Sosial şəbəkədə biz:

Azərbaycan qazının Avropaya nəqli üçün risklər açıqlandı: “Vaxt əsas düşməndir...”

Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Transadriatik Qaz Kəməri (TAP) layihəsinin reallaşması perspektivləri ilə bağlı ciddi risklərin olduğu açıqlanıb. Virtualaz.org saytı İtaliyanın “İlFatto Quotidiano” qəzetinə istinadən xəbər verir ki, bu barədə TAP konsorsiumunun 2014-cü il üçün maliyyə auditi hesabatında göstərilir. Konsorsiumun auditini “Deloitte” şirkəti aparıb. Hesabatda göstərilir ki, layihənin qarşısında siyasi səbəblərdən, çoxsaylı icazələrin alınmasından, hansısa gözlənilməz hadisələrdən və ya geoloji risklərdən qaynaqlanan potensial problemlər dayanır. Əgər bu əngəlləri vaxtında aradan qaldırmaq mümkün olmasa, səhmdarlar layihənin həyata keçirilməsinin mümkün olmadığı qənaətinə gələ bilərlər. Konsorsium TAP kəmərinin tikintisinə 2016-cı il, mayın 16-da başlamağı planlaşdırır. “Şahdəniz-2” qazını Avropa bazarına çıxaracaq bu kəmər Türkiyənin Yunanıstanla sərhədindən başlanğıc götürərək İtaliyanın Leççe əyalətinin Melendugno bələdiyyyəsinin ərazisində yekunlaşmalıdır. Qarşıda böyük işlər durur, çünki 878 kilometr uzunluğunda boru xətti çəkmək lazımdır. Audit hesabatında deyilir ki, layihə ilə bağlı investisiya layihəsinə problem yoxdur. Çünki Avropa Yenidənqurma və İnkişaf Bankı qitənin energetika təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edən bu layihəni maliyyələşdirməyə hazırdır. Bank artıq layihəni maliyyələşdirmək üçün 2 milyard avro kreditin ayrılmasına dair danışıqlara başlayıb. Bu, bankın tarixində ən iri kredit olacaq. Lakin TAP-ın 2014-cü il büdcəsinə dair hesabat meqa-layihədə bəzi çatların olduğunu üzə çıxarıb. Belə ki, konsorsium ili 100 milyon avro ziyanla başa vurub. Tikintinin hələ başlamadığı nəzərə alınarsa, bu, normal hesab edilə bilər. Ancaq bildirilir ki, vaxt TAP-ın əsas düşmənidir. Əsas səhmdarları BP, SOCAR, “Statoil”, “Fluxys”, ENAGAZ və “Axpo” olan bu konsorsiumun maliyyə auditinə dair hesabatda deyilir ki, layihə “zamanla dəyişə bilər bir sıra risklərlə qarşı-qarşıyadır”. Bura siyasi və ya texniki problemlər daxildir. Həmin problemlər layihənin vaxtında həyata keçirilməsinə mane ola və xərclərin artmasına gətirib çıxara bilər. “Nəticədə səhmdarlar konsorsiumu ləğv etmək qərarı verə bilərlər”- hesabatda belə deyilir. Konsorsium kəmərin tikintisini 2020-ci ilə qədər başa çatdırmalıdır. Lakin İtaliyanın cənub regionlarının yerli bələdiyyələri kəmərin tikintisini ləngitməyə çalışır, onun ətraf mühitə zərər vuracağını iddia edir və müxtəlif əngəllər yaradılır. Konsorsium isə bildirir ki, bunlar normal biznes riskləridir və layihə iqtisadi baxımdan rentabellidir. Lakin auditorlar deyir ki, konsorsium tikintini yerli bələdiyyələrlə razılaşdırmaq üçün çoxsaylı icazə sənədlərini almalıdır. İtaliyanın mərkəzi hökuməti TAP-ın marşrutunu təsdiqləsə də kəmərin keçdiyi ərazilərdə torpaqların satın alınması, habelə yerli hakimiyyət orqanlarının yaratdığı bürokratik əngəlləri aşmaq əlavə vaxt apara bilər. Bu isə layihənin ləngiməsinə gətirib çıxarardı. Bu arada Norveçin “Statoil” şirkətinin TAP-dakı 20 faizlik payını satmaq niyyəti layihənin gələcəyinə dair şübhələri artırıb. “Statoil” payını Malayziyanın “Petronas” şirkətinə satmaq istəyir. Bu səhmləri almağa İtaliyanın “Snam” şirkəti də maraq göstərir. Xatırladaq ki, TAP Azərbaycan qazının Avropaya nəqlini həyata keçirəcək Cənub Qaz Dəhlizinin bir hissəsidir. Bu dəhlizin digər hissəsi olan TANAP kəmərinin tikintisi hazırda Azərbaycan və Türkiyə tərəfindən sürətlə həyata keçirilməkdədir. Bir neçə ay əvvəl prezident İlham Əliyev TAP layihəsinə yaradılan əngəllərə eyham vuraraq Cənub Qaz Dəhlizinin qarşısında süni maneələr yaradıldığını, Avropanın bu əngəlləri aradan qaldırmaq üçün siyasi iradə nümayiş etdirməli olduğunu bildirib. Eyni zamanda prezident vurğulayıb ki, bu əngəllər vaxtında aradan qaldırlmasa, Azərbaycanın yeni bazarlar tapmaq baxımından alternativləri var.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol