirliyinə, Bakı sinaqoquna və yəhudi icmasının liderlərinə qarşı terror aktları hazırlayırmış.

Birgə bəyanatda vurğulanır ki, terror hazırlığı görən operativ qrupun üzvləri Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onların üzərindən partlayıcı maddələrlə təchiz edilmiş dronlar və partlayıcı qurğular aşkar edilib. Qrupun fəaliyyəti İrandakı əlaqələndiricilərin birbaşa göstərişləri əsasında həyata keçirilirdi və hədəflər barədə məlumat toplamaq üçün gizli müşahidə və fotoçəkiliş metodlarından istifadə olunurdu. Aparılan əməliyyat və kəşfiyyat işləri nəticəsində SEPAH-ın gizli terror şəbəkəsinin strukturu və komanda zənciri tam müəyyən edilib.

İsrail kəşfiyyatı bu şəbəkəyə rəhbərlik edən yüksək rütbəli SEPAH zabitlərinin adlarını da açıqlayıb. Şəbəkənin rəhbəri, SEPAH Kəşfiyyat Təşkilatının Xüsusi Əməliyyatlar Bölməsinin (4000-ci bölmə) rəhbəri Rəhman Moqadam olub. O, əməliyyatın başlanğıc mərhələsində İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində öldürülüb. Terror fəaliyyəti SEPAH Kəşfiyyat Təşkilatının sabiq rəhbəri Məcid Xademinin nəzarəti altında həyata keçirilib və o da öldürülüb. Şəbəkənin digər əsas fiquru, 4000-ci bölmənin yüksək vəzifəli şəxsi Möhsün Suri də İsrail kəşfiyyatının məlumatı əsasında gizli sığınacaqda zərərsizləşdirilib. Bundan başqa, Azərbaycandakı fəaliyyətlərə birbaşa rəhbərlik edən Mehdi Yekta-Dehqanın (“Həkim” ləqəbli) və digər zabitlərin kimliyi müəyyən edilib. meydan.tv