Məmmədyarovun erməni nazirlə şam yeməyi - zərurətdən doğan addım, yoxsa...
Fərhad Mehdiyev: “Yəqin ki, məqsəd bir qədər yumşaq formatı təmin etmək olub”; Azər Rəşidoğlu: “Məmmədyarov şam yeməyindən imtina edə bilərdi, lakin...”
Dekabrın 8-də Hamburqda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında rəsmi görüş planlaşdırılsa da, bu, ikinci tərəfin imtinası səbəbindən baş tutmayıb. XİN-in mətbuat katibi Hikmət Hacıyev mətbuata açıqlamasında bildirib ki, görüş baş tutmasa da, tərəflər arasında birgə şam yeməyi olub.
Bəs belə olduğu halda nədən azərbaycanlı nazir şam yeməyində Nalbəndyanla bir masa arxasında əyləşib və masa arxasında nə danışılıb?
XİN mətbuat katibi bildirib ki, bu, növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün lazım olub. Politoloq Fərhad Mehdiyevə görə, əslində 3 nəfərin iştirakı ilə şam yeməyi olubsa, bunu görüşün baş tutmaması kimi xarakterizə etmək olmaz: “Yəqin ki, məqsəd bir qədər yumşaq formatı təmin etməkdir. Böyük ehtimalla hiss olunub ki, hər hansı bir pozitiv irəliləyiş olmayacaq. Tərəflərin bir araya gəlməsindən xırda da olsa, irəliləyişin olmadığı kimi imic yaranmasın deyə, görüşün formatın dəyişib, bunu şam yeməyi şəklində aparıblar. Əlbəttə ki, şam yeməyində hər hansı bir razılığa gəlmək və sənəd imzalamaq kimi gözləntilər olmur. Burada hansı tərəfin görüşdən üstünlük qazandığını söyləmək də çətindir. Ancaq qeyd edim ki, burada sanki bir qədər ermənilər üstünlük qazanırlar. Çünki aprel hadisələrindən sonra hər kəs gözləyirdi ki, hərbi əməliyyatlar aparılmayacaq və sülh danışıqları prosesində irəliləyiş təmin olunacaq. İndi isə irəliləyişin təmin olunmaması bizim əleyhimizə, ermənilərin lehinədir. Əslində bu da yeni bir hal deyil. Ermənistan çalışır ki, de-fakto yaranmış vəziyyəti uzatsın. De-yure onlar bilirlər ki, haqq, hüquq onların tərəfində deyil. Buna görə də qırılma nöqtəsini gözləyirlər”.
Ekspertin fikrincə, qırılma nöqtəsi bu olacaq ki, tərəflər mövcud vəziyyətlə razılaşacaqlar: “Nəticədə isə Azərbaycanın tərəfini tutanlar, daha bu cür olmayacaq. Eyni zamanda bir neçə qondarma ölkə olub ki, onlar Dağlıq Qarabağın ”müstəqilliyini" tanıyıblar. Həmin tanımaların da sayı artacaq. Bunların sayı 10-15 olduqdan sonra ermənilər deyəcəklər ki, artıq Dağlıq Qarabağın müstəqilliyi bir çox ölkələr tərəfindən tanınır və sairə. Bir sözlə, ermənilərin hazırda əsas siyasəti vaxt udmağa çalışmaqdır. Bu il də aprel hadisələrinin təkrarlanıb-təkrarlanmayacağını söyləmək çətindir. Ancaq əlbəttə ki, buna ehtimal da yox deyil. Çünki ermənilər də daxil olmaqla, heç kim aprel savaşının başlayacağını ehtimal etmirdi. Potensial bir təhlükə olduğunu bilsələr də, bu cür müharibənin olacağını kimsə təyin edə bilməzdi. Hesab edirəm ki, indiki halda İsrailin baş naziri Netanyahunun Bakıya gəlməsi “Dəmir günbəz” mühafizə sisteminin qurulması ilə də bağlı ola bilər. Məlumdur ki, ermənilər bizə dəfələrlə hədə-qorxu gəliblər ki, yenə hücumlar olarsa, Azərbaycanın strateji obyektlərini vurarıq. Əgər bu sistem qurularsa, Azərbaycan hərbi əməliyyatların başlamasında daha cəsarətli olar. Çünki bu, hava hücumuna qarşı kifayət qədər effektli bir sistemdir".
Siyasi şərhçi Azər Rəşidoğlu da bildirdi ki, Azərbaycanın danışıqlara hazır olduğunu nümayiş etdirmək üçün bu kimi ziyafətlərdə iştirak məqbul variantdır: “Yenilənmiş Madrid prinsiplərini müzakirə edəcəkdilər. Bununla bağlı isə görünür, tərəflər razılığa gələ bilmirlər. Bu baxımdan, istər Minsk Qrupunun təkliflər paketindən, istərsə də Ermənistan və Azərbaycan rəhbərliyinin, xarici işlər nazirlərinin görüşündən nə isə gözləmək yersiz olardı. Sadəcə olaraq, şam yeməyi ilə, diplomatların görüşü ilə vasitəçilərin ”biz savaşın əleyhinəyik və danışıqları davam etdirmək fikrindəyik" mesajının verilməsi idi. Eyni zamanda bu, görüntü üçün atılan addım idi. Elmar Məmmədyarov şam yeməyindən imtina edə bilərdi. Ancaq bu zaman mümkün idi ki, Ermənistan tərəfi də Azərbaycanın danışıqlara hazır olmadığını bəyan etsin. Qarabağ məsələsində haqlı tərəf Azərbaycandır. Bu baxımdan, istənilən danışıqlarda Azərbaycan tərəfi iştirak etməlidir. Dünya ictimai rəyi və mətbuatı qarşısında Azərbaycanın danışıqlara hazır olduğunu nümayiş etdirmək üçün bu kimi ziyafətlərdə iştirak məqbul variantdır və təqdirəlayiqdir".
musavat.com