Naftalan şəhərindəki Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi İlhamə Əmiraslanova direktor Adilə Bağırovanın dərs saatlarını düzgün bölüşdürməməsindən, kadr təyinatlarından və ona münasibətindən şikayətçidir.
Müəllim Meydan TV-yə deyir ki, sertifikasiyadan keçməsinə və diaqnostik qiymətləndirmədə digər müəllimlərdən yüksək nəticə göstərməsinə baxmayaraq, dərs yükü azaldılıb. Onun sözlərinə görə, sertifikasiyadan keçməyən müəllimlərə isə daha çox dərs saatı ayrılır.
Dərs bölgüsü ilə bağlı narazılıq
İlhamə Əmiraslanovanın dediyinə görə, 2003-cü ilin sentyabrından həmin məktəbdə tarix müəllimi işləyir. O, 2008-ci ildə 12 saat dərs yükü ilə analıq məzuniyyətinə çıxıb. 2009-cu ildə Adilə Bağırova məktəbə direktor təyin olunub.
İlhamə Əmiraslanova 2011-ci ildə işə qayıdanda əvvəlki 12 saat əvəzinə ona cəmi 6 saat dərs verildiyini bildirir:
“Bununla bağlı 2013-cü ildə Təhsil Nazirliyinə müraciət etdim və dərs saatlarım bərpa olundu. Bundan sonra direktorun mənə qarşı münasibəti dəyişdi, aramızda narazılıqlar başladı”.
Əmiraslanova deyir ki, 2016-cı ildə yenidən diaqnostik qiymətləndirmədə iştirak edib və üç tarix müəllimindən ikisindən daha yüksək nəticə göstərib. Buna baxmayaraq, dərs saatları bərabər bölüşdürülüb.
“Halbuki nazirlik bütün məktəblərə göstəriş vermişdi ki, dərs saatları müəllimlərin diaqnostik qiymətləndirmədə topladıqları ballara uyğun müəyyənləşdirilsin. Direktor isə bu göstərişə əməl etmədi, yenə öz bildiyi kimi dərs bölgüsü apardı. Həmin vaxt mənim 12 saat dərsim olduğu halda, digər müəllim – Təranə Vəliyevaya 16 saat dərs verilmişdi. O, diaqnostik qiymətləndirmədə 22-23 bal toplamışdı. Sonradan sertifikasiyadan da keçmədi. Mən isə daha yüksək nəticə göstərməyimə baxmayaraq, dərs saatlarımın artırılmasına nail ola bilmədim”, – müəllim bildirib.
İlhamə Əmiraslanovanın sözlərinə görə, sonrakı illərdə də dərs bölgüsü ilə bağlı problem davam edib. Məktəbdə sertifikasiya imtahanında iştirak edən üç müəllimdən yalnız onun uğur qazandığını deyən şikayətçi dərs yükünün yenə də digər müəllimlərlə demək olar ki, eyni olduğunu bildirir.
“Ötən il 21 saat dərsim olduğu halda, bu il 20 saata endirildi. Sertifikasiyadan keçdiyim halda, dərs yüküm təmin edilməli olduğu halda, direktor əksinə addım atdı. Mən sertifikasiyadan keçən yeganə müəlliməm, amma dərs saatlarımı artırmaq əvəzinə azaldırlar”, – o deyir.
Məktəbdə kadr təyinatları ilə bağlı iddialar
Şikayətçinin narazı qaldığı digər məsələ məktəbdə kadr təyinatlarıdır. İlhamə Əmiraslanova deyir ki, məktəbdə psixoloq diplomu olan iki qadın əməkdaş olduğu halda, direktor Bakı Dövlət Universitetinin kitabxanaçılıq ixtisasını bitirmiş qardaşı qızını psixoloq vəzifəsinə təyin edib.
“Halbuki məktəbimizdə psixoloq ixtisası üzrə diplomu olan iki nəfər vardı. Vakant yeri gizlətdi, qardaşı qızının təhsilini başa vurmasını gözlədi və sonra onu həmin vəzifəyə yerləşdirdi. Kitabxanaçılıq ixtisasını bitirən şəxsə psixoloq vəzifəsi verdi. Psixoloq ixtisaslı Aygün İsmayılovaya isə tarix fənninin tədrisini həvalə etdi”, – müəllim deyir.
İlhamə Əmiraslanova məktəbdə başqa ixtisas uyğunsuzluqlarının da olduğunu bildirir. Onun sözlərinə görə, biologiya müəllimi coğrafiya fənnini tədris edir.
Müəllim direktorun bəzi əməkdaşlara xüsusi münasibət göstərdiyini də söyləyir:
“Bir müəllim var, direktorun rəfiqəsidir. Həmin müəlliməyə altı müxtəlif vəzifə və əlavə iş yeri verib. Öz ixtisası üzrə lazımi balı toplaya bilməyən müəlliməyə bu qədər üstünlük yaradılıb.Ümumiyyətlə, direktor öz qohumlarını məktəbə yığıb. Bağbanına qədər qohumlarıdır”.
İlhamə Əmiraslanova direktorun onunla davranışından da narazıdır. Müəllim deyir ki, Adilə Bağırova bəzən heç bir səbəb olmadan ona irad tutur, şagirdlərin qarşısında təhqir edir.
“Oturduğum yerdə yanıma gəlib deyir ki, müəllim, niyə ayağa qalxmırsınız? Şagirdlərin qarşısında məni təhqir edir. Onunla bağlı müxtəlif dövlət qurumlarına müraciət etmişəm, şikayətlər vermişəm, amma şikayətlərimə heç kim baxmır”, – Əmiraslanova bildirib.
Müəllim deyir ki, direktorun fəaliyyəti ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, indiyədək nəticə əldə edə bilməyib.
İlhamə Əmiraslanova korrupsiyaya qarşı mübarizə üzrə aidiyyəti quruma da müraciət etdiyini deyir. Onun sözlərinə görə, müraciət zamanı konkret pul verilməsi və ya alınması faktını sübut edib-etmədiyi soruşulub.
“Mən onlara izah edə bilmirəm ki, indi kim rüşvəti açıq şəkildə alır? Kim bunu açıq formada edir? Mənim üçün əsas məsələ dərs saatlarının bölüşdürülməsindəki uyğunsuzluqlardır. Sertifikasiyadan keçən müəllimə dərs saatı verilmir, amma digər müəllimlərə daha çox dərs saatı ayrılır. Deməli, burada araşdırılmalı məqamlar var”, – o bildirib.
“Bir gün böhtan və şantajla üzləşəcəyimdən qorxuram”
İlhamə Əmiraslanova məktəbdə direktorun müxtəlif vəzifəli şəxslərlə əlaqələri barədə də söz-söhbətlərin yayıldığını deyir.
“Biri deyir ki, xarici işlər naziri Ceyhun Bayramovun adamıdır, digəri deyir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun qohumudur. Hərə bir söz danışır. Mən də deyirəm, qohumları və ya yaxınları vəzifədədir deyə bizi yıxıb-sürüməlidirlər? Bir gün məktəbdə uşağın ürəyi getdi. Qorxumdan öldüm-dirildim, düşündüm ki, görəsən, bu hadisəni mənim üstümə yıxmayacaqlar ki? Şikayətlərimə görə direktorun mənə qarşı hansısa addımlar atacağından, böhtan və şantajla üzləşəcəyimdən qorxuram. Uşaqlara nəsə deməyə belə ehtiyat edirəm. Çünki sabah mənim başıma nə gələcəyini bilmirəm”.
Əmiraslanova bildirir ki, direktor onu otağına çağıraraq şikayətlərini dayandırmasını tələb edir:
“Məktəbdə özbaşınalıq hökm sürür. Hamı da Adilədən qorxur. Direktor məni otağına çağıraraq hədə-qorxu gəlir, şikayətlərimi dayandırmağımı tələb edir”.
Məktəbin direktoru Adilə Bağırova isə Meydan TV-yə İlhamə Əmiraslanovanın iddialarının əssasız olduğunu deyib:
“İlhamə müəllim 30 bal toplayıb. Ona 14 saat düşdüyü halda, mən 20 saat dərs vermişəm. 7 saat verdiyim müəlliməyə isə əslində 11 saat dərs düşür. Onun dərs saatından kəsib İlhaməyə vermişəm. Bax, səhvi burada etmişəm. Təzyiq və ittihamlarla bağlı iddialar da məni artıq yorub, bezdirib. Biz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil sektoruna tabeyik. Burada hər hansı özbaşınalıqdan söhbət gedə bilməz”, – direktor bildirib.