Sosial şəbəkədə biz:
Hansı daha vacibdir: Küçə ticarətini qadağan etmək, yoxsa pul qazanmaq?
Xəbər Şəkli

Hansı daha vacibdir: Küçə ticarətini qadağan etmək, yoxsa pul qazanmaq?

11 March 2026, 07:56
Cəmiyyət

Son illərdə ölkəmizdə küçə ticarəti ilə məşğul olanların sayı artır. 

Bu ticarət xüsusilə metro çıxışları, avtobus dayanacaqları və ticarət mərkəzlərinin ətrafında geniş yayılıb. Bayram ərəfəsi isə alış-verişin ən sıx dövrü olaraq küçə ticarətinə olan marağı daha da artır. 

İnsanlar bazarlara və mağazalara axın etsələr də, qiymətləri müqayisə etdikdə çərəz, meyvə və tərəvəz kimi gündəlik məhsulların küçələrdə daha sərfəli olduğu aydın görünür. 

Eyni zamanda, son illərdə küçə ticarəti müəyyən qaydalarla məhdudlaşdırılır. Şəhər icra hakimiyyətləri və bələdiyyələr mərkəzi yerlərdə satışları tənzimləyərək alıcıları iri marketlərə yönləndirir. Buna görə ucuz alış-veriş imkanları azalır və insanlar əlavə xərclərlə üzləşirlər. 

Küçə ticarətini tam qadağan etmək əvəzinə onu necə tənzimləmək olar? Küçə ticarəti hansı qaydalarla həyata keçirilməlidir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, küçə ticarəti ilə bağlı açıq və aydın qanunlar demək olar ki, yoxdur: 

“Küçə ticarəti Azərbaycanda ən ağrılı məsələlərdən biridir. Müstəqilliyimizdən artıq 35 il keçib, lakin hələ də küçə ticarəti ilə bağlı açıq və aydın qanunlar demək olar ki, yoxdur. 

Müxtəlif müvafiq icra hakimiyyəti orqanları icazələrə bağlı sistem qurub, amma bu sistem çox işləməyən, qəliz və tez-tez pozulan bir sistemdir. Bəzən icra hakimiyyətinin verdiyi icazəni hüquq-mühafizə orqanları tanımır. Onlar qanuna əsaslanaraq başqa cür davranmağa çalışırlar”. 

Ekspert qeyd edib ki, bu sahədə çox şəffaf, açıq və hamıya məlum olan sistem gətirilməlidir: 

“Bu, xarici ölkələrdə lisenziyalaşdırma sistemi adlanır. bələdiyyələr küçə ticarəti ilə bağlı lisenziyalar verir. Bizdə isə bələdiyyə yoxdur və bu da problemin kökündə duran məsələlərdən biridir. Böyük şəhər bələdiyyələri olsa, büdcənin doldurulması üçün küçə ticarəti lisenziyaları çox önəmli olardı. 

Yeni müvafiq qaydalar olmalıdır: nə vaxt icazə veriləcək, harada veriləcək, niyə bir küçədə icazə var, digər küçədə yox? Bunlar açıq qalan suallardır və 35 ildir bu suallara öz cavabını tapmayıb”. 

İqtisadçı – ekspert Xalid Kərimli isə bildirib ki, küçə ticarəti ilə məşğul olan şəxslər qadalara əməl etməlidirlər: 

“Azərbaycanda küçə ticarəti müəyyən qaydalara uyğun həyata keçirilir. Küçə ticarəti üçün müvafiq icra hakimiyyəti orqanından (bələdiyyə və ya şəhər icra hakimiyyəti) icazə alınmalıdır. Hər hansı məhsulun satışı icazəsiz qanunsuz hesab olunur. 

Həmçinin, küçə ticarəti yalnız dövlət tərəfindən müəyyən edilmiş yerlərdə mümkündür. Bu, piyadaların hərəkətini pozmamaq və şəhər estetikası baxımından vacibdir”. Ekspert qeyd edib ki, hazırda küçə ticarəti qaydaları olduğu kimi qalır: 

“Bayramqabağı dövlət küçə ticarətini ləğv etmir və ya qanunvericilikdə dəyişiklik etmir. Əgər hansısa səlahiyyətli şəxslər bu işin görülmədiyini nəzərə alırdılarsa, indi bunu vaxtında görərdilər. Ölkəmizdə küçə ticarəti müəyyən standartlara uyğun fəaliyyət göstərir”.