“Zirzəmilərdə saxlayıb, toz-torpağa batırıb 1000 dollara satırlar...” — AÇIQLAMA
Şamaxı III Üzüm və Şərab Festivalına ev sahibliyi edəcək. Festival sentyabrın 7-8-də Şamaxının Meysəri kəndində Dövlət Turizm Agentliyinin və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək. Tədbirin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, ölkəmizdə üzümçülük və şərab istehsalı tarixini, bu sahədə görülən işləri geniş ictimaiyyətə çatdırmaqdır. Festivalda ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanışlıq imkanı qazanacaq, onlara müxtəlif əyləncə və şou proqramlar təqdim olunacaq, yerli və xarici istehsalçıların şərab məhsullarının dequstasiyaları təşkil ediləcək, şərab evlərinin maraqlı hekayələrini izləmək imkanı yaradılacaq. Ölkəmizin ayrı-ayrı bölgələrindən olan üzüm emalı və şərab istehsalı zavodları çeşidli şərablar nümayiş etdirəcək, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə əldə edə biləcək.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, spirtli içki istehsalı üçün 2019-cu ildə hökumət önəmli qərar verərək lisenziyanı ləğv etdi:
“Bu qərardan bəzi istehsalçılar sui-istifadə etməyə başladılar. O vaxta qədər ölkədə spirtli içki istehsalçıları barmaqla sayılacaq qədər idi, indi isə onların sayı 56-dan çoxdur. Araq istehsal etmək asandır, ona görə də bazarda keyfiyyətsiz, mənşəyi məlum olmayan araqlara rast gəlinir. Lakin 2019-cu ildən bəri 2-3 şərab istehçısı fəaliyyət göstərir. Çünki şərab asan istehsal edilmir, bunun üçün gərək üzümlüklər, plantasiyalar olsun, davamlı istehsal prosesi getsin. Şərab istehsalçılarının az olduğu bir vaxtda belə bir festivalın keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Düşünürəm ki, Azərbaycan şərabı keyfiyyəti ilə seçilir. Bir neçə il bundan qabaq Fransanın cənubundakı aqrar zonalardan birinə konfransa getmişdim, özümlə “Gəncə Şərab-2”nin şərablarını götürmüşdüm. Konfransda bir neçə ölkədən təmsilçilər var idi, şərabımızın dadına baxdılar. Qayıtdıqdan sonra mənə məktub gəldi ki, “Gəncə ŞƏrab-2”nin şərabı “Yeddi Gözəl” qızıl medala layiq görülüb. Hətta Fransa kimi bir ölkədə yerli Gəncə şərabı yüksək qiymətləndirilmişdi.
Təəssüf ki, bazarda yerli şərab istehsalçısı azdır, şərab istehsalını artırmaq üçün kənd təsərrüfatının üzümçülük sahəsi inkişaf etdirilməlidir.
Fikrimcə, Azərbaycan şərabı dünya bazarlarına çıxarıla bilər və rəqabətə davamlı məhsul kimi seçilə bilər.
İnsanlar düşünür ki, şərab qaldıqca dadı,keyfyyəti yaxşılaşır, bu tamamilə yanlış fikirdir. Şərabların satış şəbəkəsində saxlanma müddəti 6 aydan çox olmamalıdır.
Üzərində istehsal və son istifadə tarixi göstərilən şərablara üstünlük vermək lazımdır . Şərabı illərlə zirzəmilərdə saxlayıb sonra toz-torpağa batırıb 1000 dollara satırlar, bu, bütün dünyada istehlakçıların aldadılmasından başqa bir şey deyil”.