Siyasətçilərdən Cavanşir Feyziyevə QINAQ
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı, Mətbuat Şurasının üzvü Cavanşir Feyziyev məqalə yazaraq Azərbaycanın tanınmış jurnalistlərini açıq şəkildə təhqir edib. Deputatın adlarını çəkib, təhqir etdiyi media nümayəndələrinin mövqeyini nəzərinizə çatdırmışdıq.
Bu məsələyə ictimai-siyasi sektorun nümayəndələri - AXP lideri Pənah Hüseyn, ANA Vətən partiyasının sədr müavini Arzuman Abdulkərimov və başqaları da reaksiya veriblər.

AXP lideri Pənah Hüseyn: "Milli Məclis üzvü Cavanşir Feyziyevin Azərbaycanın tanınmış ictimai siyasi xadimləri, media nümayəndələri barəsində məzmununa görə qeyri-adekvat, üslub, şəkil, ifadə tərzinə görə etikadan kənar, siyasi niyyətinə görə irticaçı provakasiya olan fikirlərini qəbuledilməz sayıb qınayıram".

ANA Vətən partiyasının sədr müavini Arzuman Abdulkərimov: "Cavanşir Feyziyevin dünənki bəyanatı onun həyatının ən böyük səhvi idi, gərək etməyəydi. Görünən odur ki, adam ya aqoniya vəziyyətindədir, ya da “va-bank” gedir, əks halda bu qədər öndə olan mətbuat nümayəndələrini təhqir etməzdi. Beləsinə deyirlər: həm suçlu, həm güclü. Amma məni maraqlandıran iki sual var. Nə üçün Milli Məclisin rəhbərliyi və üzvləri hələ də bu məsələyə münasibət bildirməyib? Çünki ortada çox ciddi faktlar var. Məhz bu deputata görə ölkəmizin bynəlxalq səviyyədə imicinə çox ciddi zərbə vurulub. Digər sual isə, görəsən Feyziyevdən qalaq-qalaq pul alaraq onun üçün məqalələr yazan, kitab və jurnallar çap edən, ondan “milli adam” obrazı yaratmağa çalışan məlum “mütəşəkkil dəstə” nin üzvləri onu niyə müdafiə etmirlər?)
Lənətə gəlmiş həyat…"
Musavat.com