Sosial şəbəkədə biz:

Deputatdan Tofiq Yaqubluya cavab: “Bu, heç bir mənəvi-əxlaqi dəyərlərə sığmır”

28 February 2022, 20:27
Gündəm

“Dünyanın əsas gündəmi Rusiya-Ukrayna müharibəsidir. Müharibə, əlbəttə ki, Azərbaycanı da narahat etməyə bilməz. Biz münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik. Hətta Azərbaycan tərəflərin görüşü üçün vasitəçilik etmək öhdəliyini də üzərinə götürmüşdü. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, Azərbaycan milli maraqlara söykənən siyasət yürüdür və hər iki ölkə - həm Rusiya, həm də Ukrayna ilə yaxın münasibəti var: “Müharibə Ukrayna ərazisində gedir və ona görə də Azərbaycan Ukraynaya əsasən tibbi ləvazimatlardan ibarət yardım göndərib. Azərbaycan cəmiyyətində də müxtəlif fikirlər səsləndirilir, bir qisim Rusiyanın, digər qisim isə Ukraynanın haqlı olduğunu hesab edir. Əlbəttə ki, bu, normal haldır, demokratik cəmiyyətlərdə hər kəsin öz fikrini azad şəkildə ifadə etmək haqqı var. Lakin beynəlxalq münasibətlər sistemində dövlət siyasəti yürütmək tamamən fərqli məsələdir. Dövlət siyasəti uzunmüddətli strategiya əsasında qurulur. Ötən gün də Ukraynanın Azərbaycandakı səfirliyinin inzibati binası qarşısında aksiya keçirilib. Təəssüf ki, bir sıra anti-milli qüvvələr, xüsusilə də Milli Şuranın üzvləri Tofiq Yaqublu və Gültəkin Hacıbəyli "harada aş, orada baş" prizmasından çıxış edərək həmin aksiyaya dərhal qoşulub və səfirliyin nümayəndəsinə yaxınlaşaraq guya aksiyanı onların təşkil etdiyini bildiriblər. Həmçinin, səfirlik nümayəndəsinə deyiblər ki, “utanırıq, təəssüflər olsun ki, bu gün Azərbaycan dövləti sizin yanınızda deyil”. Bilmək lazımdır ki, bu aksiya üçüncü dövlətə qarşı yönəlməyib, sadəcə olaraq, Ukraynaya dəstək xarakteri daşıyır. Maraqlısı budur ki, 1990-cı illərin əvvəllərində Azərbaycanı fəlakətə sürükləyən, işğalçılara rahat şərait yaradan AXC-Müsavat cütlüyünün üzvləri indi də Ukrayna diplomatından Azərbaycan hökuməti adından üzr istəyirlər, bu, heç bir mənəvi-əxlaqi dəyərlərə sığmır. Onların bu niyyəti ukraynalı diplomat tərəfindən qətiyyətlə alınıb və o qeyd edib ki, “biz Azərbaycan xalqına da, dövlətinə də minnətdarlığımızı bildiririk”. Onun eyni zamanda, "Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib" ifadəsi Milli Şuranın cılız düşüncəli, hər fürsətdə dövlətə qarşı çıxan anti-milli qüvvələrinə yaxşı cavab olub. Rusiya-Ukrayna müharibəsi bizi çox üzür, çünki hər iki tərəfdən xeyli itki var. Belə bir vaxtda, bu cür addımın atılması Tofiq Yaqublu kimilərin ötən 30 ildə daha da cılızlaşdığının sübutudur. Cəmiyyət bir daha başa düşdü ki, minlərlə insanın ölümü heç bir haldan Milli Şuranın üzvlərini narahat etmir”.