Azərbaycan innovativ inkişaf göstəricilərində Cənubi Qafqazda sonuncu oldu
Ötən il Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda məhsul buraxılışı və göstərilən xidmətlərin həcmi 3,4 milyard manat təşkil edib. 2023-cü illə müqayisədə bu sektorda məhsul buraxılışı 12 faiz artıb.
Məhsul buraxılışının strukturunda 1,2 milyard manatla ən böyük pay mobil rabitə şirkətlərinin göstərdikləri xidmətlər təşkil edir. Proqram təminatı və məsləhət xidmətlərindən əldə edilən gəlirlərə gəlincə, bu istiqamətdə də 20 faizlik artım qeydə alınıb. Ötən il bu sahədə 464 milyon manatlıq məhsul istehsalı həyata keçirilib.
Ümumiyyətlə, son illər Azərbaycanda innovasiya və İKT sahəsində bir sıra təşəbbüslər icra olunur, dövlət tərəfindən müxtəlif strategiyalar hazırlanır, startap ekosisteminin inkişafına dəstək mexanizmləri formalaşdırılır. Eyni zamanda beynəlxalq əməkdaşlıqlar gücləndirilir, sərgilər və forumlar təşkil olunur, yeni fondlar və agentliklər yaradılır.
Bununla belə, dövlətin hərtərəfli dəstəyinə baxmayaraq, sözügedən sektorun inkişafı istiqamətində Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ən geridə qalan ölkədir. BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) 2025-ci il üçün açıqladığı “Global Innovation Index” (GII) hesabatında 139 ölkənin iqtisadiyyatı üzrə aparılan qiymətləndirmələrdə Azərbaycan 94-cü yerdə qərarlaşıb. Azərbaycanın mövqeyi 2024-cü ilin nəticələri ilə müqayisədə 1 pillə irəliləsə də, hələ də 2021-ci ilin göstəricilərinə çatmayıb. 2021-ci ildə Azərbaycan həmin rankinqdə 80-ci yerdə idi. Bu baxımdan ölkəmiz qonşu Gürcüstan və Ermənistandan geri qalır.
Belə ki, Gürcüstanın 2025-ci ildəki mövqeyi 56-cı yerdir və bu, 2024-cü illə müqayisədə 1 pillə yüksəlişdir. Ümumilikdə isə Gürcüstan son illərdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Məsələn, 2022-ci ildə 84-cü yerdə olan bu ölkə, ötən dövr ərzində göstəricilərini inkişaf etdirərək 18 pillə irəliləyib.
Ermənistan da iqtisadiyyatını daha sürətlə innovativ texnologiyalara uyğunlaşdırdığı üçün beynəlxalq indekslərdə mövqeyini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıb. “Global Innovation Index”də Ermənistan 2024-cü illə müqayisədə 4 pillə irəliləyərək 59-cu yerdə qərarlaşıb.
Azərbaycanın zəif tərəfi: innovativ biliklər kapitala çevrilə bilmir
Dünya sürətlə texnoloji transformasiyadan keçir: süni intellekt, biotexnologiya, rəqəmsal infrastruktur və yaşıl enerji kimi sahələr iqtisadiyyatların strukturunu dəyişdirir. Bu keçidin fonunda WIPO-nun 2025-ci il üçün hazırladığı “Global Innovation Index (GII)” 2025 hesabatı “Innovation at a Crossroads” (“İnnovasiya yol ayrıcında”) şüarı ilə təqdim olunub.
Hesabat dünya üzrə 139 iqtisadiyyatı 80 göstərici əsasında qiymətləndirir.
GII-nin 2025-ci il rankinqlərinin ilk beşliyində İsveçrə, İsveç, ABŞ, Cənubi Koreya və Sinqapur qərarlaşır. Hesabatda vurğulanır ki, qlobal liderlər sıralarında zamanla dəyişikliklər baş verir və xüsusilə Çin sürətlə ilk onluğa daxil ola bilib.
Qeyd edək ki, İndeks iki əsas alət əsasında hesablanır: Innovation Inputsvə Innovation Outputs.
Innovation Inputs – institusional əsaslar (institutions), insan kapitalı və tədqiqatlar (human capital and research), infrastruktur (infrastructure), bazar şəraiti (market sophistication) və biznes mühiti (business sophistication) olmaqla 5 alt-indeksdən ibarətdir.
Innovation Outputs – bilik və texnologiya nəticələri (knowledge and technology outputs) və kreativ məhsullar (creative outputs) olmaqla 2 alt-indeks üzrə qiymətləndirilir.
Bu alt-indekslər təqribən 80 göstərici ilə ölçülür. “Innovation Inputs” ölkələrin imkanlarını və potensialını, “Innovation Outputs” isə həmin imkanların real iqtisadi və ictimai faydaya çevrilməsini göstərir. “Inputs-Outputs” arasındakı uyğunsuzluq vacib siqnal hesab olunur. Yəni yüksək “input” göstəricilərinə malik, lakin zəif “output” nəticələri göstərən ölkələrdə kommersiyalaşdırma, struktur və biznes mexanizmlərində problemlərin mövcud olduğunu göstərir.
Hesabatın təhlili göstərir ki, Azərbaycan məhz bu uyğunsuzluq kateqoriyasına aiddir. Belə ki, ölkədə institusional göstəricilər və siyasət səviyyəsində müəyyən güclü tərəflər mövcuddur. Lakin əldə olunan biliklərin və texnoloji nəticələrin biznesə çevrilməsi, kommersiyalaşdırılması və ixracı sahəsində ciddi problemlər qalmaqdadır. Bu, iqtisadiyyatın təbii resurslardan (neft və qaz) asılılığının texnoloji diversifikasiyaya maneə yaratdığını göstərir.
Xüsusilə, məhsul buraxılışının, yəni tədqiqatların və ideyaların real, bazar yönümlü məhsul və xidmətlərə çevrilməsi istiqamətində çatışmazlıqlar mövcuddur. Hesabatda tədqiqatlar üçün ayrılan büdcənin azlığı, investor infrastrukturu və vençur kapital bazarının zəifliyi, həmçinin ixtisaslı kadr çatışmazlığı innovativ inkişafın sürətini məhdudlaşdıran əsas amillər kimi qeyd olunur.
Qafqaz ölkələrinin nəticələrinin müqayisəsi:
İndeksə əsasən, Azərbaycanın innovativ resursların əldə edilməsi və institutlaşması orta səviyyədədir. Burada əsas rol dövlətin birbaşa dəstəyi və təşəbbüsləridir. Bu amil “Institutions” alt-indeksində mövqeyimizi gücləndirərək 41-ci yerdə qərarlaşmağa imkan verir. Lakin bilik və texnologiya çıxışları – yəni patentlər, yüksək texnologiyaların ixracı və digər nəticələr üzrə göstəricilər çox zəifdir. Bu baxımdan ən zəif nəticələr “Business sophistication” və “Knowledge & Technology Outputs” alt-indekslərində (110–111-ci yerlər) qeydə alınıb.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz də sosial media hesabında bildirib ki, ölkə bu il 1 pillə irəliləsə də, tutduğu mövqe təəssüf doğurur:
“Bu hesabat 80 indeks üzrə hazırlanıb. İnnovasiya ilə əlaqəli müxtəlif səhələrdəki vəziyyəti əks etdirir.
Bu hesabatda qeyd olunanlara cavabdeh qurumlar yalnız RİNN və İRİA deyil, həm də İN, Mədəniyyət Nazirliyi, ETN, KOBİA, DGK, Əqli Mülkiyyət Agentliyi, AZCON, müxtəlif dövlət şirkətləri və s. qurumlarıdır”.
Onun sözlərinə görə, məsələn, “Market Sophistication” blokunda yer alan “Applied tariff rate” (idxal mallarına tətbiq olunan gömrük rüsumlarının orta dərəcəsi) göstəricisinə görə, Azərbaycan 139 ölkə arasında 103-cü yerdədir və ötən illə müqayisədə 6 pillə geriləyib. Hazırda bu göstərici 5,8 % təşkil edir ki, bu da bazarın yeni texnologiyalar üçün münbit olmadığını göstərir.
O.Gündüz paradoksal nümunə də çəkir:
“Məsələn, Azərbaycan gömrüyü köhnəlmiş HDD diskləri üçün 5%, daha müasir olan SSD diskləri üçün 15% gömrük rüsumu alır.
Yəni dövlət siyasəti köhnə texnologiyanı ucuzlaşdırır, yeni texnologiyanı isə bahalaşdırır. Bu isə dolayısıyla innovasiya mühitinin inkişafını ləngidir.
Dünyada isə tam əksinədir: inkişaf etmiş ölkələrdə müasir texnologiyaların idxalına hədsiz aşağı rüsumlar tətbiq olunur ki, şirkətlər və istehlakçılar rahat əldə etsin, innovasiya sürətlə yayılsın.
Bizdə isə nəticə göz qabağındadır: istehlakçı baha ödəyir, startaplar, biznes müasir avadanlıq gətirməkdə çətinlik çəkirlər, ölkənin innovasiya ekosistemi isə geriyə düşür”.
Ekspertin fikrincə, çıxış yolu aydındır: gömrük siyasəti innovasiyanı dəstəkləməli, müasir texnologiyalara “yaşıl dəhliz” açmalı, köhnəni isə tədricən bazardan çıxarmalıdır. Əks halda, həm rəqəmlərdə, həm də real həyatda Azərbaycanın mövqeyi innovasiyanın son sıralarında qalacaq.
İKT xidmətlərinin ixracında ölkə geriləyir
Dünya Bankının məlumat bazasına əsasən, ötən il Azərbaycanın İKT xidmətləri ixracından əldə etdiyi gəlir cəmi 111,2 milyon dollar təşkil edib. Bu göstəriciyə görə Azərbaycan regionda ən geridə qalan dövlətdir. Hətta 2023-cü illə müqayisədə ölkənin mövqeyi daha da pisləşib.
Ermənistan isə təkcə İKT xidmətlərinin ixracından 1 milyard 180 milyon dollar gəlir əldə edib ki, bu da 2023-cü illə müqayisədə 9 faiz artım deməkdir. Müqayisə üçün, bu məbləğ Azərbaycanın ümumi qeyri-neft ixracının təxminən 35 faizinə bərabərdir.
Gürcüstanın İKT xidmətləri üzrə ixrac gəlirləri isə ötən il 842,2 milyon dollar təşkil edib.
“Son iki ilin nəticələri göstərir ki, Azərbaycan innovasiya ekosisteminin ən kritik iki sahəsində – “Knowledge diffusion” və “Knowledge absorption” üzrə dünyanın ən son sıralarındadır.
“Knowledge diffusion” – biliklərin yayılması ölkələrin istehsal etdiyi bilik və texnologiyaları dünyaya necə ixrac etməsini ölçür: intellektual mülkiyyətdən gələn gəlirlər, yüksək texnologiyalı məhsulların ixracı, İKT xidmətlərinin ixracı və ixrac strukturunun mürəkkəbliyini özündə əks etdirir.
Azərbaycan üzrə nəticələr :
• 2024-də 119-cu yerdə idik, 2025-də 129-cu yerə endik,
• Yüksək texnologiya ixracından gəlirimiz artıq 0-dır,
• Yüksək texnologiyalı ixrac üzrə 116-cı yerdəyik,
• İKT xidmətlərinin ixracı üzrə 108-ci yerdəyik.
Yəni anlaşılan odur ki, İT ixrac, yüksək texnologiyalı ixracımız çox zəifdir, ixracımızın əsas hissəsi hələ də xammal və ənənəvi məhsullardır”.
Ekspert qeyd edir ki, “Knowledge absorption” (biliklərin mənimsənilməsi) üzrə göstərici isə ölkələrin xaricdən gətirilən bilik və texnologiyaları necə mənimsədiyini ölçür. Yəni yüksək texnologiyalı idxal, İKT xidmətlərinin idxalı, xarici sərmayə (FDI), bizneslərdə tədqiqatçıların payı və s.
Bu indeks həm də hesabatdakı “Biznesin inkişafı” əsas blokunun tərkib hissəsidir.
“Məhz bu əsas blok üzrə biz cari ildə nə az, nə çox – 44 pillə geriləmişik. Onun alt çoxluğu olan “Biliklərin mənimsənilməsi” üzrə vəziyyət belədir :
• 2024-də 130-cu yerdə idik, 2025-də 134-cü yerə enmişik
• Xarici sərmayə axını mənfidədir: (-2.8 %). Yəni innovasiya sahəsində ölkəyə kapital gəlmir, əksinə çıxır.
Bu Hesabatı hazırlayanların istifadə etdikləri təxminən 80 indeksin Azərbaycan üzrə ən zəif bəndi məhz bu indeksdir – “Biliklərin mənimsənilməsi”. Hesabatı hazırlayanların bu sahədəki hesablamalarına görə biz dünya üzrə axırdan 5-ci yerdəyik”, – deyə ekspert bildirir.
Onun sözlərinə görə, Azərbaycan hələlik dünyaya öz bilik və texnologiyasını ixrac edə bilmir:
“Qazaxıstan, Gürcüstan, Ermənistan və Özbəkistanda məhz bu istiqamətlər üzrə göstəricilər daha üstündür. Düşünürəm ki, qərar qəbul edənlərimiz, sektora cavadeh qurumlar bunların fərqində olmalıdırlar.
İnnovasiya və İT sektorunda ixracı stimullaşdırmaq, xarici investisiyaların cəlbi üçün, startap və innovasiya ekosistemin inkişafı üçün ciddi addımlar atılmalıdır”. Meydan.Tv