Sosial şəbəkədə biz:

Emin Hüseynov: “Ərazilərin 42,8 faizi minalardan təmizlənib”

Emin Hüseynov: “Ərazilərin 42,8 faizi minalardan təmizlənib”
Xəbər Şəkli
27 October 2026, 16:53
Sosial

“İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası və şəhərsalma işlərinin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır”.

Bunu Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesinin səmərəli təşkili üçün müxtəlif sahələr üzrə qərarların əlaqələndirilməsi və geribildirim mexanizminin tətbiqi vacibdir.

Onun sözlərinə görə, Prezidentin xüsusi nümayəndələri ərazilərdə görülən işlərin icrasına və koordinasiyasına cavabdehdirlər. Onlar eyni zamanda, həyata keçirilən tədbirlərin mümkünlüyü barədə rəhbərliyə məlumat verirlər.

Emin Hüseynov qeyd edib ki, yanaşmanın əsas istiqamətlərindən biri təhlükəsizlik, xüsusilə minatəmizləmə işləridir:

“Dəqiq mina xəritələrinin olmaması bu prosesi çətinləşdirir və minatəmizləyicilər üçün ciddi risklər yaradır”.

O vurğulayıb ki, son beş il yarım ərzində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə işləri aparılıb. Ümumilikdə ərazilərin 42,8 faizi minalardan təmizlənib. Xüsusi nümayəndə bildirib ki, Füzulidə ərazinin 18,42 faizi hələ də minalardan təmizlənməyib. Rayonda indiyədək təxminən 52 min mina aşkarlanıb. O, Füzulinin Qarabağın hava qapısı olmaqla yanaşı, regionun mühüm infrastruktur və nəqliyyat qovşağı olduğunu da qeyd edib.

Xocavənddə isə minatəmizləmə işlərinin davam etdirilməsinə ehtiyac var. Çıxışda bu rayonun ərazisinin təxminən 20 faizinin təmizləndiyi bildirilib. Emin Hüseynov əlavə edib ki, növbəti mərhələdə baş planların hazırlanması və şəhərsalma işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdəki böyük şəhərlərin əksəriyyəti üçün artıq baş planlar hazırlanıb.

Musavat.com