Arı təsərrüfatları tənəzzüldə
Son illər Azərbaycanda arıçılıq sahəsində ciddi geriləmə müşahidə edilir. 2024-cü illə müqayisədə ötən il arı ailələrinin sayı, bal və digər arıçılıq məhsullarının istehsalı azalıb, balın qiyməti isə bahalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkə üzrə 29,5 min arıçılıq təsərrüfatı mövcud olub. Ötən bir il ərzində bu sektorda fəaliyyət göstərən təxminən 1145 təsərrüfat fəaliyyətini dayandırmalı olub. Nəticədə bu sahədə məşğul olan sahibkarların sayı 3,7 faiz azalıb.
Qeyd edək ki, 2018-ci ildən etibarən hər arı ailəsinə görə dövlət tərəfindən 10 manat məbləğində subsidiyanın təyin edilməsi bu sektora marağı artırmışdı. Nəticədə 2021-ci ilə qədər arıçılıqla məşğul olan təsərrüfatların sayında təxminən 10 faiz böyümə müşahidə edildi. Bu proses istehsal prosesinə təsir göstərdi və məhsul buraxılışında müvəqqəti artıma nail olundu.
Lakin 2022-ci ildən etibarən sektorda fəaliyyət göstərən təsərrüfatlar bazarı sürətlə tərk edir. 2022-2025-ci illər ərzində 12 faiz və ya 4 minə yaxın kiçik sahibkar fəaliyyətini dayandırmalı olub. Təsərrüfatların azalmasının əsas səbəbləri sırasında arı ailələrinin sayının kəskin şəkildə azalması və onların kütləvi məhv olması göstərilir. Arıçılar sosial media qruplarında virus və xəstəliklərlə mübarizədə zəif qalmaları, həmçinin yem bazalarının məhdudluğu səbəbindən arıların sürətli şəkildə məhv olmalarından şikayət edirlər. Nəticədə itkilərlə yanaşı, məhsuldarlıq da aşağı düşür. Rəsmi açıqlamalarda bu proses iqlim dəyişiklikləri və ekoloji amillərlə izah olunur. Bir sıra ekspertlər isə əvvəlki illərdə olan artımı dövlətdən maliyyə dəstəyi almaq üçün süni yaradılan “kəmiyyət sıçrayışı” kimi şərh edirlər.
DSK-nın məlumatına görə, 2025-ci ildə sözügedən təsərrüfatlarda 545,1 min arı ailəsi mövcud olub və buradan ümumilikdə 4757 ton bal əldə edilib. 2024-cü illə müqayisədə arı ailələrinin sayı 5,9 faiz, bal istehsalı isə 7,9 faiz azalıb. Bundan əlavə, 122,9 ton mum, 7,5 ton vərəmum, 14,9 ton güləm və 254 kq arı südü də istehsal olunub. 2025-ci ildə mum istehsalı 6,9 faiz, vərəmum istehsalı 12,2 faiz, güləm istehsalı isə 11,2 faiz azalıb. Yalnız arı südü istehsalında 6,2 faiz artım qeydə alınıb.
2018-ci ildə dövlətin maliyyə dəstəyindən sonra təsərrüfatların sayının artması bal istehsalına da müvəqqəti müsbət təsir göstərmişdi. Belə ki, 2018-2022-ci illərdə bal istehsalında təxminən 50 faiz artım müşahidə olunmuşdu. Lakin 2022-ci ildə ölkədə 7446 ton bal istehsal edildiyi halda, 2023-cü ildə bu göstərici 39 faiz olmaqla kəskin şəkildə azaldı. Artıq son üç ildə ölkə üzrə bal istehsalında azalma tendensiyası müşahidə olunur.
İstehsalın azalması arıçılıq məhsullarının qiymətinə də təsir göstərir. 2024-cü ildə bir kiloqram balın orta qiyməti 28 manat olduğu halda, 2025-ci ildə bu göstərici 28,5 manata yüksəlib, yəni 1,8 faiz artım olub. Bundan əlavə, mumun orta qiyməti 17,7 manat, vərəmumun 135,3 manat, güləmin 154,6 manat, arı südünün isə 1 qramının orta satış qiyməti 6,8 manat təşkil edib.