Kəndi yox, məhsullarını istəyirik: Niyə hamı şəhərli olur?
Bakıda əhali sıxlığının azaldılması üçün insanların kəndlərə köçməsi ideyası zaman-zaman gündəmə gəlir.
Lakin bu məsələ göründüyü qədər sadə deyil. Bunun bir çox səbəbləri var. Belə ki, kəndlərdə torpaq qiymətləri bahadır. Bu gün keçirilən Milli Məclis iclasında bildirilib ki, Lerik rayonu kimi ucqar və dağlıq rayonlarda torpağın bir sotunun qiymətinin 3-5 min manat arasında və daha yuxarı səviyyədə müəyyən edilməsi faktiki olaraq bu torpaqların istifadəsiz qalmasına gətirib çıxarır.
Bundan əlavə, kənd təsərrüfatı texnikası və lizinq xərcləri yüksəkdir. Tövlə və digər təsərrüfat tikililəri üçün rəsmi icazələr tələb olunur, bir çox yeni tikilən evlərin “kupça”sı olmadığı üçün qaz, su və digər kommunal xidmətlərdən istifadə etmək mümkün deyil. İnsanlar kənddə yaşamaq istəsələr də, onları bu kimi səbəblərdən bir çox maneələrlə qarşılaşdırır.
Niyə kəndlərdə vəziyyət günbəgün çətinləşir?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, kəndlərdə torpağın bahalaşmasının əsas səbəblərindən biri təklifin məhdud, tələbin isə artan olmasıdır:
“Xüsusilə dağlıq və gözəl təbiətə malik rayonlarda torpaq artıq yalnız kənd təsərrüfatı üçün deyil, həm də istirahət evi, turizm və investisiya məqsədilə alınır. Bu isə qiymətləri real kənd təsərrüfatı gəlirləri ilə uyğun olmayan səviyyəyə qaldırır.
Torpaq bazarında spekulyativ alqı-satqı da qiymət artımını sürətləndirir. Kənd təsərrüfatı texnikasının bahalaşması isə əsasən idxaldan asılılıqla bağlıdır. Traktor, kombayn və ehtiyat hissələrinin əksəriyyəti xaricdən gətirilir.
Valyuta məzənnəsi, logistika xərcləri və gömrük rüsumları qiymətə birbaşa təsir edir. Lizinq mexanizmi mövcud olsa da, ilkin ödəniş və kredit şərtləri kiçik fermer üçün ağır ola bilir. Yanacaq və gübrə qiymətlərinin artması da ümumi maya dəyərini yüksəldir”.
Onun sözlərinə görə, icazə və sənədləşmə məsələləri də kəndlərdə vəziyyəti çətinləşdirən faktordur:
“Tövlə və ya digər təsərrüfat tikililəri üçün icazə tələbi, torpağın təyinatının dəyişdirilməsi prosedurları və kupçasız evlər problemi insanların həm investisiya etməsini, həm də kommunal xidmətlərə çıxışını məhdudlaşdırır. Hüquqi qeyri-müəyyənlik kəndə köçmək istəyənlər üçün əlavə risk yaradır”.
A.Nəsirli bildirib ki, kəndlərdə sosial infrastrukturun zəifliyi də mühüm amildir:
“İş imkanlarının azlığı, səhiyyə və təhsil xidmətlərinin məhdudluğu, bazarlara çıxışın çətinliyi gənclərin kənddə qalmasını çətinləşdirir. Əgər kənd təsərrüfatından əldə olunan gəlir yüksək risk və yüksək xərclərlə müşayiət olunursa, insanlar alternativ olaraq şəhərə üz tuturlar.
Nəticədə torpaq bahalaşır, amma kənd təsərrüfatı gəlirləri eyni tempdə artmır. Bu uyğunsuzluq kəndlərdə iqtisadi fəallığı zəiflədir və torpaqların bir hissəsi istifadəsiz qalır.
Problemin həlli üçün torpaq bazarının şəffaflaşdırılması, sənədləşmənin sadələşdirilməsi, texnikaya çıxışın ucuzlaşdırılması və kənd infrastrukturunun gücləndirilməsi kimi kompleks addımlar tələb olunur”.