Ukraynada daha bir azərbaycanlı həlak oldu – 5 uşaq atası...
Rusiya-Ukrayna müharibəsi uzandıqca cəbhədən gələn ölüm xəbərləri arasında azərbaycanlıların adlarına daha tez-tez rast gəlinməkdədir. Son olaraq Astara rayonunun Siyəkəran kənd sakini, 5 uşaq atası Vaqif Qazı oğlu Qəhrəmanovun həlak olması xəbəri yayılıb.
Bir müddət itkin düşmüş hesab edilən həmyerlimizin nəşi tapılıb. O, Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edib. Məlumatlara görə, Vaqif Qəhrəmanov əvvəllər Rusiyanın Dağıstan bölgəsində, Xasavyurt şəhərində yaşayıb. Azərbaycan vətəndaşı olan Qəhrəmanovun ailəsinin dolanışığı üçün Rusiyada çalışdığı, daha sonra isə müqavilə əsasında hərbi xidmətə cəlb olunduğu bildirilir.
Vaqif Qəhrəmanov Rusiya-Ukrayna müharibəsində həyatını itirən ilk azərbaycanlı deyil. 2026-cı ilin əvvəlində mediada yayılan məlumatlarda Rusiya ordusunun sıralarında döyüşərkən həlak olmuş daha 6 azərbaycanlının adı açıqlanıb: Mirzə Nazim oğlu Şahüseynov, Niyazi Nazim oğlu Ağayev, Telman Harun oğlu Yaqubov, Arif Qulu oğlu Haqverdiyev, Etibar Arif oğlu Abbasov və Rəşid İslam oğlu Nəbiyev Ukrayna ərazisində gedən döyüşlərdə həlak olublar. Bundan əvvəl müxtəlif mənbələrdə aşağıdakı azərbaycanlıların da Rusiya tərəfində döyüşlərdə həlak olduğu barədə məlumatlar yayılmışdı: Müşfiq Tofiq oğlu Vəliyev, Etibar Nəsrulla oğlu Əhədov, Rüstəm Aslan oğlu Feyzullayev, Mirsəfa Mirtağı oğlu Babayev, Mikayıl Şahismayıl oğlu Əliyev.
Bu siyahı tam deyil. Müharibə zonasından məlumatların əldə olunmasının çətinliyi səbəbindən həlak olan azərbaycanlıların dəqiq sayı barədə rəsmi statistika mövcud deyil. Müharibənin ilk aylarında isə Ukrayna ərazisində yaşayan və ya Ukrayna tərəfdə olan bir sıra azərbaycanlıların ölümü barədə məlumatlar yayılmışdı. Onların arasında Neymət, Rəhim, Qabil İsmayılovlar, Camal Salmanov, Qoşqar Məmmədov, Elnur Əmrahov, Arzu Süleymanov yer alırdı. Məlumatlara görə, bu şəxslərin bir qismi mülki vətəndaş kimi bombardmanlar zamanı, bir qismi isə döyüş zonasında könüllü olaraq yollanıblar və həlak olublar.
Ukraynada yaşayan azərbaycanlılar da yaşadıqları ölkənin müdafiəsində iştirak ediblər. Nəticədə eyni xalqın nümayəndələri fərqli formalarda, fərqli bayraqlar altında eyni müharibənin qurbanına çevriliblər.
Azərbaycan qanunvericiliyinə görə, xarici ölkələrin silahlı birləşmələrində və ya muzdlu dəstələrdə iştirak cinayət məsuliyyəti yaradır. Son illərdə hüquq-mühafizə orqanları xarici müharibələrdə iştirak etmiş Azərbaycan vətəndaşları barədə cinayət işləri başlayıb, məhkəmələr onları müxtəlif müddətlərə azadlıqdan məhrum ediblər. Bununla belə, Ukrayna müharibəsinin davam etməsi fonunda həm Rusiya, həm də Ukrayna tərəfində döyüşən və ya həyatını itirən azərbaycanlıların sayı artmaqda davam edir.
Astaranın Siyəkəran kəndindən olan Vaqif Qəhrəmanovun ölümü statistikadan daha çox bir ailənin faciəsidir. Beş uşaq atasının Ukrayna çöllərində həyatını itirməsi göstərir ki, bu müharibə təkcə Moskva və Kiyev arasında deyil. Onun ağrısı Astarada, Gəncədə, Bakıda, Dərbənddə, Xasavyurtda və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlı ailələrə də toxunur. Müharibənin sonu görünmədikcə siyahıya yeni adların əlavə olunması təhlükəsi qalır. Hər yeni ad isə bir ailənin dağılmış taleyi, yarımçıq qalmış ömür və atasız qalan uşaqlar deməkdir...
Musavat.com