Sosial şəbəkədə biz:

Türkiyə-Rusiya arasında soyuq müharibənin qəlpələri Azərbaycandan da yan keçməyəcək - ekspert

25 November 2015, 11:13
Gündəm
“Türkiyənin Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-24 döyüş təyyarəsini vurması ciddi səhvdir. Müsəlman-ərəb ölkələrində nüfuzunu və təsir imkanlarını itirmiş Türkiyə üçün normal münasibətdə olduğu daha böyük qonşusu olan Rusiya ilə düşmənçiliyə rəvac verən bu hərəkəti rəsmi Ankaraya heç də asan başa gəlməyəcək”. Bu fikirləri hərbi-siyasi ekspert Ramil Məmmədli deyib. O bildirib ki, illərdir İraqda kürd millətçilərinin, sonra isə İŞİD-in türkmənlərə qarşı hücumlarına susan Ankaranın bu addımı da populizmdən başqa bir şey deyil və düşünülməmiş addım kimi dəyərləndirilməlidir: “Bu sanki Türkiyə üçün ikinci cəbhənin açılması anlamına gəlir. Bir reallığı da nəzərə almalıyıq ki, bu qarşıdurmanın, baş verəcək soyuq müharibənin qəlpələri Azərbaycandan da yan keçməyəcək. Milli mənsubiyyət məntiqindən yanaşaraq, şüar formatlı bəyanatlar verən azərbaycanlı politoloqlar və siyasətçilər də bu məqama xüsusi diqqət yetirməlidirlər. Bu mənada rəsmi Bakının mövqeyi anlaşılan və qəbulediləndir. Azərbaycan bu addımı ilə qərbin Türkiyə və Rusiyanı da oynatdığı oyuna getmədiyini demək istəyir. Bu baş verənlərə ən düzgün yanaşmadır”. R.Məmmədli onu da qeyd edib ki, "Su-24"-ün vurulmasından sonra baş verənlər də onu deməyə əsas verir ki, Türkiyənin strateji müttəfiqi olan Azərbaycanın da bu vəziyyətdə manevr imkanları məhdudlaşa bilər: “Rusiya hərbi komandanlığı Türkiyəyə ciddi etiraz etməklə yanaşı, müvafiq addımlar atmağa da başladı. İlk növbədə Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "S-300" hava hücumundan müdafiə raketlərini daşıyan “Moskva” kreyserini hərbi aviasiyaya dəstək üçün Suriya sahillərinə istiqamətləndirdi. Daha sonra açıq şəkildə bəyan edildi ki, Türkiyə ilə bütün hərbi əməkdaşlıqlar kəsilir. Bunun ardınca isə Kremlin sifarişi ilə Türkiyənin Moskvadakı səfirliyinin qarşısında aksiyalar başlandı. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İstanbula səfəri təxirə salındı. Bu həm də Ermənistandakı Rusiya hərbi qüvvələrinin artırılması, gücləndirilməsi deməkdir. Yekunda isə qeyd etdiyim kimi Türkiyə-Rusiya qarşıdurmasının qəlpələri bizdən də yan ötməyəcək”. Ekspertin sözlərinə görə, bir təyyarəsini itirən Rusiya bundan sonra Suriya və bölgədə hərbi qüvvələrinin sayını artıracaq: “ABŞ-ın və qərb ölkələrinin Türkiyəni hara sürüklədiyi göz önündədir. Təəssüf ki, bəziləri bunun Türkiyənin qələbəsi kimi təqdim edirlər. Türkiyə ilə Rusiyanın istənilən bölgədə faktiki müharibə aparması təcrübəsi bizim xeyrimizə deyil. Bunun üçün tarixi varaqlasaq, bəs edər”.