Bu gün Veysəloğlu Şirkətlər Qrupunda işə başlamağımın iki ili tamam olur. Daha dəqiq desəm, 730 günü.
Keçən müddəti ona görə günlə ifadə edirəm ki, bəzi məqamları və prosesləri bu rəqəm daha yaxşı anlatmağa imkan verir.
“Veysəloğlu”nda işləmək təklifini qəbul etdiyim dövr mənim üçün kifayət qədər maraqlı və eyni zamanda məsuliyyətli bir mərhələ idi. Uzun illər ənənəvi jurnalistika ilə məşğul olmuş, daha sonra rəqəmsal medianın və sosial şəbəkələrin yaratdığı yeni reallıqları vaxtında qəbul edib bu transformasiyaya uyğunlaşmışdım. Həmin vaxt mənə məxsus sosial media platformalarında aylıq baxış sayı on milyonlarla ölçülürdü.
Bunu təsadüfən xatırlatmıram. Çünki qarşıma çıxan təklif ətrafında qərar vermək mənim üçün heç də asan deyildi.
İşin öhdəsindən gələ biləcəyimə şübhəm yox idi. Əsas sual başqa idi: uzun illər həyatımın bir hissəsinə çevrilmiş jurnalistikadan, gündəlik ictimai-siyasi mövzulardan necə uzaq qala biləcəkdim?
Üstəlik, şirkətdə mənə jurnalistika ilə məşğul olmağı qadağan edən hər hansı tələb də qoyulmamışdı. Əksinə, istədiyimi yaza biləcəyim bildirilmişdi.
Amma mən özüm anlayırdım ki, bunu paralel şəkildə davam etdirmək mümkün deyil.
Çünki jurnalistikada ən çox müraciət etdiyim janrlardan biri tənqid olub. Tənqid isə heç vaxt hamının xoşuna gəlmir. Jurnalistin adının qarşısında yalnız “jurnalist” sözü dayananda müxtəlif yozumlar onun üçün ikinci dərəcəli olur. Peşəkar olaraq bilirsən ki, kim nə düşünür-düşünsün, gördüyünü yazmaq sənin işindir.
Ancaq adının qarşısına böyük bir şirkətin adı da əlavə olunanda vəziyyət dəyişir. Yazdığın hər fikir həmin şirkətlə əlaqələndirilə, müxtəlif maraqlar prizmasından şərh oluna bilər.
Məhz bunu nəzərə alaraq qərar verdim ki, qələmimi bundan sonra əsasən korporativ kommunikasiya sahəsindəki fəaliyyətimə yönəldim.
İndi isə gələk 730 gün məsələsinə.
Veysəloğlu Şirkətlər Qrupu çox böyük bir ekosistemdir. Bizneslərimizə gündəlik müraciət edən insanların sayı bir milyondan çoxdur. Bu gün demək olar ki, hər kəsin əlində telefon, sosial mediaya çıxış imkanı var. Bu isə o deməkdir ki, biz eyni zamanda yüz minlərlə, hətta milyonlarla “vətəndaş jurnalistikası” nümayəndəsi ilə ünsiyyətdəyik.
Bizneslərimizin böyük hissəsi 24/7 fəaliyyət göstərirsə, müəyyən sahələr üzrə məsuliyyət daşıyan menecerlər də bu reallığa uyğunlaşmalıdır.
Bu 730 gün ərzində cavabların kimisə qane edib-etməməsindən asılı olmayaraq, yadıma gəlmir ki, hansısa jurnalistin, yaxud vətəndaşın zəngini bilərəkdən cavabsız qoyum.
Çünki həmkarlarımı yaxşı anlayıram.
Bir vaxtlar sual verən tərəfdə mən olmuşam.
Bu işi aparmaq asandırmı?
Birmənalı şəkildə yox.
Media ekosistemi çox dəyişib. Bəzən əlində telefon çəkiliş edib paylaşan hər kəs özünü peşəkar jurnalist kimi təqdim edir və jurnalistikanın prinsipləri ilə uzlaşmayan tələblər irəli sürür.
Amma işimizi asanlaşdıran çox mühüm bir amil də var: peşəkar jurnalistlərlə qurulan sağlam və qarşılıqlı hörmətə əsaslanan kommunikasiya.
Mən həmişə düşünmüşəm ki, istənilən mətbuat xidmətinin uğurunu müəyyən edən əsas göstəricilərdən biri media ilə düzgün münasibət qura bilməsidir.
Bu iki il ərzində mənim üçün ən böyük üstünlüklərdən biri də məhz illərlə çalışdığım jurnalist mühitini, həmin insanların iş prinsipini, qayğılarını və gözləntilərini içəridən bilməyim olub.
730 gün arxada qaldı.
Bu müddətdə nə qədər uğurlu olduğumu özüm qiymətləndirmək istəmirəm. Ən düzgün qiyməti kənardan baxanlar, həmkarlarım, işlədiyim insanlar verə bilər.
Ona görə də bu yazını oxuyan dostların və həmkarların mənim bu iki illik fəaliyyətimlə bağlı fikirlərini də məmnuniyyətlə eşitmək istərdim.
Bəlkə qismət oldu, “Veysəloğlu”nda keçirdiyim günlərin sayı üç rəqəmdən dörd rəqəmə keçdi və bir gün 7300-cü günün hesabatını da sizinlə bölüşdüm.
Hələlik isə — 730 gün.
Və yol davam edir...
Məhəmmədəli QƏRİBLİ