Sosial şəbəkədə biz:
Minimum əməkhaqqı nə qədər olmalıdır?
Xəbər Şəkli

Minimum əməkhaqqı nə qədər olmalıdır?

15 December 2025, 08:40
Sosial

Gələn il ölkə iqtisadiyyatında gəlirlərdə əhəmiyyətli artım baş verməsə, minimum əməkhaqlarında da artım olmayacaq. Azərbaycan iqtisadiyyatının neft-qaz gəlirlərindən asılı olduğunu nəzərə alsaq, proqnozlar gələn il əsasən “qara qızıl”ın qiymətindən asılı olacaq. Bu istiqamətdə gözləntilər o qədər də yüksək deyil.

Ümumiyyətlə, minimum əməkhaqqının artırılması təkcə ayrı-ayrı işçilərin rifahına deyil, həm də əmək bazarının strukturuna və orta aylıq əməkhaqqının dinamikasına ciddi təsir göstərən bir faktordur.

Büdcə müzakirələri zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, ötən müddət ərzində minimum əməkhaqqı 3,1 dəfə artırılıb:

“Artıq minimum əməkhaqqını 400 manata çatdıra bilmişik. Biz bu islahata başlayanda minimum əməkhaqqının məbləği 130 manat idi”.

Qeyd edək ki, Azərbaycanda minimum əməkhaqqı 2018-ci ildə 130 manat səviyyəsində müəyyən olunmuşdu. 2019-cu ildə bu məbləğ 180 manata, daha sonra sentyabr ayında 250 manata qaldırıldı. 2022-ci ildə minimum əməkhaqqı 300 manat, 2023-cü ildə 345 manat, 2025-ci il yanvarın 1-dən isə 400 manat müəyyən edilib. Bu dövr ərzində rəsmi statistikaya əsasən, inflyasiya isə 50 faiz ətrafında olub.

2026-cı il dövlət büdcəsindən görünür ki, ilk dəfə minimum əməkhaqqı artırılmayacaq. Halbuki 2012-ci ildə qəbul edilən “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında göstərilir ki, 2020-ci ilədək işləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədilə minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizi səviyyəsinə çatdırılmalıdır. Bu strategiyaya uyğun bir neçə sosial-iqtisadi inkişaf proqramları qəbul olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında orta aylıq əməkhaqqı 1086 manat təşkil edib. Əgər strategiya və dövlət proqramlarının icrası özünü doğrultsaydı, hazırda minimum əməkhaqqı təxminən 600 manatdan yuxarı olmalı idi. Bəs iqtisadçılar nə düşünür?

“Minimum əməkhaqqı 660 manatdan az ola bilməz”

İqtisadçı-ekspert Asif İbrahimov “Facebook” səhifəsində yazır ki, “Azərbaycanda minimum əməkhaqqı orta əməkhaqqının cəmi 37-38 faizi səviyyəsindədir. 2018-ci ildən bu günə qədər baş verən inflyasiyanı nəzərə almasaq belə, ölkəmizin 2 sentyabr 2004-cü ildə ratifikasiya etdiyi Avropa Sosial Xartiyası tələb edir ki, minimum əməkhaqqı orta əməkhaqqının ən azı 60 faizi olmalıdır. Minimum əməkhaqqı orta əməkhaqqının 50–60 faizi arasındadırsa, hökumət onun “layiqli həyat üçün yetərli” olduğunu sübut etməlidir. Bu normalara görə minimum əməkhaqqının 50 faizdən aşağı olması açıq-aydın ədalətsizlik sayılır. Bu isə o deməkdir ki, Azərbaycanda minimum əməkhaqqı 660 manatdan az ola bilməz”.

Minimum əməkhaqqının dəyəri reallıqdan çox uzaqdadır”

Digər iqtisadçı-ekspert Toğrul Vəliyev Meydan TV-yə şərhində nazirin müqayisəsini absurd hesab edir. Onun sözlərinə görə, 2019-cu ildə minimum əməkhaqqı 180 manata qədər artırılanda, ilin ortasında rəqəmin reallığı əks etdirmədiyini görüb 250 manata qədər artırıldı:

“Ona görə müqayisə üçün real rəqəmlərə baxmalıyıq. Rəsmi rəqəmlərə istinad etsək, ötən müddət ərzində rəsmi inflyasiya 49–50 faiz təşkil edib. Biz bu inflyasiyanı 250 manata əlavə etsək, təxmini 400 manat alınır. Yəni faktiki olaraq minimum əməkhaqqı inflyasiya səviyyəsinə uyğun artırılır”. 

T. Vəliyev onu da əlavə edir ki, minimum əməkhaqqının əsas hissəsi ərzaq məhsullarına sərf edildiyindən, inflyasiya səviyyəsi tam təmin olunmur: 

“Minimum əməkhaqqı alan şəxslərin xərclərinin əsas hissəsi qida məhsullarına gedir. Qida məhsulları üzrə inflyasiya bu dövrdə 49-50 faiz deyil, daha çox artıb və son illər ən ciddi artım göstərən məhsul növüdür. Eyni zamanda, əsas istehlak olunan məhsulların qiyməti yüksək templərlə artmaqda davam edir. Reallıqda, hətta rəsmi rəqəmlər əsasında minimum əməkhaqqının 400 manata qaldırılması inflyasiyanı tam təmin etmir”.

Ekspert qeyd edir ki, Azərbaycanın inkişaf konsepsiyasına görə 2020-ci ildən minimum əməkhaqqı orta aylıq əməkhaqqının ən azı 60 faizi səviyyəsində olmalıdır: 

“Bunu Avropa Xartiyasına istinadən qeyd etsələr də, hər bir halda dövlət strategiyasına salınıb. Bundan əlavə, bir çox tələblərə görə hətta, məsələn, median əməkhaqqı da orta aylıq əməkhaqqının 80 faizi civarında olmalıdır. Amma reallıqda biz görürük ki, minimum əməkhaqqı orta aylıq əməkhaqqının heç 40 faizini təşkil etmir. Bu da ciddi bir problemdir. Halbuki reallıqda 60-70 faiz civarında olmalıdır. Hətta qəbul edilən dövlət sənədlərinə görə minimum əməkhaqqının dəyəri reallıqdan çox uzaqdadır”.

"Median əməkhaqqı" iqtisadiyyatda maaş cədvəlinə qol çəkən bütün işçilərin sayını ikiyə böldükdə həmin bölünmə nöqtəsinə düşən məbləğ deməkdir.

“Kaitz indeksi adlı sosial göstərici mövcuddur. Bu indeks minimal əməkhaqqı və median əməkhaqqı arasında münasibəti əks etdirir. Məsələn, median əməkhaqqı 600 manat, minimum əməkhaqqı 400 manat olsa, indeks 67 faiz olacaq. İnkişaf etmiş ölkələrdə bu nisbət 50-70 faiz arasındadır. Beynəlxalq Əmək Təşkilatı minimum əməkhaqqının orta aylıq nominal əməkhaqqının 60 faizini təşkil etməsini tövsiyə edir. Hazırda Azərbaycanda medianla nisbətdə vəziyyət yaxşıdır, orta əməkhaqqla isə problem var – cəmi 36,4 faiz”, – deyə Vəliyev vurğualayır.