Sosial şəbəkədə biz:

Britaniya ilə Azərbaycanın böyük birliyi Londonla 30 illik əlaqə Bakıya nə verdi?

23 February 2022, 09:19
Gündəm

Böyük Britaniya və Şimali İrlandiya Krallığının baş naziri Boris Conson Azərbaycan Prezidenti İlham Əliyevə diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə məktub göndərib və ölkəmizlə əlaqələri yüksək qiymətləndirib. Prezident İlham Əliyev də Böyük Britaniyanın baş nazirinə məktubunda  əlaqələrin inkişafından söz açıb:

“Bu dövr ərzində iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər məmnunluq doğurur. Birləşmiş Krallıq bu günədək Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayələr yatırmışdır. Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biri olan ölkənizi təmsil edən 600-ə yaxın şirkət Azərbaycanda bir sıra vacib layihələrə cəlb olunub və uğurla fəaliyyət göstərirlər. Enerji sahəsində sınaqdan çıxmış çoxillik strateji tərəfdaşlıq münasibətlərimizi xüsusi qeyd etmək istəyirəm. 1994-cü ildə ”Əsrin müqaviləsi" ilə əsası qoyulmuş enerji sahəsindəki əməkdaşlığımızın bu gün də müvəffəqiyyətlə davam etməsi səmərəli işgüzar əlaqələrimizin və qarşılıqlı etimadın təzahürüdür. Neft-qaz hasilatında etibarlı tərəfdaşımız olan BP şirkəti ilə strateji əməkdaşlığımız məmnunluq doğurur. Cənub Qaz Dəhlizinə Birləşmiş Krallığın verdiyi dəstəyi yüksək qiymətləndirir .  Eyni zamanda biz Birləşmiş Krallığın şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə verdiyi töhfəni alqışlayır, bu ərazilərin yenidənqurulması və bərpası işlərində yaxından iştirakını təqdir edirik".

Britaniya ilə Bakının böyük birliyi-Londonla 30 illik əlaqə bizə nə verdi?  Xüsusilə müharibə dövründə bizə verdikləri dəstəyin əhəmiyyəti oldumu?   

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Britaniyanın siyasi, iqtisadi əlaqələri Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunan dövrdən başlayıb. Əlaqələr ilk vaxtlardan inkişaf istiqaməti götürüb. Bizim əsas əməkdaşlığımız neft-qaz sənayesində Britaniyanın verdiyi töhfələrlə dərinləşib. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Britaniya əlaqələri yeni və çox böyük bir mərhələyə qədəm qoyub: “İqtisadi əlaqələrin güclənməsi Britaniya ilə Azərbaycan arasında siyasi əlaqələrin də genişləndirilməsini diktə edib. Azərbaycana Britaniya tərəfindən o zamandan bəri siyasi, təhlükəsizlik məsələlərində dəstək verilib. Azərbaycanın neft və qaz yataqlarının istismarında ən böyük xarici operator şirkət Britaniyanın BP şirkətidir. Azərbaycanın maliyyə, iqtisadi imkanlarının genişlənməsində bu əməkdaşlığın çox ciddi rolu olub və bu gün də var. Birgə iqtisadi layihələrin uğurla həyata keçməsi, reallaşdırılması üçün Azərbaycan arxasında Britaniya kimi dünya gücünün dayandığını hiss edib və bu, Azərbaycanın qətiyyətli siyasət yürütməsinə səbəb olan amillərdən biri olub. İngiltərə daim Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləyib. 44 günlük Vətən müharibəsi bitəndən dərhal sonra ilk bəyanatla çıxış eləyən və Azərbaycana dəstəyini ifadə edən İngiltərənin xarici işlər naziri olub. Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında qətnamə hazırlanan zaman Britaniya nümayəndəsinin qəti çıxışından sonra Azərbaycan əleyhinə qətnamənin qəbulunun qarşısı alınıb. BMT Təhlükəsizlik Şurasına daxil olan dövlət kimi Britaniya 44 günlük müharibədə Azərbaycana siyasi dəstək verib. Bu, çox vacib amildir”.