Sosial şəbəkədə biz:

İcra nümayəndəsi mərhum qazinin ailəsindən qisas alır?

05 February 2022, 14:12
Gündəm

DOST Mərkəzi vasitəsi ilə işlə təmin olunan Nuriyyə Gülməmmədovanın maaşı kəsilib.
Bu barədə Qaynarinfo-ya onun özü məktubunda bildirib.
Şikayətçi müraciətində vurğulayıb ki, DOST Mərkəzi vasitəçiliyi ilə yaşıllıqlara xidmət göstərilməsi, təmizlik və abadlıq işlərinin həyata keçirilməsi üçün Çeyildağ qəsəbəsində işə götürülüb:
"İki azyaşlı övladım var və heç bir əlavə işlə məşğul olmuruq. Yanvar ayında həyat yoldaşım, Qarabağ qazisi Əliyev Maşallah vəfat etdi, onun dəfn mərasiminə görə bir neçə gün işə gedə bilmədim. Yanvar ayının maaşı ödənən zaman isə mənim əmək haqqım kəsildi. Səbəbini öyrənəndə Qaradağ Rayon İcra Hakimiyyətinin Çeyildağ qəsəbəsi üzrə nümayəndəsi Akif Cavadov bildirdi ki, işə gəlməmisən, buna görə də sənə bu ay maaş düşmür".
N.Gülmmədova bildirib ki, Akif Cavadov onlarla eyni qəsəbədə yaşayır və qazi həyat yoldaşının da vəfatından xəbəri olub:
"Sadəcə, həyat yoldaşım sağ olanda Akif Cavadovla düz gəlmirdi. Akif Cavadov icra nümayəndəsi kimi qəsəbədə müxtəlif qanunsuzluqlar edirdi, yoldaşım da hər zaman buna qarşı çıxırdı. Onun ölümündən istifadə edib, mənim maaşımı üzürlü səbəb ola-ola kəsdi. Məsələ ilə bağlı Qaradağ İcra Hakimiyyətinə şikayət etsəm də, məhəl qoyan olmadı. Dəfn zamanı gözlədim ki, İcra Hakimiyyətindən kimsə gəlib maraqlanar, sözdə də olsa, hər hansı yardım təklif edər. Çünki həyat yoldaşım birinci Qarabağ savaşında sağlamlığını itirib, uzun müddətdi idi də buna görə müalicə olunurdu. Dializ xəstəsi kimi rəsmi qeyddiyatda olub. Bu gün ölkə başçısı, Prezident İlham Əliyevin qazilərə, şəhid ailələrinə necə diqqət və qayğı ilə yanaşdığını görürük. Amma yerlərdə olan məmurlar prezidentimizin bu siyasətinə kölgə salırlar. Maraqlanıb, yardım göstərməməkləri bir yana qalsın, son ümid yerimiz olan 280 manat maaşı da kəsirlər. İki azyaşlı övladım var, qarşıdan həyat yoldaşımın 40 mərasimi də gəlir, onaları necə edəcəyəm, bilmirəm". 
Məsələ ilə bağlı DOST Mərkəzi ilə də əlaqə saxladıq. Mərkəzdən saytımıza bildirildi ki, icraçı qurum onlara göndərdiyi əməkhaqqı tabelinə əsasən Mərkəz tərəfindən maaş ödənilir. Yanvar ayına icraçı qurum Gülməmmədova Nuriyə Gülyusif qızının adına iş günü qeyd etməyib. Ona görə də ödəmə edilməyib.
Qeyd edək ki, müvafiq icraçı qurum Qaradağ Rayon İcra Hakimiyyətdir.
Qaradağ rayon Çeyildağ qəsəbə nümayəndəsi Akif Cavadov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Gülməmmədova Nuriyə Gülyusif maaşı işə gəlməməsi səbəbindən kəsilib:
"DOST Mərkəzi həftədə bir dəfə yoxlama aparır, çox güclü nəzarətə götürülür. Orada bir xanım var Münəvvər, bu işlərə nəzarət edir. Biz yas mərasimlərini başa düşürük. Qanunda olmasa da, əzizi rəhmətə gedən adamlara həmişə iş yerlərində bir həftə şərait yaradılır. Balaca qəsəbədir, hamı bir-birini tanıyır. Mən həmin xanımı bu neçə ayda işdə görməmişəm. Xanım qəti işə gəlmir. Bəs işə gəlməyən adama necə maaş yazaq? Bu mümkünsüzdür. Mən bu xanımı işdə görməmişəm".