Keçmiş nazirin universitetində maliyyə böhranı: “Müraciətlərimizə cavab verilmir”
Qərbi Kaspi Universitetində dövlət sifarişi əsasında təhsil alan tələbələrdən ödəniş tələb edildiyi ilə bağlı məlumatlar yayılıb. Belə ki, ali məktəbdə ödənişsiz təhsil alan bəzi tələbələrə təhsil ödənişləri ilə bağlı borc yarandığı qeyd edilən mesajlar göndərilib. Həmin mesajlarda tələbələrdən müəyyən məbləğin ödənilməsi tələb olunur. Həmçinin ödəniş edilmədiyi halda tələbələrin imtahanlara buraxılmayacağı ilə bağlı xəbərdarlıq da edilib.
Məsələ ilə bağlı “Yeni Sabah”ın sorğusuna cavab olaraq Qərbi Kaspi Universitetindən bildirilib ki, qanunvericiliyə əsasən, dövlət sifarişi ilə ali təhsil alan tələbələrin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına həmin şəxslərin təhsil aldığı təhsil müəssisəsinə ödənilir.
Məlumata görə, əvvəllər bu vəsait Elm və Təhsil Nazirliyi tərəfindən ödənilirdi, hazırda isə Maliyyə Nazirliyi tərəfindən idarə olunur və təqdim edilən sənədlər əsasında birbaşa müqavilə tərəfdaşlarına köçürülür.
Qeyd edilib ki, 2025-ci ilin sentyabr–dekabr ayları üçün Qərbi Kaspi Universitetinə müvafiq vəsait ayrılmış, onun əhəmiyyətli hissəsi xərclənmiş, müəyyən hissəsi isə qalıb:
“Hazırda universitetdə tələbələrin 40%-i dövlət sifarişi əsasında təhsil alır. Qərbi Kaspi Universitetində maliyyə fəaliyyəti tədris ili üzrə (2025 sentyabr – 2026 sentyabr) tənzimlənir və daxili xərclərə laboratoriyaların yaradılması, texniki vasitələrin alınması, eləcə də beynəlxalq akkreditasiya prosesləri daxildir. Bu mərhələdə ayrılmış büdcə vəsaitlərindən istifadə olunur.
Lakin 2026-cı ilin yanvar ayında həmin vəsaitin zəruri xərclər üçün istifadə edilməsi nəzərdə tutularkən məlum olmuşdur ki, 2025-ci il başa çatdığı üçün ayrılmış məbləğ dövlət büdcəsinə geri qaytarılmışdır. Dövlət sifarişi əsasında təhsil alan tələbələrə artıq göstərilmiş xidmətlərə görə universitetə ödənilməli olan vəsaitin silinməsi əsaslandırıla bilməz”.
Bildirilib ki, Qərbi Kaspi Universitetinin özəl hüquqi şəxs olduğu və vəsaitin universitetə aid olduğu Elm və Təhsil Nazirliyinə müraciət məktubunda qeyd olunub:
“Lakin məktubumuza hələ heç bir qurumdan rəsmi məlumat göndərilməyib. Hazırda universitetin 13 təhsil proqramının beynəlxalq akkreditasiya təşkilatından uğurla keçməsi barəsində bizə məlumat daxil olub. Beynəlxalq komissiyaların tövsiyələrinə əsasən yeni tədris məkanları, laboratoriya və texniki avadanlıqların alınması üzrə işlər aparılır ki, bu da xeyli vəsait tələb edir. Keçən il dövlət tərəfindən tələbələrin təhsil haqqı üçün ayrılmış vəsaitin universitetin sərəncamında olmaması səbəbindən İT və digər avadanlıqların alınması mümkün olmayıb”.
Qərbi Kaspi Universitetindən tələbələrə məlumat verildiyi vurğulanıb:
“Məlumat verildikdən sonra baş verən situasiyada günahkar universitet çıxarılır. Məsələ ilə bağlı universitetin aiddiyyəti təşkilatlara müraciəti hələ ki cavabsız qalır. Ümid edirik ki, müvafiq təşkilatlar universitetin göstərdiyi xidmətlərə görə, onun haqqı olan vəsaiti ödəməklə, təhsilin fəaliyyətində istifadə etmək imkanına da sahib olacaq. Hazırda Elm və Təhsil Nazirliyi, eləcə də Maliyyə Nazirliyi ilə əlaqədəyik və geri dönüş gözləyirik. İctimaiyyətə gedişat barədə məlumat veriləcək”.
Qeyd edək ki, Qərbi Kaspi Universitetinin təsisçisi keçmiş ekologiya və təbii sərvətlər naziri, professor Hüseyn Bağırovdur.