Sosial şəbəkədə biz:

Trampın Bakıya seçdiyi səfir qalmaqalla üzləşib

Trampın Bakıya seçdiyi səfir qalmaqalla üzləşib
Xəbər Şəkli
13 November 2026, 16:36
Gündəm

ABŞ prezidenti Donald Trampın Azərbaycana səfir vəzifəsinə namizəd göstərdiyi Aleksandr Olden barədə son günlər Qərb mediasında bir sıra ittihamlar səslənir. Onlardan biri Oldenin vaxtilə sanksiyalara məruz qalmış bosniyalı serb lider Milorad Dodikə dəstək verməsi ilə bağlıdır. "OC Media"nın yazdığına görə, Dodikin 2025-ci ildə ABŞ-nin sanksiya siyahısından məhz Trampın göstərişi ilə çıxarıldığı iddia olunur.

ABŞ-nin "Semafor" nəşri isə Oldenin fəaliyyəti ilə bağlı yazıda azı altı mənbəyə istinad edib. Məqalədə o, Bosniya və Herseqovinanın əsasən serblərin yaşadığı Serb Respublikası inzibati qurumu ilə Tramp administrasiyası arasında münasibətlərin istiləşməsində əsas fiqurlardan biri kimi göstərilir. Mənbələrdən biri Oldenin Dodikin maraqlarını müdafiə etdiyini, bəzilərinin hətta onu "Dövlət Departamentindəki serb" adlandırdığını deyib. Həmçinin onun əvvəllər geniş yayılmış boşnak soyadı olan Mulabdiç soyadını daşıdığı, sonradan isə dəyişdiyi bildirilir.

Senator namizədliyin sürətlə təsdiqlənməsinə qarşı çıxıb

ABŞ senatoru Tom Tillis noyabrın 10-da Aleksandr Oldenin namizədliyinin sürətlə təsdiqlənməsinə imkan verməyəcəyini açıqlayıb. Belə olarsa, onun səfir postuna təsdiqlənməsi gələn ilin yanvarına — yeni Konqres işə başlayanadək uzana bilər.

Tramp iyunun əvvəlində Virciniya ştatından olan A.Oldeni Azərbaycana səfir vəzifəsinə irəli sürüb. O, bundan əvvəl ABŞ Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasında və Pentaqonda yüksək vəzifələr tutub, dövlət katibinin Avropa məsələləri üzrə müavini kimi ABŞ ilə Avropa İttifaqı arasındakı münasibətlərin gücləndirilməsi üzərində işləyib.

A.Olden hazırda Atlantik Şurasının Brent Skoukroft adına Strateji və Təhlükəsizlik Mərkəzinin "Geostrategiya Təşəbbüsü" proqramında qeyri-rezident baş elmi işçidir.

"Palantir"lə maliyyə əlaqələri

Oldenlə bağlı müzakirə doğuran digər məsələ onun ABŞ-nin "Palantir" texnologiya və müdafiə sənayesi şirkəti ilə maliyyə bağlılığıdır. NOTUS nəşrinin araşdırmasına görə, o, 2021-ci ildən bu şirkətdə baş məsləhətçi işləyir. Olden "Palantir" şirkətində 5–25 milyon dollarlıq səhmə, həmçinin hələ tam adına keçməmiş 1–5 milyon dollarlıq əlavə paya sahib olduğunu açıqlayıb. O, Senat namizədliyini təsdiqləyərsə, 90 gün ərzində səhmlərini satacağına və şirkətdəki işindən ayrılacağına söz verib.

Bu ilin martında yayılan rəsmi məlumata görə, Azərbaycan rəsmiləri Böyük Britaniyada "Palantir" şirkətinin nümayəndələri ilə görüşüb, əməkdaşlıq imkanlarını müzakirə ediblər.

ABŞ-nin Azərbaycandakı sabiq səfiri Mark Libbi 2024-cü ilin dekabrında səhhəti ilə bağlı istefa verib. Hazırda Bakıdakı diplomatik missiyaya ötən ilin iyulundan müvəqqəti işlər vəkili Emi Karlon rəhbərlik edir.