Azərbaycan təhsilinin sağalmaz bəlası
Dərsdən sonra müəlliminin yanına hazırlığa getmək məktəblərdə kütləvi xarakter alan bir prosesə çevrilib.Mexanizm belədir: 5-6 saat məktəb dərslərindən sonra yorğun olan uşaq məktəbdə müəlliminin hazırlığında iştirak edir. Müəllim 15-20 uşağı bir sinifə yığıb güya onlarla məşğul olmağa başlayır. Təbii ki, fiziki və zehni yorğun olan uşaq çətin ki, izah olunan nəyisə yadda saxlaya bilsin. Amma buna heç ehtiyac da olmur. Çünki qoçaq müəllim onlara nəyisə izah etməyi artıq sayır. Ancaq həmin uşaqların ev tapşırıqlarını lövhədə həll edir. Belə olan halda müəllim uşaqları misal və məsələ üzərində fikirləşməkdən, bir sözlə zehni qabiliyyətlərini inkişaf etdirməkdən məhrum edir. Müstəqil fikirləşmək qabiliyyətindən məhrum olan uşağa gələcəkdə nəsə öyrətmək də böyük bir problemə çevrilir. Uşaqlara ancaq lövhədən yazılanları köçürmək qalır. Müəllim isə növbəti dərs zamanı özünün həll etdiyi, uşağın isə ancaq lövhədən dəftərə köçürtdüyü misalları "yoxlayıb" yüksək qiymət yazır. Bu prosesdən hər üç tərəf - müəllim, şagird və valideyn məmnundur.
Müəllim məmnundur ona görə ki, hər ay hər uşağa görə rahat şəkildə 50-60 manat pul əldə edir. Bu proses həmdə ona gətirib çıxarır ki, müəllim artıq əsas diqqətini dərsdən sonrakı ödənişli dərslərinə yönəldir, qanuni dərslərini isə məqsədli şəkildə yaxşı tədris etmir ki, dərsləri yaxşı mənimsəyə bilməyən uşağın valideyninə desin ki, uşağın zəifdi onu dərsdən sonrakı ödənişli dərslərə göndər. Həmdə burada paradoksial bir vəziyyət yaranır: uşağın zəif bilməsinə görə valideyn müəllimi ittiham etmək əvəzinə, müəllim valideyni ittiham edir ki, uşağı məşğələyə qoymursan.
Uşaq məmnundur ona görə ki, o evdə misal və məsələ həll etmək "əzabını" yaşamır, zəif qiymət almaqdan və buna görə evdə danlanmaqdan sığortalanır.
Valideyn məmnundur ona görə ki, o aylıq 50-60 manatın müqabilində uşağına misal və məsələ həll etməkdə kömək etmək kimi "cansıxıcı" bəzən də "əzabverici" işdən azad olur. Həm də uşağının dərslərindən yüksək qiymət almasının "sevincini" geninə-boluna yaşayır.
Bu proses o vaxta qədər rəvan gedir ki, uşaq özü müstəqil şəkildə hansısa imtahan verməli olur. Bax onda uşağın və valideynin qara günləri başlayır. Məlum olur ki, uşaq müəllimin uzun illər dərsdən sonrakı sehirli dərslərindən nəsə öyrənə bilməyib. Bundan sonra valideyin uşağı tədris mərkəzlərinə və ya repetitorların yanına hazırlığa göndərir. Müsbət nəticə əldə etmək üçün ilk növbədə uşağa fikirləşmək, nəyisə yadda saxlamaq vərdişlərini öyrətmək lazım gəlir. Bu isə xeyli çətin, zəhmət tələb edən və vaxt aparan bir prosesdir. V sinifdə oxuyan uşağa nəsə öyrətmək üçün II sinifin dərslərini öyrətməkdən başlamaq qədər çətin.
Bu vəziyyətlə bağlı Azərbaycan təhsilində yeni terminlər də yaranıb: V sinifdə oxuyan II siniflər kimi.
Çıxış yolu varmı? Hələ ki, yeganə çıxış yolu kimi daha çox o görünür ki, valideynlər kütləvi şəkildə bunu başa düşüb uşaqlarının taleyini vaxtında fikirləşsinlər.
İqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov