“Əgər kimsə ərazilərimizdə səngər qazırsa, həmin adamın leşi o qazdığı səngərin içində qalmalıdır”
Xəbər verdiyimiz kimi, fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması müşahidə edilib. Müdafiə Nazirliyinin məlumatında deyilir ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb.
Məsələyə münasibət bildirən Ağ Partiyanın sədri Tural Abbaslı Demokrat.az-a açıqlamasında bildirib ki, bu, ermənilərin həmişəki xislətidir. Onun sözlərinə görə, Azərbaycan tez bir zamanda rus sülhməramlıların Qarabağdan çıxarılmasına nail olmalıdır:
“Xatırladım ki, 1988-ci ildə baş verən hadisələr də eynilə belə başlamışdı. Ermənilər addım-addım bizim Qarabağda yaşayan vətəndaşlarımıza qarşı terror edirdilər, yolu bağlayırdılar, gah səngər qazanırdılar, gah da hansısa təxribatlara əl atırdılar. Beləliklə, zaman-zaman bu təxribatların qarşısı alınmadığına görə, bir zaman ayıldıq ki, bu adamlar ordu yaradıblar və Azərbaycan ərazilərini işğal etməklə məşğuldurlar. İndi də eyni formada xislətlərini həyata keçirirlər. Əgər biz hər belə addımlar atılandan sonra bunun qarşısını alacağıqsa, bu, yaxşı məsələlərə gətirib çıxarmayacaq”.
T.Abbaslı hesab edir ki, Azərbaycan artıq qabaqlayıcı və sərt addımlar atmalıdır:
“Ümumiyyətlə, burada hərbi bir konflikt var. Təbii ki, bu hərbi konfliktə siyasi, diplomatik dildən daha çox hərbçilər cavab verməlidir, yəni bu məsələdə texnika, ordu, silah danışmalıdır. Əgər kimsə bizim ərazilərimizdə səngər qazırsa, həmin adamın leşi elə o qazdığı səngərin içində qalmalıdır ki, gələn səfər heç kim səngər qazmaq istəməsin. Amma, onlar səngər qazır, biz gedirik onları oradan təpikliyirik, qovuruq. Belə olmaz! Əlbəttə ki, onlar səhərisi gün gedib qıraqda qazacaqlar. Gedib, o adamların başına orada güllə vurmaq lazımdır. Çünki burada Azərbaycan Respublikasının ərazi bütövlüyü əleyhinə fəaliyyətlər gedir. Bu fəaliyyəti törədənlər cinayətkarlardır və yerindəcə məhv edilməlidirlər. Bu dünyanınn hər yerində belədir. Kimsə gedib ABŞ-ın ortasında səngər qazıb, deyə bilər ki, bura mənim ölkəmdir? Yəni, bu baxımdan artıq Azərbaycan sərt hərbi addımlar atmalıdır. Bu hərəkətlərdə, fəaliyyətlərdə bulunan insanlar birmənalı şəkildə məhv edilməlidir. Bundan başqa, orada olan rus sülhməramlılarının komandanlığına və rus sülhməramlıları ora göndərən Rusiya rəhbərliyinə birmənalı şəkildə çox kəskin formada nota verilməlidir və etiraz edilməlidir ki, ya siz burada bu terrorçuları yığışdırın, Azərbaycanın suverenliyinə təhdid yarada biləcək halların qarşısını alın, ya da imkan verin özümüz öz ərazilərimizdəki təhlükəsizliyi təmin edək. Yəni, dünya ictimaiyyətinə də bununla bağlı geniş məlumat verilməlidir və bildirilməlidir ki, rus sülhməramlıları öz işinin öhdəsindən gəlmir. Ümumiyyətlə, bu problemlərin birdəfəlik və tam aradan qalxması üçün rus sülhməramlıların tez bir zamanda oranı tərk etməsinə nail olmaq, orada Azərbaycan ordusunun hərbi hissələri yerləşdirilib, orada nizam-intizamı digər Azərbaycan ərazilərindəki kimi yaratmaq lazımdır. Əsas problem rus sülhməramlıların oradan çıxarılmasıdır. Rus sülhməramlıları tez bir zamanda, yəni 5 ilin tamamını gözləmədən, yaxın 3-4 ay ərzində oradan çıxarılmasına nail olmaq lazımdır. Yoxsa bizim Qarabağ məsələmiz hələ çox “su” aparacaq”.