Sosial şəbəkədə biz:

Elşən Manafov: "PKK-nın Öcalanın bir çağırışa ilə silahları yerə qoyacağı inandırıcı təsir bağışlamır"

Abdullah Öcalanın çağırışı ilə PKK terror təşkilatı 4 maddəlik bəyanatla özünü buraxır: 1.PKK-nın Türkiyə dövlətinə qarşı apardığı siyasi və hərbi qarşıdurmaya son qoyulacaq. Bundan sonra PKK siyasi və hüquqi yollarla mübarizə aparacaq. 2.PKK-nın dağılması ilə bütün PKK fəaliyyətləri dayandırılacaq. 3.Ləğvetmə qərarının açıqlandığı tarixdən etibarən İraq, İran, Suriya və Türkiyədə PKK adına heç bir hərbi və siyasi iş aparılmayacaq. 4.PKK-nın silahlı mübarizəsinə son qoyulması prosesinin əməli icrasından PKK Başqanlıq Konseyiı məsul olacaq. Türkiyədən PKK-ya qoşulan ünsürlərə aid silahların təhvil verilməsi üçün ortaq komitə yaradılacaq.

O da məlumdur ki, PKK terror təşkilatı terror aktlarına başladığı 1984-cü ilin avqustundan üzü bəri on minlərlə insanın ölümünə səbəb olub. Elə kürd uşaqları oğurlayaraq dağlarda terror fəaliyyətinə cəlb edib və onların həyatını məhv edib. Bu bir. İkincisi, PKK çoxsaylı mülki şəxsləri, məhmətçikləri öldürüb. İndiyə qədər PKK terrorunun qurbanı olan bu dinc insanlardan bu terror təşkilatı adına üzr istəmək baş vermədi. Digər tərəfdən bəs bu cinayət işlərinə, əməllərinə görə hüquqi məsuliyyət məsələsi necə olacaq? Günahsız insanların öldürülməsinə görə PKK adına üzr istəməyi kim və necə edəcək? Bunsuz Türkiyə cəmiyyəti sakitləşə bilərmi?

Sözügedən məsələni Azinforum.az-a şərh edən politoloq Elşən Manafov buna bir neçə aspektdən yanaşdı: “PKK-nın buraxılacağı və fəaliyyətinə xitam veriləcəyi ilə baglı xəbərlər bu ilin fevral ayından etibarən gündəmdə idi. Belə ki, məhz fevralın 25-də İmralı adasında ömürlük həbs cəzası çəkən PKK lideri Abdulla Ocalanın təşkilata silahlı mübarizənin dayandırılması və özünü buraxmaq barədə bəlli müraciəti bu qəbilədən olan xəbərlərin gündəmə gəlməsinə səbəb olub. Türkiyənin xüsusi xidmət orqanları bununla bağlı uzun müddət idi ki, Ocalanla danışıqlar aparırdılar. Əlbəttə, rəsmi Ankaranın tapşırığı ilə. Türkiyədə 2023-cü ilin prezident seçkiləri kürd millətçiliyi mövqeyindən çıxış edən və parlamentdə təmsil olunan Demokrat Partiyasının siyasi proseslərə təsir imkanlarının əvvəlki dövrlərlə müqayisədə zəiflədiyinin göstəricisi oldu. Bunu demokratik kompromisə gəlmək məqsədilə Öcalanın nəzərinə Türkiyə iqtidarına yaxın Millətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı da çatdırdı. Onun Öcalanın qardaşı oğlu, Türkiyə parlamentində kürd millətçilərini təmsil edən deputat İ. Öcalan vasitəsilə apardığı danışıqlar Türkiyənin demokratik gələcəyinə dair kompromis razılıqların əldə edilməsi ilə nəticələndi. Bundan əlavə Öcalanın qərarına onun adadakı durumu, habelə ona vəd edilən bəzi təkliflər də təsir göstərmiş oldu. Nəticə etibarı ilə mayın 7-də PKK özünün 12-ci qurultayını keçirərək silahı yerə qoyacağını və fəaliyyətini bundan sonra qanunvericilik bazası əsasında davam etdirəcəyini bəyan edib. Bu qərara Baxçalının qeyd etdiyi kimi Mardin şəhərinin meri, kürd millətçilərinin ağsaqllarından sayılan Əhməd Türkun də ciddi təsiri olub. PKK-nın özünü buraxması və fəaliyyətini dayandıracağı ilə bağlı qərarı Türkiyəni 50 ildən yuxarı təhdid edən terror təhlükəsinin nəhayət ki, aradan qalxacağı və ya ən azı səngiyəcəyi ilə bağlı fikirləri səsləndirməyə əsas verir. Lakin, Öcalanın bu çağırışına Suriya və İraq ərazisində dislokasiya mövqeləri olan PKK-nın məlum qüvvələrin də adekvat cavab verəcəyi hələ də sual altındadır. Suriyada PKK lideri Cəmil Bayık Öcalanın bu çağırışına münasibətdə bu qərarın onun özünə aidiyyəti ilə bağlı olduğunu qeyd edərək PKK-nın Suriya qanadının bu müraciətə əsasən fəaliyyətini dayandırmayacağını bəyan edib. Ümumiyyətlə isə PKK-nın Öcalanın bir çağırışa ilə silahları yerə qoyacağı da, inandırıcı təsir bağışlamır. Belə ki, Öcalan hələ Ecevit iqtidarı dövründə Keniyada zərərsizləşdirilmiş və həbs edilmişdi. Bəllidir ki, o İmralıdakı adadan və təşkilatın fəaliyyətinə rəhbərlik etmirdi. Digər tərəfdən PKK-nın Suriyadakı qanadına uzun illərdən bəri ABŞ-ın maliyyə və hərbi dəstək göstərdiyi bəlli idi. ABŞ administrasiyasından müvafiq göstərişlər almadan onun dərhal fəaliyyətini dayandıracağı da, inandırıcı deyildi. Nəhayət, nəzərə almaq lazımdır ki, PKK vasitəsilə uzun illər Türkiyəni təhdid edən tərəflərdən biri İsrail olmuşdur və regional təhlükəsizlik problemlərinə Ankara ilə fərqli baxışların qaldığı bir şəraitdə Təl Əvivin PKK ilə əməkdaşlıqdan çəkinməyəcəyi birmənalıdır. Suriyada real hakimiyyət Ankara ilə bağlılığı olan keçid hökumətinin nəzarətinə keçdikdən sonra bəllidir ki, Türkiyə Əş Şaara iqtidarı vasitəsilə mövcud problemi nizamlamağa çalışacaq. Ankara və Təl Əviv arasında münasibətlərdəki gərginliyin aradan qaldırılmasında aydındır ki, rəsmi Bakı regional təhlukəsizlik, habelə hər iki tərəflə strateji tərəfdaşlıq münasibətlərindən çıxış edərək vasitəçilik etmək üçün geniş imkanlara malikdir. Belə ki, hər iki tərəflə rəsmi Bakı yüksək etimad kəsb edən əlaqələrə malikdir”.

Vidadi ORDAHALLI


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol