Sosial şəbəkədə biz:

Erməni malı Azərbaycan bazarına gəlir – ilk yükdə nə olacaq?

Erməni malı Azərbaycan bazarına gəlir – ilk yükdə nə olacaq?
Xəbər Şəkli
14 September 2026, 12:08
İqtisadiyyat

Azərbaycanla Ermənistan arasında uzun illərdən sonra formalaşan ticarət münasibətləri yeni mərhələyə keçir. İndiyədək əsasən Azərbaycan məhsulları Ermənistana göndərilirdisə, yaxın vaxtlarda əks istiqamətdə də ilk kommersiya yükünün daşınması gözlənilir.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin tezliklə Azərbaycana məhsul ixrac etməyə başlayacağını açıqlayıb.

“Azərbaycanla qarşılıqlı mal ticarəti gündəliyi mövcuddur. Yaxın gələcəkdə Ermənistandan Azərbaycana da ixrac həyata keçiriləcək”, - Paşinyan bildirib.

Baş nazir ixrac olunacaq məhsulun adını, şirkəti və daşınma marşrutunu açıqlamayıb.

Paşinyan hələ 2026-cı ilin yanvarında tərəflərin qarşılıqlı ticarət üçün potensial məhsulların siyahısını mübadilə etdiyini bildirmişdi. Azərbaycan isə artıq Ermənistana benzin və dizel yanacağı göndərir. Bu daşımalar Gürcüstan ərazisindən dəmir yolu ilə həyata keçirilir. İlk erməni yükünün də Gürcüstan üzərindən göndəriləcəyi, yoxsa İran marşrutundan istifadə olunacağı hələ məlum deyil. Azərbaycan–Ermənistan sərhədinin ticarət üçün birbaşa açılması isə prosesə tamamilə yeni siyasi məzmun verə bilər. Əsas sual ilk yükdə hansı məhsulun olacağıdır.

Ermənistan kənd təsərrüfatı və ərzaq məhsulu, metal və emal sənayesi malları, yaxud tikinti materialları təklif edə bilər. Lakin məhsulun Azərbaycan bazarında rəqabət qabiliyyəti, təhlükəsizlik və keyfiyyət standartlarına uyğunluğu ayrıca qiymətləndirilməlidir. Ermənistan müxalifətinin və biznes dairələrinin Azərbaycanla ticarətə münasibəti də diqqət çəkir. İrəvanda bu prosesin iqtisadi zərurət, yoxsa Bakıya siyasi güzəşt kimi təqdim ediləcəyi ilk ixracın taleyinə təsir göstərə bilər.

İlk yükü hansı şirkətin göndərəcəyi, məhsula Azərbaycan bazarında ehtiyacın olub-olmadığı və bu ticarətin iki ölkə arasında davamlı iqtisadi münasibətə çevrilib-çevrilməyəcəyi barədə Musavat.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov cavab verib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında ticari-iqtisadi əlaqələrin formalaşması artıq başlayıb. Azərbaycandan Ermənistana neft məhsullarının ixracı bunun konkret göstəricisidir:

“İndi isə əks istiqamətdə, Ermənistandan Azərbaycana ilk kommersiya yükünün göndərilməsi qarşılıqlı ticarətin yeni mərhələyə keçdiyini göstərə bilər. İlk yükün hansı məhsuldan ibarət olacağı, təbii ki, maraq doğurur. Burada məncə, əsas məsələ məhsulun siyasi deyil, iqtisadi baxımdan qiymətləndirilməsidir. Ermənistan Azərbaycana kənd təsərrüfatı və ərzaq məhsulları, müəyyən sənaye və mədən məhsulları, eləcə də tikinti materialları ixrac edə bilər. Lakin bunun üçün həmin məhsullara Azərbaycan bazarında real tələbat olmalı, onlar qiymət və keyfiyyət baxımından rəqabətqabiliyyətli olmalıdır”.

Deputat bildirib ki, Azərbaycan bəzi kənd təsərrüfatı və ərzaq məhsulları üzrə idxaldan istifadə edir:

“Əgər həmin məhsulların Ermənistan istehsalı olan analoqları Azərbaycan bazarının tələblərinə cavab verirsə, onların Ermənistandan idxalı iqtisadi baxımdan məntiqli ola bilər. Burada Ermənistanın əsas üstünlüyü coğrafi yaxınlıqdır. Yaxın regiondan məhsul gətirilməsi uzaq bazarlardan idxalla müqayisədə logistika xərclərini azalda bilər. Digər mühüm məsələ daşımaların marşrutudur. Hazırda Azərbaycanla Ermənistan arasında ticarət əsasən Gürcüstan üzərindən həyata keçirilir. Buna görə ilk kommersiya yükünün də bu marşrutla daşınması mümkündür. Lakin gələcəkdə birbaşa nəqliyyat bağlantılarının, xüsusilə dəmir yolu əlaqəsinin bərpası ticarətin həcmini artırmaq və daşımaları daha səmərəli etmək baxımından mühüm əhəmiyyət daşıyacaq”.

Azər Badamov vacib bir məqama da diqqət çəkib:

“Azərbaycanın Ermənistana gedən dəmir yolu marşrutlarından istifadə imkanının yaranması avtomatik olaraq Ermənistan-Azərbaycan arasında birbaşa kommersiya daşımalarının başlaması demək deyil. Bunun üçün siyasi-hüquqi məsələlərin həlli, sərhəd və gömrük prosedurlarının müəyyənləşdirilməsi və müvafiq infrastrukturun işlək vəziyyətə gətirilməsi lazımdır. Mən hesab edirəm ki, ilk yükün hansı şirkət tərəfindən göndərilməsindən daha vacib məsələ bu ticarətin davamlı olub-olmayacağıdır. Əgər qarşılıqlı ticarət yalnız bir neçə simvolik yükdən ibarət qalmasa və məhsul nomenklaturası genişlənsə, bu, iki ölkə arasında real iqtisadi bağlılığın formalaşmasına gətirib çıxara bilər. Bu prosesin siyasi əhəmiyyəti də böyükdür. Çünki qarşılıqlı iqtisadi maraqlar artdıqca tərəflərin sülh və sabitliyin qorunmasında marağı da güclənir. Ona görə də Azərbaycan-Ermənistan arasında ticarətin genişlənməsinə yalnız kommersiya hadisəsi kimi deyil, regionda sülh və əməkdaşlığın iqtisadi dayaqlarının formalaşması kimi yanaşmaq lazımdır”.