Sosial şəbəkədə biz:

Qusarda hotelin kotecində 4 nəfər ölüb

22 January 2023, 11:07
Gündəm

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndində "Park Qusar" istirahət mərkəzinin ərazisində kotecdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.

Yanğın nəticəsində "Park Qusar" istirahət mərkəzinin ərazisində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kotec yanıb. Yanğın nəticəsində 6 nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.

Yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı koteclər və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş ilkin araşdırmalarla yanğının kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindın baş verdiyi ehtimal edilir.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.