Sosial şəbəkədə biz:
Azərbaycanda 2400-dən çox neft quyusunun istismarı dayanıb
Xəbər Şəkli

Azərbaycanda 2400-dən çox neft quyusunun istismarı dayanıb

29 September 2025, 17:22
Araşdırma

Azərbaycan hökuməti neft hasilatının sabit saxlanılması üçün enerji sektorunda müəyyən islahatlar həyata keçirir. Lakin son illərdə müşahidə olunan tendensiyalar göstərir ki, islahatlara baxmayaraq, neft quyularının sayı azalır. Bunun səbəbləri sırasında köhnə quyular üzrə məhsuldarlığın aşağı düşməsi, 2020-ci ildə Azərbaycanın neft hasilatının azaldılmasına dair OPEC+ ölkələrinin razılaşmasına qoşulması, qeyri-peşəkar idarəçilik və digər amillər göstərilir.

Rəsmi məlumatlara görə, 2024-cü ildə ictimaiyyətə açıqlanan statistikada neft quyularının sayı əvvəlki illərlə müqayisədə 120 vahid azalıb. Ötən il 11 şirkət üzrə istismarda olan quyuların sayı 5260 olub.

Meydan TV Dövlət Statistika Komitəsinin “Hasilat Sənayesində Şəffaflıq üzrə Hesabat”ına istinadən xəbər verir ki, neft-qaz hasilatı ilə məşğul olan 45 şirkətdən yalnız 11-i quyuların sayını açıqlayıb. Digər şirkətlər üzrə dəqiq statistika əldə etmək mümkün olmayıb.

 Altı ildə 2400 neft quyusunun istismarı dayanıb

11 şirkət üzrə açıqlanan rəqəmlərdən aydın olur ki, 2019–2024-cü illərdə Azərbaycanda neft quyularının sayında müxtəlif tendensiyalar müşahidə edilib. 2019-cu ildə quyuların sayı 7677 olduğu halda, 2020-ci ildə 5678-ə, 2021-ci ildə isə 4029-a qədər azalıb.

Bu dövrdə ən böyük azalma SOCAR-ın tərkibində fəaliyyət göstərən neft-qazçıxarma idarələrində qeydə alınıb. Belə ki, 2019-cu ildə 6153 quyu istismarda olduğu halda, 2024-cü ildə bu rəqəm 2 dəfədən çox azalaraq 2568-ə düşüb. Rəsmi açıqlamalarda bu azalma köhnə quyuların məhsuldarlığının aşağı düşməsi və istismar xərclərinin artması ilə izah olunur. Dövlət şirkəti həmçinin daha az sayda, lakin daha məhsuldar quyular vasitəsilə stabil hasilata üstünlük verdiyini bildirir. Bununla belə, görünür ki, hələlik hasilatda stabillik əldə etmək mümkün olmayıb.

Digər şirkətlər üzrə göstəricilər isə aşağıdakı kimidir:

Binəqədi Oil Company – 2019–2024-cü illərdə quyuların sayı 740-dan 816-ya qədər artıb. Bu artım əsasən texniki modernləşmə ilə izah olunur.

Balaxanı Operating Company – 2022-ci ildən statistikaya daxil olub, lakin 2024-cü ildə 174 quyu azalıb.

BP Exploration (Caspian Sea) Ltd – quyuların sayında artım qeydə alınıb.

Salyan Oil LTD – 2019-cu ildə 240 quyu mövcud idisə, 2024-cü ildə bu rəqəm 214-ə düşüb.

Karasu Operating Company – 2019-cu ildən etibarən 22 quyu bağlayıb, lakin yalnız 8 quyunu bərpa edə bilib.

Digər şirkətlərdən Neftçala Operating Company, Petro-Hongkong-Pirsaat Oil Limited və Shirvan Operating Company-də də quyuların sayında azalma müşahidə olunub.

Cədvələ nəzər yetirdikdə görünür ki, quyuların sayının azalması 2020-ci ildə pik həddə çatıb. Həmin il pandemiya ilə əlaqədar olaraq dünya ölkələrində sənaye sektorunun fəaliyyəti müvəqqəti dayandırılmışdı, nəticədə neftə olan tələbat kəskin şəkildə azalmışdı.

2020-ci ildə OPEC və qeyri-OPEC ölkələri gündəlik neft hasilatının 10 milyon barelə qədər, Azərbaycan üçün isə 164 min barel azaldılması ilə bağlı razılıq əldə etmişdilər. Bu öhdəlik çərçivəsində Azərbaycan hasilatı azaltmalı oldu. Beləliklə, həm təbii resursların tükənməsi, həm də hasilatla bağlı götürülən beynəlxalq öhdəliklər quyuların sayına birbaşa təsir göstərdi. Ekspertlərin fikrincə, həmin illərdə bağlanan çoxsaylı quyuların bərpası həm çətin, həm də maliyyə tələb edən prosesdir.

Statistika göstərir ki, 2019-cu ildən bəri neft sektoruna yönəldilən investisiyalar da azalıb. SOCAR 2019-cu ildə 1 milyard manata yaxın vəsait yatırdığı halda, 2024-cü ildə bu rəqəm 574 milyon manata enib. 2023-cü illə müqayisədə isə investisiyalar 7,3 faiz azalıb.
BP Exploration (Caspian Sea) Ltd də investisiyalarını 14 faiz ixtisar edib. Bu azalma quyuların bərpası və yeni texnologiyaların tətbiqinə marağın zəiflədiyini göstərir.

“Neft-qaz quyularının dayandırılması həm texnoloji, həm də maliyyə baxımından yanlış qərar idi”

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının apardığı araşdırmalara görə, 2020-ci ildə ən çox bağlanan quyular “Azneft” İB-nin tabeliyində olan yataqlarda qeydə alınıb. İB-yə məxsus 3000-ə yaxın quyunun böyük hissəsi istismarını dayandırmalı olub. “Bibiheybətneft”də 552 quyu, Əmirov adına NQÇİ-də 441 quyu, Tağıyev adına NQÇİ-də  158 quyu, “Siyazənneft”də 374 quyu istismardan çıxarılıb.

Neft Daşlarında isə 2020-ci ilin may-iyun aylarında gündəlik hasilatın 1200 ton azaldılması məqsədilə gündəlik hasilatı 7 tona qədər olan 202 quyunun fəaliyyəti dayandırılıb. Bundan başqa, 2 mədəndə istismar üsullarının dəyişdirilməsi planlaşdırılan 101 quyu (ümumi hasilat – 290 ton), gündəlik 30 min kubmetr qaz və lift boruları pərçimlənmiş 10 quyu (242 ton neft) bağlanıb.

Həmin ilin iyul–dekabr aylarında isə orta gündəlik hasilatın 300 ton azaldılması məqsədilə gündəlik hasilatı 1 ton olan 44 quyu (37 ton), eləcə də 2 mədəndə daha 101 quyu (290 ton) istismardan çıxarılıb.

Bu quyuların bağlanması hazırkı hasilatın azalmasına ciddi təsir göstərib. Onların bərpası ilə bağlı işlər isə olduqca zəif aparılır və yuxarıda kifayət qədər maliyyə ayrılmadığını qeyd etdik. Bu səbəbdən SOCAR daha az investisiya ilə daha məhsuldar quyuların istismarını prioritet hesab edir, köhnə quyuların bərpası isə əlavə maliyyə yükü kimi qiymətləndirilir.

Neft sektorunda çalışan mütəxəssislərdən biri bildirir ki, 2020-ci ildə qurudakı neft-qaz quyularının, dənizdəki isə çoxlu sayda quyunun fəaliyyətinin tam dayandırılması həm texnoloji, həm də maliyyə baxımından yanlış qərar idi. Onun sözlərinə görə, quru mədənlərində dayandırılmış quyuların yenidən istismara qaytarılması milyonlarla manata başa gəlir:

“Bir quyu qısa və ya uzun müddət dayandırılsa, orada mütləq texnoloji mürəkkəbləşmə yaranır. Bu halda süzgəc hissəsi tutulur, kompressor borularının dəyişdirilməsi tələb olunur, nəql xətləri sıradan çıxır. Borularda yığılan qətran, neft və qum çöküntüləri kristallaşaraq xam neftin nəqlini mümkünsüz edir. Boruların diametrinin daralması nəql zamanı təzyiqi artırır və nasosları əlavə yüklənməyə məcbur edir. Bu problemlərin həlli üçün isə kilometrlərlə yeni boru xətləri çəkilməlidir”.

Mütəxəssis əlavə edir ki, dayandırmadan sonra borularda qətran və qum kristallaşması səbəbindən sızmalar yaranır və bu xətlərdə quraşdırılan xamutlar sızmaların qarşısını ala bilmir:

“Xamut problemi əsasən Neft Daşlarında müşahidə olunur. Ən təhlükəlisi isə odur ki, köhnə boruları rəngləyib yeni boru adı ilə istifadə edirlər. Bu problem “Azneft” İB-nin bir çox strukturlarında mövcuddur”.