“Elm və təhsil naziri Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən bir rəqəmlə bağlı səhvə yol verib”.
Bu sözləri araşdırmaçı-jurnalist Allahverdi Aydın deyib.
O bildirib ki, ilk baxışdan bu, adi texniki səhv kimi görünsə də, məsələ bir qədər dərindən araşdırıldıqda ortaya daha ciddi suallar çıxır:
“Nazirin təqdim etdiyi slaydda Qətərin riyazi savadlılıq üzrə nəticəsi 424 bal göstərilib. Halbuki İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən açıqlanan rəsmi “PISA 2025” məlumatlarında Qətərin nəticəsi 416 baldır.
Bu, sadəcə bir rəqəmin səhv yazılması kimi başa düşülməməlidir. Çünki ölkələrin sıralaması məhz bu ballara əsasən müəyyənləşir. Azərbaycanın rəsmi nəticəsi isə 422 baldır. Belə olan halda Qətərin balının 416 deyil, 424 göstərilməsi Azərbaycanın sıralamasına da təsir edir. Yəni bu səhv Azərbaycanın reytinqdəki mövqeyinin geriləməsinə səbəb olub. Təhsil nazirinin təqdim etdiyi slaydda Azərbaycanın riyazi savadlılıq üzrə mövqeyi Qətər və Yunanıstandan sonra 49-cu sırada göstərilib. Halbuki, Qətər Azərbaycandan daha az bal toplayıb və “PISA 2025”in rəsmi hesabatında Azərbaycandan bir neçə pillə geridə 52-ci sırada yer alıb. Ümumiyyətlə, “PISA 2025”in rəsmi hesabatında Azərbaycan 91 ölkə arasında 47-ci sıradadır. Lakin elm və təhsil naziri Emin Əmrullayevin təqdim etdiyi cədvəldə Qətər üçün rəsmi hesabatda göstəriləndən daha yüksək bal yazıldığı üçün Azərbaycanın mövqeyi bir pillə geridə göstərilib. Eyni zamanda da 91 iştirakçının siyahısına Bakını da ayrıca əlavə edərək Azərbaycanın mövqeyini 2 pillə geriyə “salıblar”.
Allahverdi Aydının sözlərinə görə, PISA ilə bağlı rəqəmlər sadəcə adi bir statistika deyil:
“Bu, 15 yaşlı şagirdlərin bilik və bacarıqlarını beynəlxalq səviyyədə ölçən ən nüfuzlu tədqiqatdır. Belə bir məlumat ictimaiyyətə təqdim olunarkən rəqəmlərin rəsmi mənbə ilə bir-bir yoxlanılması vacibdir.
Amma burada başqa bir məsələ də var. Mətbuat konfransında nazirin qarşısında onlarla jurnalist, həmçinin təhsil sahəsində çalışan, bu mövzuda ekspert kimi çıxış edən onlarla şəxs əyləşib. Amma, görünən odur ki, həmin şəxslərin heç biri nə həmin anda, nə də sonra bu uyğunsuzluğu görə bilməyiblər. Bəyəm, bu ölkədə təhsil nazirinin etdiyi səhvi görə biləcək bir nəfər də olsun ekspert yoxdur? Jurnalistin işi yalnız nazirin dediyini yazmaq deyil. Jurnalist həm də deyilən məlumatı yoxlamalıdır. Xüsusilə də söhbət rəqəmlərdən, beynəlxalq hesabatlardan və ölkənin təhsil göstəricilərindən gedirsə.
Təhsil ekspertlərinin də vəzifəsi yalnız televiziyalarda və sosial şəbəkələrdə təhsil problemlərindən danışmaq deyil. Onlardan ən azı belə mühüm bir hesabatın təqdimatı zamanı rəqəmləri oxumaq və müqayisə etmək gözlənilir. Nazirin, ya da hesabatı hazırlayan nazirlik əməkdaşlarının etdiyi səhv Azərbaycanın mövqeyini bu cür nüfuzlu bir hesabatda 2 pillə geriyə “salıb” və bu da bütün ölkə mətbuatında tirajlanıb”.