Sosial şəbəkədə biz:

Boşanma prosesində mənəvi zərərin ödənilməsi hüququ nə üçün kağız üzərində qalır?

Boşanma prosesində mənəvi zərərin ödənilməsi hüququ nə üçün kağız üzərində qalır?
Xəbər Şəkli
05 November 2026, 08:15
Sosial

Ailə münasibətlərinin pozulması yalnız iki şəxsin nikah münasibətlərinə son qoyması demək deyil. Bir çox hallarda boşanma prosesi tərəflərdən birinin digərinə qarşı uzun müddət davam edən psixoloji təzyiq, təhqir, xəyanət, zorakılıq, alçaldıcı davranış, şəxsi həyatın toxunulmazlığının pozulması və digər hüquqazidd hərəkətləri ilə müşayiət olunur. Belə hallarda zərərçəkmiş tərəfin yalnız nikahın pozulmasını deyil, ona vurulmuş mənəvi zərərin kompensasiyasını da tələb etmək hüququ məsələsi meydana çıxır. Lakin mənəvi zərərin ödənilməsi hüququnun qanunvericilikdə mövcud olduğu halda, boşanma prosesində effektiv tətbiqinin olmaması suallar doğurur.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən “Ekspert-SM LTD” MMC-nin hüquqşünası Afaq Əliyevanın sözlərinə görə, Azərbaycanda bu məsələyə münasibətdə uzun müddət müşahidə olunan əsas problemlərdən biri mənəvi zərərin ödənilməsi institutunun ailə hüququ müstəvisində kifayət qədər sistemli tətbiq edilməməsidir. 

O bildirib ki, mənəvi zərərin ödənilməsi hüququ qanunvericilikdə mövcud olsa da, boşanma ilə nəticələnən hadisələrə görə bu hüququn tətbiqi qonşu Türkiyə dövləti ilə müqayisədə daha məhdud və mübahisəli olub: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsini, habelə mənəvi zərərin kompensasiyası ilə bağlı hüquqi müdafiə imkanlarını nəzərdə tutur. Bununla yanaşı, Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı məsuliyyət yarana bilər. Mənəvi zərərin müəyyən edilməsi zamanı zərərçəkmiş şəxsin fiziki və ya mənəvi sarsıntı və iztirab keçirməsi, hüquqazidd hərəkətin və ya hərəkətsizliyin mövcudluğu, həmin hərəkətlə zərər arasında səbəbli əlaqə, habelə qanunla nəzərdə tutulmuş hallarda təqsir məsələsi qiymətləndirilir. Mühüm məqam ondan ibarətdir ki, konkret hüquq münasibəti üzrə ayrıca norma olmaması avtomatik olaraq mənəvi zərərin kompensasiyası tələbini istisna etmir. Şəxsiyyət hüquqlarının pozulması ilə bağlı mübahisələrdə mülki hüquqi müdafiə mexanizmləri tətbiq oluna bilər. Boşanma zamanı mənəvi təzminatın uzun müddət məhdud tətbiq olunmasının əsas səbəblərindən biri Azərbaycan Ailə Məcəlləsində Türkiyə qanunvericiliyindəki kimi boşanma nəticəsində mənəvi təzminatın ödənilməsini ayrıca və birbaşa tənzimləyən normanın mövcud olmamasıdır. Azərbaycan qanunvericiliyində nikahın pozulması, ər-arvadın əmlak hüquqları, aliment və uşaqlarla bağlı məsələlər ətraflı tənzimlənsə də, boşanmaya səbəb olan davranışlar nəticəsində digər tərəfin şəxsiyyət hüquqlarına vurulan zərərin kompensasiyası ayrıca mexanizm şəklində formalaşmayıb. Bu vəziyyət xəyanət, psixoloji təzyiq, təhqir, alçaldılma və şəxsi həyatın toxunulmazlığının pozulması kimi halların hansı şərtlərlə kompensasiya tələbinə əsas verə biləcəyi barədə suallar yaradırdı. Sübutetmə meyarlarının və məbləğin müəyyənləşdirilməsi üzrə yanaşmaların vahid olmaması da hüquqi qeyri-müəyyənliyi artırır”.

Hüquqşünas qeyd edib ki, Türkiyə qanunvericiliyində boşanma zamanı mənəvi təzminat mexanizmi daha konkret hüquqi tənzimləməyə malikdir: “Türk Medeni Kanununun 174-cü maddəsinin ikinci bəndinə əsasən, boşanmaya səbəb olan hadisələr nəticəsində şəxsiyyət hüquqları pozulan tərəf təqsirli olan digər tərəfdən uyğun məbləğdə mənəvi təzminat tələb edə bilər. Bu hüququn tətbiqi üçün, ümumən, təzminat tələb edən tərəfin digər tərəfdən daha çox təqsirli olmaması, qarşı tərəfin təqsirli davranışının müəyyən edilməsi və boşanmaya səbəb olan hadisələrin iddiaçının şəxsiyyət hüquqlarına müdaxilə təşkil etməsi tələb olunur. Türkiyə modelinin əsas üstünlüyü mənəvi təzminatın boşanmanın ayrıca hüquqi nəticəsi kimi qanunda birbaşa nəzərdə tutulmasıdır. Xəyanət, fiziki və psixoloji zorakılıq, ağır təhqir və alçaldıcı davranış konkret işin xüsusiyyətlərindən asılı olaraq belə tələbə əsas ola bilər. Bununla belə, hər bir xəyanət və ya ailə münaqişəsi avtomatik olaraq təzminatla nəticələnmir; məhkəmə təqsiri, hadisələrin xarakterini və şəxsiyyət hüquqlarına müdaxiləni qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli, 20 nömrəli «Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında» qərarı şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası sahəsində mühüm əhəmiyyət daşıyır. Qərar şəxsi və ailə sirrinin toxunulmazlığı, şəxsi həyatın müdafiəsi, hüquq pozuntuları nəticəsində yaranan mənəvi zərərin kompensasiyası və vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından hüquqi istiqamət müəyyən edir. Ailə münasibətlərinin mövcudluğu şəxsin şəxsiyyət hüquqlarını itirməsi demək deyil. Ər-arvadın və digər ailə üzvlərinin şəxsi və ailə sirrinə qanunsuz müdaxiləsi, gizli audio və video yazıların yayılması, şəxsi məlumatların qanunsuz açıqlanması kimi hərəkətlər hüquqi qiymətləndirmə predmetinə çevrilə bilər. Qərarın 10.1-ci bəndinə əsasən, 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Plenum qərarı qüvvədən düşmüşdür. Buna görə əvvəlki qərara qüvvədə olan rəhbər sənəd kimi deyil, tarixi məhkəmə təcrübəsinin bir hissəsi kimi istinad edilməlidir. Yeni qərarın mühüm hüquqi nəticələrindən biri şəxsiyyət hüquqlarına birbaşa hüquqazidd müdaxilə sübut olunduqda, əksi sübut edilənədək mənəvi zərərin mövcudluğu prezumpsiyasının tətbiq edilməsidir. Bu yanaşma zərərçəkmiş şəxsin sübutetmə yükünə təsir göstərə bilər. Eyni zamanda, mənəvi təzminat tələbi şəxsiyyət hüquqlarının müdafiəsi tələbi ilə birlikdə və ya ayrıca irəli sürülə bilər. Bununla belə, xəyanət faktı öz-özlüyündə avtomatik təzminat hüququ yaratmır. Hər bir işdə konkret hallar, pozuntunun xarakteri, təqsir, səbəbli əlaqə və mənəvi zərərin hüquqi əsasları araşdırılmalıdır. Qanunvericilik və məhkəmə izahlarının mövcudluğu öz-özlüyündə hüququn effektiv tətbiqinə zəmanət vermir. Bu sahədə bir sıra praktik çətinliklər mövcuddur. Birinci problem - sübutetmə çətinliyidir. Mənəvi zərər maddi zərərdən fərqli olaraq hər zaman konkret rəqəmlərlə və sənədlərlə ifadə olunmur. Yazışmalar, audio və video materiallar, şahid ifadələri, tibbi sənədlər, psixoloq rəyləri və digər qanuni sübut vasitələri işin hallarından asılı olaraq əhəmiyyət daşıya bilər. Bununla belə, hər bir işdə psixoloji və ya tibbi arayışın mütləq tələb olunması düzgün yanaşma deyil. İkinci problem - mənəvi zərərin məbləğinin müəyyənləşdirilməsidir. Məhkəmə kompensasiyanın məbləğini müəyyən edərkən pozuntunun ağırlığını, davametmə müddətini, nəticələrini, tərəflərin vəziyyətini, ədalətlilik və mütənasiblik prinsiplərini nəzərə almalıdır. Üçüncü problem - ailə mübahisələrinin yalnız nikahın pozulması çərçivəsində qiymətləndirilməsidir. Boşanma işlərində diqqət əsasən nikahın pozulması, uşağın yaşayış yeri, aliment və əmlak bölgüsü məsələlərinə yönəlir. Halbuki ailə münasibətləri çərçivəsində baş vermiş şəxsiyyət hüquqlarının pozulması ayrıca hüquqi araşdırma tələb edə bilər. Dördüncü problem - hüquqi maarifləndirmə və vahid məhkəmə təcrübəsinin formalaşdırılması ehtiyacıdır. Vətəndaşlar mənəvi təzminatın yalnız fiziki zorakılıq və ya sağlamlığa zərər vurulması hallarında tələb edilə biləcəyini düşünə bilərlər. Halbuki şəxsiyyət hüquqlarına digər qanunsuz müdaxilələr də konkret şərtlər daxilində kompensasiya tələbinə əsas verə bilər”.

A.Əliyeva bildirib ki, hər bir ailə mübahisəsində mənəvi təzminat avtomatik yaranmır: “Lakin konkret faktlardan və sübutlardan asılı olaraq müəyyən hallar mənəvi zərərin ödənilməsi tələbi üçün hüquqi əsas yarada bilər: Həyat yoldaşına qarşı sistemli təhqir, alçaldıcı davranış və şəxsiyyət hüquqlarına müdaxilə, fiziki və psixoloji zorakılıq,  xəyanət və bunun konkret şəraitdə digər tərəfin şəxsiyyət hüquqlarına vurduğu zərər, şəxsi və ailə sirrinin qanunsuz yayılması, gizli audio və video çəkilişlərin qanunsuz yayılması, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, şəxsin şəxsi həyatına, toxunulmazlığına və mənəvi bütövlüyünə qanunsuz müdaxilə. Bu halların hər biri üzrə məhkəmə hadisənin baş verməsini, onun hüquqi xarakterini, təqsiri, səbəbli əlaqəni və mənəvi zərərin mövcudluğunu işin bütün halları əsasında qiymətləndirməlidir. Azərbaycanda Türkiyə modelinin tətbiqi mümkündürmü? Azərbaycan qanunvericiliyində bu istiqamətdə daha konkret və sistemli hüquqi tənzimləmənin formalaşdırılması məqsədəuyğun ola bilər. Xüsusilə Ailə Məcəlləsində boşanma ilə nəticələnən hadisələr zamanı ər-arvadın şəxsiyyət hüquqlarının pozulmasına görə mənəvi zərərin kompensasiyasını birbaşa tənzimləyən normanın nəzərdə tutulması hüquqi müəyyənliyi artıra bilər. Belə normada mənəvi təzminat tələb etmək hüququna malik şəxslərin dairəsi, təzminat üçün zəruri hüquqi şərtlər, tərəflərin təqsir dərəcəsinin nəzərə alınması, mənəvi zərərin qiymətləndirilməsi meyarları, tələbin boşanma iddiası ilə birlikdə və ya ayrıca irəli sürülməsi qaydası aydın göstərilə bilər. Bu, hər boşanma zamanı tərəflərdən birinin digərindən pul tələb etməsi anlamına gəlməməlidir. Məqsəd yalnız sübut olunmuş hüquq pozuntusuna görə zərərçəkmiş şəxsin effektiv hüquqi müdafiəsini təmin etmək olmalıdır. Ailə münasibətləri şəxsin şərəf və ləyaqətini, şəxsi həyatını və toxunulmazlığını itirdiyi hüquqi mühit deyil. Nikahın mövcudluğu tərəflərdən heç birinə digərinin şəxsiyyət hüquqlarını pozmaq səlahiyyəti vermir. Azərbaycan qanunvericiliyində mənəvi zərərin kompensasiyası üçün ümumi hüquqi mexanizmlər mövcuddur. Ali Məhkəmənin 24 dekabr 2025-ci il tarixli Plenum qərarı isə ailə münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının müdafiəsi baxımından mühüm hüquqi istiqamət müəyyən edib. Əsas məsələ artıq yalnız hüququn qanunda mövcudluğu deyil, həmin hüququn məhkəmə praktikasında nə dərəcədə effektiv, ardıcıl və ədalətli tətbiq edilməsidir. Boşanma prosesi yalnız nikahın hüquqi cəhətdən sona çatdırılması ilə məhdudlaşmamalı, həmin münasibətlər zamanı baş vermiş hüquq pozuntularına da lazımi hüquqi qiymət verilməlidir. Hüquqi dövlətin əsas prinsiplərindən biri budur: şəxsin hüquqları yalnız qanunda tanınmamalı, pozulduğu halda real və effektiv müdafiə mexanizmi ilə təmin edilməlidir. Boşanma zamanı mənəvi təzminat institutu da məhz bu prinsip əsasında inkişaf etdirilməlidir”.