“Benzin, dizel və maye qazın qiyməti ən azı 10 qəpik artacaq”
2026-cı il üzrə dövlət büdcəsi layihəsinin gəlir hissəsinin formalaşdırılması ictimaiyyətin əsas müzakirə mövzusuna çevrilib. Maliyyə Nazirliyinin təqdim etdiyi proqnoz göstəricilərinin təhlili göstərir ki, neft-qaz gəlirlərinin kəskin azalması fonunda büdcənin fiskal dayanıqlığını qorumaq məqsədilə hökumət qeyri-neft sektorundan daxil olan vergilərin artırılmasına fokuslanıb.
Bununla bağlı müvafiq qanunvericilikdə bir sıra dəyişikliklər də edilib. Bu dəyişikliklər nəticəsində gələn il bir sıra əsas vergi növləri üzrə kəskin artımlar gözlənilir.
Hansı vergilər necə artacaq?
Aşağıda təqdim olunan qrafikdə 2025-ci ilə nisbətən 2026-cı ildə vergi daxilolmalarındakı dəyişikliklər göstərilib.
Meydan TV əvvəlki günlərdə fiziki şəxslərin gəlir vergisindəki artımlar barədə bir sıra məqalələr təqdim edib. Hökumət 2026-2028-ci illər üzrə əməkhaqlarından tutulacaq gəlir vergisinin dərəcələrini artıq müəyyənləşdirib.
Güzəştlər dövrü bitir, vergi yükü ağırlaşır
Digər vergilərə gəlincə, büdcənin vergi gəlirlərində ən böyük mənbələrdən biri olan Əlavə Dəyər Vergisi (ƏDV) üzrə daxilolmaların da 10,7% artması gözlənilir. Bu artım birbaşa real iqtisadiyyatın böyüməsi ilə bağlıdır. 2025-ci ildə bu istiqamətdə vergi daxilolmaları 8,3 milyard manat proqnozlaşdırılır. Gələn il isə ƏDV yığımları 890 milyon manat artaraq 9,2 milyard manat təşkil edəcək.
Bundan əlavə, sadələşdirilmiş vergi üzrə daxilolmaların 5,9% artması proqnozlaşdırılır. Bu artımlar daxili istehlakın, nağdsız ödənişlərin genişlənməsi və sahibkarlığın inkişafı ilə əlaqələndirilə bilər.
Büdcə gəlirlərinin artmasında rol oynayan digər vergi növlərindən biri yol vergisidir. 2026-cı il üzrə bu gəlir mənbəyi üzrə proqnozlaşdırılan artım 2025-ci ilə nisbətən 2,7 dəfə çox olacaq. Bu, yol vergisinin həcminin 142.8 milyon manatdan təxminən 394.4 milyon manata qədər artması deməkdir.
Bundan əlavə, idxal olunan yanacağa görə yol vergisi də 1,6 dəfə artırılacaq və 2026-cı ildə 60 milyon manat daxilolma gözlənilir. Bu artımın əsas səbəbi Vergilər Məcəlləsində edilən dəyişikliyə görə, Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzini, dizel yanacağı və maye qaza görə yol vergisinin hər litrinə 0,02 manatdan 0,07 manata qədər artırılmasıdır.
Eyni qayda idxal olunan yanacağa da şamil olunur. Avtomobil benzini, dizel yanacağı və maye qaza görə yol vergisi hər litrə 0,02 manatdan 0,07 manata yüksəlir. Ekspertlərə görə, bu artım benzin və dizelin qiymətinə təsir göstərəcək.
İdxala görə aksiz vergilərində 26,5% artım da nəqliyyat sektorunda yeni qaydaların tətbiqi ilə əlaqədardır. Belə ki, 2026-cı ildən Azərbaycana gətirilən istehsal tarixi 7 ildən çox olan minik avtomobillərinə aksiz vergisi artırılır. Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, 2026-cı il yanvarın 1-dən Azərbaycana gətirilən minik avtomobillərinin istehsal tarixi 7 ildən çox olduqda mühərrikin həcminə görə hesablanmış aksiz məbləği benzin avtomobilləri üçün 1,5, dizel avtomobilləri üçün isə 2 əmsalına vurulacaq. Hazırda bu əmsal müvafiq olaraq 1,2 və 1,5-dir.
Bu dəyişikliklə idxala görə aksizlərdən daxilolmaların 185 milyon manatdan 234 milyon manata qədər artması gözlənilir.
“Yol vergisi 5 qəpik artırıldısa, benzin, dizel və maye qazın qiyməti də ən azı 10 qəpik bahalaşacaq”
İqtisadçı ekspertlər bu göstəriciləri şərh edərkən bildirirlər ki, bir sıra vergilərin kəskin artımı son olaraq istehlakçının qiymət yükünü artıra və inflyasiya təzyiqi yarada bilər. Nəticədə, 2026-cı il büdcə layihəsi göstərir ki, hökumət neft gəlirlərinə alternativ olaraq qeyri-neft sektorunun vergi potensialına ciddi şəkildə güvənir. Bu siyasətin uğuru tətbiq edilən yeni vergi mexanizmlərinin effektivliyindən, azad sahibkarlıq mühitinin yaradılmasından və vergi yükünün əhali üzərindəki təsirinin idarə edilməsindən asılı olacaq.
İqtisadçı ekspert Toğrul Vəliyev özünün Teleqram kanalında yazır ki, dolayı vergilər ölkə büdcəsinin böyük payını təşkil edir. Bu vergilər arasında xüsusi olaraq ƏDV seçilir. Dövlət Neft Fondunun transfertini çıxsaq, ƏDV büdcə gəlirlərinin 35–36%-ni təşkil edəcək. Beləliklə, dövlət büdcəsinin gəlirlərini artırmaq üçün ilk növbədə ƏDV üzrə daxilolmaları artırmaq lazımdır.
İqtisadçı bildirir ki, bunu etmək üçün iki yol var:
1. ƏDV dərəcəsini artırmaq
2. Ölkə iqtisadiyyatında dövriyyəni artırmaq
İqtisadçının fikrincə, birinci variant bir qədər təhlükəlidir:

İkinci variant daha sərfəlidir. Amma burada bir məqam var. Ölkə iqtisadiyyatı inkişaf etdikcə tələbat da artacaq və müvafiq olaraq dövriyyə genişlənəcək. Ölkə iqtisadiyyatı isə inkişaf etmir. Bəs dövriyyəni artırmaq üçün nə edək?”.
T. Vəliyev qeyd edir ki, dövriyyəni artırmağın başqa yolları da var və onlar arasında ən əhəmiyyətlisi qiymət artımıdır:
“Qiymət artdıqca ƏDV üzrə yığımlar da nominal olaraq artacaq. Maaş artımı olmasa, bu avtomatik olaraq əlavə qazanc deməkdir. Düzdür, Azərbaycan bazarı idxaldan ciddi sürətdə asılıdır, buna görə qiymətlər daim artır və nəticə etibarilə ƏDV üzrə yığımlar da artır. Bunu bir qədər tezləşdirmək də olar. Azərbaycan miqyasında bu çox asandır.”
“Bildiyiniz kimi, Azərbaycan iqtisadi olaraq avtomobil yollarından asılıdır. Ölkədaxili bütün daşımalar avtomobil yollarının payına düşür. Beləliklə, yanacağın qiyməti hər bir məhsulun qiymətinə təsir edir. Yanacaq qiymətinin artırılması üçün isə cüzi də olsa səbəb lazımdır. Nə edək? Gəlin yol vergisini artıraq. Yol vergisi 5 qəpik artırıldısa, benzin, dizel və maye qazın qiyməti nə qədər artacaq? Təxmin edə bilərik ki, ən azı 10 qəpik artacaq. Yanacağın qiyməti 10 qəpik artdısa, avtomatik olaraq bütün məhsullar üzrə qiymətlərdə təxmini 5-10 qəpik artım olacaq. Bu da mövcud olan qiymət artımına əlavə “dəstəkdir”. Nəticədə ƏDV üzrə yığımlar da artacaq.”