Sosial şəbəkədə biz:

"Mənim ən böyük arzum odur ki..." - İlham Əliyev

Məlum olduğu kimi noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Marneuli rayonunda “Çay evi” tədris mərkəzi ilə tanış olublar. “Çay evi” tədris mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və Prezident Giorgi Marqvelaşvili Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşdülər. Dövlət başçıları görüşdə çıxış ediblər. Prezident İlham Əliyev çıxışında deyib: “Əziz dostlar, mən dünən Gürcüstana rəsmi səfərə gəlmişəm. Deyə bilərəm ki, səfər çox uğurlu keçir. Dünən apardığım danışıqlar bir daha göstərir ki, Gürcüstan-Azərbaycan əlaqələri yüksək sürətlə inkişaf edir. Dünən biz Birgə Bəyannamə imzalamışıq. Bəyannamədə əməkdaşlığımızın bütün aspektləri öz əksini tapıb. Bizim əməkdaşlığımızın böyük tarixi və gözəl gələcəyi var. Bu gün Gürcüstan və Azərbaycan - iki dost, qardaş ölkə birgə fəaliyyət göstərir, regionda mühüm layihələr icra edir. Bizim əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır və biz bundan sonra da əlaqələrin inkişafı üçün əlimizdən gələni edəcəyik. Bu gün səfər çərçivəsində mən Marneuliyə sizinlə görüşə gəlmişəm. Mən əminəm ki, sizin Gürcüstanda fəaliyyətiniz də Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayacaqdır. Çünki Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bizim əməkdaşlığımızı daha da möhkəmləndirir. Həm Gürcüstan, həm Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bizim ölkələrimizdə bütün xalqlar sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayır və bu, bizim böyük uğurumuzdur, böyük nailiyyətimizdir. Biz çox istəyirik ki, həm Azərbaycanda yaşayan gürcülər, həm Gürcüstanda yaşayan azərbaycanlılar bundan sonra da ölkələrin ictimai, siyasi, iqtisadi həyatında öz rolunu oynasınlar və həm öz ölkələrinin dəyərli vətəndaşları kimi töhfə versinlər, eyni zamanda, əlbəttə, öz tarixi köklərini də unutmasınlar. Mən istəyirəm ki, Gürcüstanda yaşayan azərbaycanlılar rahat yaşasınlar. Onların iş yerləri ilə təmin edilməsi istiqamətində daha da ciddi addımlar atılsın, onlar öz dəyərini yaxşı hiss etsinlər və Gürcüstanın dəyərli vətəndaşları kimi bu ölkənin ümumi inkişafına öz töhfəsini versinlər”. Dövlət başçısı vurğulayıb ki, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın dövlətçiliyinə həmişə dəstək olmuşlar və Gürcüstanın yaxşı vətəndaşları olmuşlar: “Belə də olmalıdır, çünki siz bu torpaqlarda əsrlər boyu yaşayırsınız. Bu gün xalqlarımızı birləşdirən həm tarixi əlaqələr, həm çoxəsrlik dostluq, qardaşlıq münasibətləri, eyni zamanda, bax, bugünkü Gürcüstan-Azərbaycan əlaqələri əlbəttə ki, sizin də həyatınızda müsbət təsirini göstərir. Mən çox şadam ki, bu gözəl mərkəzdə uşaqlar müxtəlif dərnəklərdə təhsil alırlar. Biz burada həm azərbaycanlı, həm də gürcü uşaqları görürük. Onlar birlikdə bu işlərlə məşğul olurlar. Bu da birliyi, dostluğu möhkəmləndirir. Əlbəttə, bu “Çay evi” mərkəzinin çox böyük funksional tərəfi var. Xüsusilə, məni sevindirən odur ki, burada gürcü dili kursları təşkil edilibdir. Mən bunu dəfələrlə demişəm və bir daha deyirəm. Biz istəyirik ki, Gürcüstanda yaşayan bütün azərbaycanlılar gürcü dilini mükəmməl bilsinlər, öz ana dili kimi bilsinlər. Ancaq o təqdirdə siz Gürcüstanda layiqli yer tuta bilərsiniz. Yəni, azərbaycanlılar Gürcüstanda təcrid edilmiş vəziyyətdə yaşamamalıdırlar, yaşaya bilməzlər. Siz bu dövlətin dəyərli vətəndaşlarısınız, öz əməyinizlə Gürcüstanın inkişafına töhfə verirsiniz. Gürcü dilini bilmək birinci şərtdir və çox yaxşı ki, bu kurslar təşkil edilir. Burada həm uşaqlar və bildiyimə görə, digər kateqoriyadan olan insanlar da dərs alırlar. Bu, çox vacibdir və əlbəttə ki, siz Azərbaycan dilini, öz tarixi köklərinizi heç vaxt unutmamalısınız. Hər bir millət öz tarixi-mədəni kökləri əsasında inkişaf edir. Əlbəttə, Azərbaycan dövləti bundan sonra da əlindən gələni edəcək ki, sizin həm rahat yaşamanız təmin edilsin, eyni zamanda, siz tarixi kökləri daim uca tutasınız. Bu gün Azərbaycan sürətlə inkişaf edir, Azərbaycanın imkanları genişlənir və mən həm dövlət şirkətlərinə, eyni zamanda, özəl sektorun nümayəndələrinə daim tövsiyə edirəm ki, burada yaşayan azərbaycanlılar üçün daha da yaxşı şərait yaratsınlar, Gürcüstana investisiya qoysunlar, iş yerləri, logistika mərkəzləri, ictimai yerlər yaradılsın və şadam ki, bu gün biz bunu görürük. Mən axırıncı dəfə Marneulidə 2004-cü ildə olmuşam, vətəndaşlarla görüşmüşəm və indi də gəlmişəm. Mən bax, bu yerləri xatırlamıram, çünki o vaxt yox idi və burada - girişdə, foyedəki şəkillər göstərir ki, əvvəlki “Çay evi”nin vəziyyəti necə idi, indi necədir. Bu, böyük inkişafdır. Eyni zamanda, bu gün biz soyuducu anbar kompleksinin də işi ilə tanış olacağıq. Bu da kənd təsərrüfatı ilə məşğul olanlar üçün əvəzolunmaz bir infrastruktur obyektidir, iqtisadi inkişaf üçün çox lazımdır. Yəni, əminəm ki, bundan sonra həm SOCAR, həm Azərbaycanın digər şirkətləri, özəl qurumların nümayəndələri Gürcüstana investisiya qoyacaqlar və burada yaşayan azərbaycanlılar, gürcülər üçün yeni imkanlar yaradacaqlar. Mən öz həmkarıma minnətdarlığımı bildirmək istəyirəm ki, o, sizə daim diqqət göstərir. Bilirəm ki, cənab Prezident sizinlə ən azı ildə bir dəfə görüşür, sizə dəstək olur. Bu, çox önəmlidir, yəni, siz Gürcüstan dövlətinin, Gürcüstan Prezidentinin dəstəyini, diqqətini hiss edirsiniz və buna görə mən öz həmkarıma minnətdaram. Bir daha demək istəyirəm ki, dünən keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və fikir mübadiləsi Gürcüstan-Azərbaycan qardaşlığını daha da möhkəmləndirir. Əminəm, bu, sizin üçün də çox önəmlidir və biz gələcəkdə də çalışacağıq ki, siz daim özünüzü rahat hiss edəsiniz, yaxşı yaşayasınız, dolanışıq da yaxşı olsun, iş yerləri də olsun, həm Azərbaycanı sevəsiniz, həm də Gürcüstanı. Keçən dəfə mən Marneulidə olanda yerli sakinlər bir neçə məsələ qaldırdılar və mən də Bakıya qayıdandan sonra müvafiq göstərişlər, tapşırıqlar vermişdim ki, bu məsələlər tezliklə öz həllini tapsın. Şadam ki, son illər ərzində bir neçə mühüm məsələ öz həllini tapmışdır. Əlbəttə, 2004-cü ildə Azərbaycanın imkanları bugünkü kimi deyildi. Bizim o qədər də böyük maliyyə imkanlarımız da yox idi. Ancaq imkan daxilində çalışırdıq ki, burada - Gürcüstanda da yaşayan azərbaycanlılar Azərbaycanın inkişafından bəhrələnsinlər. Qaldırılan məsələlərin bir çoxu artıq bu gün öz həllini tapmışdır. Əlbəttə, gələcəkdə daha da böyük işlər görülməlidir. Amma ilk növbədə göstəriş verilmişdir ki, infrastruktur layihələri - qaz, içməli su təminatı öz həllini tapsın, kənd yolları abadlaşdırılsın. Bildiyiniz kimi, son illər ərzində SOCAR nəinki azərbaycanlıların yaşadıqları bölgələrdə, ümumiyyətlə, Gürcüstanın müxtəlif yerlərində böyük qazlaşdırma proqramlarını icra edir və böyük vəsait, investisiya qoyur ki, Gürcüstanda qazlaşdırma maksimum dərəcədə sürətlə getsin. Keçən dəfə mən burada olanda Dövlət Neft Şirkətinin bir dənə də olsun yanacaqdoldurma stansiyası yox idi. Mənə verilən məlumata görə, bu gün 100-dən çox yanacaqdoldurma məntəqəsi vardır. SOCAR Gürcüstanın Qara dəniz limanında böyük terminalı əldə edibdir, energetika layihələrinə investisiya qoyubdur. Dünən müzakirə etdiyimiz layihələr arasında elektroenergetika layihələri də var. Elektrik xətlərinin birləşməsi, “Cənub” qaz dəhlizinin inşası - bütün bunlar yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq. Təhsillə bağlı məsələlər xüsusi əhəmiyyət daşıyır. Minnətdaram ki, siz bu məsələləri qaldırırsınız. Mən şəxsən istəyirəm ki, Gürcüstanda bir dənə də təmirsiz Azərbaycan məktəbi olmasın. Düzdür, hələ ki, Azərbaycanda da təmirsiz, qəzalı vəziyyətdə olan məktəblər var. Son on ildə Azərbaycanda 3 mindən çox məktəb tikilib və təmir edilib. Azərbaycanda təxminən 5 min məktəbin olduğunu nəzərə alsaq, görərsiniz ki, nə qədər böyük işlər görülüb. Amma yenə də mən bu gün Azərbaycanın müxtəlif bölgələrində olarkən vətəndaşlar məsələ qaldırırlar ki, o məktəb qəzalı vəziyyətdədir, bu məktəb təmirsizdir. Yəni, bu problem bizdə də, sizdə də var. Amma biz çalışacağıq ki, bu məsələ öz həllini tapsın. Hesab edirəm ki, Dövlət Neft Şirkəti burada əsas investor kimi öz rolunu oynayacaqdır. Ümumiyyətlə, Dövlət Neft Şirkətinin həm Azərbaycanda, həm işlədiyi bütün ölkələrdə çox böyük sosial məsuliyyəti vardır. İndi SOCAR müxtəlif ölkələrdə fəaliyyət göstərir və o ölkələrdə, o cümlədən Gürcüstanda da məktəb, uşaq bağçalarının tikintisi, infrastruktur layihələrinin icrası ilə məşğuldur. İlk növbədə bunu Gürcüstanda etməlidirlər, çünki burada böyük sayda azərbaycanlı əhali yaşayır”. İlham Əliyev bildirib ki, Təhsil Nazirliyinə də göstəriş verilmişdir ki, kitablarla, dərsliklərlə bağlı məsələlər öz həllini tapsın: “Bilirəm ki, bəzi hallarda məktəblərdə müəllim qıtlığı vardır. Yəni, bu məsələ də öz həllini tapmalıdır ki, uşaqlar normal şəraitdə oxusunlar, qeyd etdiyim kimi, həm Azərbaycan dilini, həm gürcü dilini mükəmməl bilsinlər. Gələcəkdə iş yerlərinin yaradılması, kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər də görülməlidir. Əlbəttə ki, biz bu məsələləri Gürcüstan dövləti və hökuməti ilə məsləhətləşmələr əsasında görəcəyik. Bax, soyuducu anbar kompleksinin tikintisi birinci addımdır. Şadam ki, Gürcüstan dövləti də güzəştli kreditlər ayırır və siz burada istixanalar yaradırsınız. Hesab edirəm, Azərbaycan investisiyaları hesabına bu bölgədə emal müəssisəsi də yaradıla bilər ki, siz kənd təsərrüfatı məhsullarını emal edib hazır məhsul kimi dünya bazarlarına sata biləsiniz. Digər məsələlər, yeni iş yerlərinin yaradılması həm Gürcüstanda, həm Azərbaycanda lazımdır. Yeni iş yerləri həm bizdə yaradılır, həm sizdə. Ona görə, burada mütləq birgə səylər vacibdir. Ümumiyyətlə, dünən apardığımız danışıqlar əsnasında biz bir çox məsələləri, əlbəttə, bir daha müzakirə etdik. Amma əsas məsələ odur ki, Gürcüstan ilə Azərbaycan arasında daha da sıx koordinasiya aparılmalıdır. Çünki həm təhlükəsizlik, həm inkişaf baxımından bizim ölkələrimiz bir-birinə sıx bağlıdır. Bizim uğurlu inkişafımız Gürcüstansız mümkün deyil. Çünki Gürcüstan bizim üçün Avropaya çıxış yoludur. Əlbəttə ki, Azərbaycan nə qədər güclü olsa Gürcüstanın da inkişafı o qədər sürətlə gedəcək. Çünki biz çox yaxın dostuq, tərəfdaşıq, birgə layihələr icra edilir. Dünən razılığa gəldik ki, nəqliyyat sahəsində həm bölgədə, həm dünyada birgə siyasət aparaq. Belə olan halda, ölkələrimizin ərazisindən yükdaşımaların həcmi bir neçə dəfə artacaq. Bu dəhliz buradan, bu bölgədən keçir. Əlbəttə ki, burada yaşayan hər bir insan bundan da faydalanacaq. Çünki yeni iş yerləri yaradılır, yeni sənaye müəssisələri yaradılacaqdır. Əlbəttə ki, sosial sahəyə daha da ciddi, böyük diqqət yetirilməlidir. O ki qaldı gömrükdə, sərhəddə gediş-gəlişin asanlaşdırılması ilə bağlı məsələlərə, bu da müvafiq qaydada öz həllini tapacaq. Nazir buradadır. Siz bu məsələni dərindən araşdırın. Azərbaycan tərəfindən nə lazımdırsa ediləcək ki, burada heç bir problem olmasın. Yəni, insanlar rahat, maneəsiz gedib-gələ bilsinlər. Onsuz da bizim ölkələrimiz arasında viza rejimi yoxdur, ola da bilməz. Ona görə, bu məsələlər də öz həllini tapacaq. Ümumiyyətlə, əgər bundan başqa hansısa məsələ varsa, xahiş edirəm onu da mənə çatdırın. Biz bütün məsələləri imkan daxilində həll edəcəyik. Bir xahişim də var. Bu gün burada bu bölgənin seçilmiş, tanınmış, böyük hörmətə malik insanları əyləşmişlər. Ancaq Gürcüstanda yaşayan azərbaycanlıların sayı on minlərlə, yüz minlərlə ölçülür. Xahiş edirəm, Gürcüstanda yaşayan bütün soydaşlarımıza mənim səmimi salamlarımı çatdırın. Bilin ki, mən onlar haqqında daim düşünürəm, onlar mənim üçün çox əzizdir, doğmadır. Ən böyük arzum ondan ibarətdir ki, onlar bu torpaqda rahat, firavanlıq və rifah içində yaşasınlar. Sağ olun”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol