Azərbaycanda dava-dərman xərcləri kəskin artıb
Azərbaycanda əczaçılıq məhsulları və tibbi ləvazimatlar xərci kəskin artıb.
Bu barədə bu gün, oktyabrın 13-də Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda bəlli olub.
Komitə qeyd edib ki, 2025-ci ilin yanvar-sentyabrında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 milyard 422.8 milyon manatlıq, o cümlədən 25 milyard 359.1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21 milyard 63.7 milyon manatlıq isə qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-sentyabrı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.3 faiz, qeyri-ərzaq malları üzrə 6.8 faiz artıb.
Artım xüsusilə əczaçılıq məhsulları və tibbi ləvazimatlar xərcində özünü göstərib - 21.6 faiz. 2025-ci ilin doqquz ayında bu xərclər 1 milyard 139 milyon təşkil edib.
Son bir ildə rəsmi inflyasiya cəmi 5 faizdir.
Bu il Azərbaycanda Tarif Şurası bir neçə dəfə bəzi dərmanların qiymətini artırıb. Üstəlik, ekspertlərin fikrincə, Azərbaycanda bir çox dərmanlar qonşu ölkələrlə müqayisədə bir neçə dəfə baha satılır.