Sosial şəbəkədə biz:

Azərbaycanda bank kartları ilə fırıldaqçılıq 52 faiz artıb

Azərbaycanda bank kartları ilə fırıldaqçılıq 52 faiz artıb
Xəbər Şəkli
24 November 2026, 00:33
Sosial

Mərkəzi Bankın məlumatlarına görə, 2026-cı ilin üçüncü rübündə ölkədaxili kart fırıldaqçılığı əməliyyatlarının məbləği 1,6 milyon manatı keçib. Hadisələrin böyük əksəriyyəti internet və mobil tətbiqlər vasitəsilə baş verib.

Azərbaycanda bank kartları ilə həyata keçirilən fırıldaqçılıq əməliyyatlarının həm sayı, həm də məbləği artıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) banklardan topladığı məlumatlara əsasən, 2026-cı ilin iyul-sentyabr aylarında ölkədaxili ödəniş şəbəkəsi üzrə kart fırıldaqçılığı əməliyyatlarının ümumi məbləği 1 milyon 635 min 257 manat təşkil edib.

Bu, əvvəlki üç ayla müqayisədə 52,18 faiz artım deməkdir. Aprel-iyun aylarında həmin göstərici 1 milyon 74 min 526 manat olub.

Ölkəxarici ödəniş şəbəkəsi üzərindən aparılan fırıldaqçılıq əməliyyatlarının məbləği də 30 faiz artaraq 376 min 293 manata çatıb.

Beləliklə, üçüncü rübdə ölkədaxili və ölkəxarici əməliyyatların ümumi məbləği 2 milyon 11 min 550 manat olub.

Üç ayda 13 mindən çox fırıldaqçılıq əməliyyatı

Mərkəzi Bankın statistikasına görə, iyul-sentyabr aylarında ölkədaxili ödəniş şəbəkəsi üzrə 7222 fırıldaqçılıq əməliyyatı qeydə alınıb. Bu, əvvəlki rüblə müqayisədə 36,14 faiz çoxdur.

Ölkəxarici şəbəkə üzrə belə əməliyyatların sayı isə 67,82 faiz artaraq 6097-yə yüksəlib.

Ümumilikdə, hesabat dövründə hər iki istiqamət üzrə 13 min 319 fırıldaqçılıq əməliyyatı qeydə alınıb.

Ölkədaxili fırıldaqçılıq hallarının 21,8 faizi bank hesablarının ələ keçirilməsi ilə bağlı olub. Qalan 78,2 faiz müxtəlif digər üsullarla, o cümlədən kartın fiziki iştirakı olmadan aparılan əməliyyatlarla əlaqələndirilib.

Fırıldaqçılığın 98 faizə yaxını internet və mobil tətbiqlərdə baş verir

Statistikada ən çox diqqət çəkən məqamlardan biri fırıldaqçılığın əsasən rəqəmsal kanallarda baş verməsidir.

Mərkəzi Bankın məlumatlarına görə, ölkədaxili fırıldaqçılıq əməliyyatlarının 97,7 faizi elektron ticarət və mobil tətbiqlər vasitəsilə həyata keçirilib.

Bankomat və POS-terminallar da daxil olmaqla digər vasitələrin payı cəmi 2,3 faiz təşkil edib.

Ölkəxarici əməliyyatlarda da oxşar mənzərə müşahidə olunur: fırıldaqçılığın 97,9 faizi elektron ticarət və mobil tətbiqlərin payına düşür.

Mərkəzi Bankın rəqəmsal fırıldaqçılıqla bağlı açıqlamalarında qeyd olunur ki, bu cür hadisələrin əksəriyyəti kart istifadəçilərinin şəxsi və bank məlumatlarını kiberdələduzlara təqdim etməsi nəticəsində baş verir.

Bu səbəbdən istifadəçilərə kart məlumatlarını, birdəfəlik təsdiq kodlarını və bank tətbiqlərinin giriş şifrələrini başqa şəxslərlə paylaşmamaq tövsiyə olunur.