Sosial şəbəkədə biz:
Fermerlərə ayrılan subsidiyalı gübrələr verilmir
Xəbər Şəkli

Fermerlərə ayrılan subsidiyalı gübrələr verilmir

21 March 2026, 10:23
İqtisadiyyat

Azərbaycanda fermerlərin bir çoxu dövlət tərəfindən onlara ayrılan güzəştli gübrələri ala bilmirlər. Bu səbəbdən onlar bazardan azot və fosfor gübrələrini daha baha qiymətə almağa məcbur qalıblar.

Fermerlər iddia edirlər ki, subsidiya ilə nəzərdə tutulan ucuz gübrələrin verilməsindən müxtəlif bəhanələrlə imtina edilir və bu gübrələr daha yüksək qiymətə bazarlarda satışa çıxarılır.

Məsələn, “Gündəlik Naxçıvan” Naxçıvanda fermerlər üçün nəzərdə tutulan subsidiyalı gübrələrin bazarda satılması ilə bağlı material hazırlayıb. Məqalədə bildirilir ki, fermerlər gübrə üçün müraciət etdikdə yerli Kənd Təsərrüfatı Nazirliyi müxtəlif bəhanələrlə onu verməkdən imtina edir və fermerləri bazara yönləndirir.

“Gündəlik Naxçıvan”a şikayət edən fermerlərdən Babək rayonunun Hacıvar kənd sakini Fikrət Məmmədov qeyd edib:

“Getmişəm nazirliyə, gübrəni ala bilmirəm. Deyirlər ki, torpağın analizini gətir. Bunların hamısı gübrəni verməmək üçün bəhanədir. Taxıl sahələri payızda əkilir. O vaxt bizə heç kim demədi ki, torpaqdan analiz götürmək lazımdır. Analiz üçün də ayrıca pul istəyirlər. Deyək ki, mən indi analiz verdim və sahə əkinə yararsız çıxdı. O zaman gəlib əkdiyimi şumlayacaqlar. Elə şərt qoyurlar ki, çıxılmaz vəziyyətdə qalasan.

Ac millətin canına susayıblar. Mənə iki tona yaxın gübrə verilməlidir, vermirlər. Məcburam ki, gedib bazardan alım. Mənim də bazardan almağa o qədər pulum yoxdur”.

Digər fermer B. Qasımov isə gübrə tələb etdiyi üçün problemlə üzləşdiyini deyib:

“Nazirliyə gedib haqqımı tələb etdim, səs-küy saldım. Dedilər analiz ver, gəl gübrəni apar. Pul ödədim, gəlib analiz götürdülər. Sonra da nəticə çıxardılar ki, guya sahəm əkinə yararlı deyil. İndi deyirlər ki, ya səsini kəs, gübrəni istəmə, ya da sahən əkinə yararsız olduğu üçün şumlanacaq. Sentyabrda əkdiyim taxıldı, iki ay sonra biçilməlidir. Analiz olmalıydısa, niyə əkməmişdən əvvəl demirdilər?

Nazirlik əməkdaşları gübrəni dükanlarda, bazarlarda tanışlarının əli ilə satdırırlar. Bu cür bəhanələrlə bizi məcbur edirlər ki, gedib bazardan alaq”.

Fermerlər gübrələri niyə ala bilmir?

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Meydan TV-yə bildirib ki, mövcud vəziyyət digər bölgələrdə də müşahidə olunur:

“Əlaqə saxladığım fermerlər bildirirlər ki, onları da gübrə təminatı ilə bağlı incidirlər”.

Mütəxəssis qeyd edir ki, problemin yaranmasının əsas səbəbi real əkin aparılan sahələrlə rəsmi uçota alınan sahələr arasında fərqin olmasıdır:

“Belə ki, əkin aparılan, lakin qeydiyyata düşməyən sahələrə subsidiya verilmir. Burada əsas məqsəd məhsuldarlığı daha yüksək göstərməkdir. Çünki sahə az göstərildikdə, ümumi məhsul həmin az sahəyə bölünür və nəticədə hər hektara düşən məhsuldarlıq süni şəkildə yüksək görünür. Bunu niyə edirlər? Biz deyirdik ki, əsas məsələ ümumi məhsul deyil, məhsuldarlıqdır. Çünki məhsuldarlıq kəndlinin gəlirini, məhsulun keyfiyyətini və ümumilikdə rəqabət qabiliyyətini ifadə edir. Bunlar da onu əsas tutub bizi susdurmaq istəyirlər. Məhsuldarlığı çox göstəmək üçün sahəni az göstəməyə çalışır. Bu səbəbdən bir çox fermerlərin sahələrini qeydiyyata almırlar. Lakin həmin sahələrdən məhsul götürüləcək və bu məhsul ümumi hesaba gedəcək”.

V. Məhərrəmov əlavə edir ki, gübrələrin tədarükü müəyyən şəxslər vasitəsilə həyata keçirilir:

“Yəni həmin şəxslər gübrəni gətirir və fermerlər onlara müraciət edir. Fermerin hesabına köçürülən vəsaitin 75 faizi isə gübrə satışı ilə məşğul olan sahibkarların hesabına yönləndirilir. Bu qayda tətbiq olunanda biz demişdik ki, fermerə etibar edilməlidir ki, o, məhsul istehsal etsin və bunun müqabilində subsidiya alsın. Ümumiyyətlə, subsidiya ilə bağlı tətbiq olunan qaydalar barədə bir müddət əvvəl təkliflər hazırlamışdıq ki, bunların  hamısı ləğv edilməlidir”.

Onun sözlərinə görə, Azərbaycanda sahəyə görə subsidiya verilməsi əlavə problemlər yaratdı:

“Sahələr şişirdildi, hətta ölkədə mövcud olan əkin sahələrindən daha çox göstərildi ki, subsidiya əldə olunsun. Bu subsidiyaların əsas hissəsini isə məmurlar əldə etdi, kəndlilərə isə çox az çatdı”.

“Subsidiya fermerin gübrə xərclərinin üçdə bir hissəsini belə qarşılamır”

Qeyd edək ki, Azərbaycanda büdcədən ayrılan vəsait hesabına alınan gübrələr Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroservis” ASC tərəfindən müəyyən olunmuş nöqtələrdə satışa çıxarılır. Aqrar Subsidiya Şurasının qərarlarına əsasən, əkin sahələrinin hektarına və bitkiçilik növünə görə 120-400 manat məbləğində subsidiya ödənilir. Yüksək subsidiyalar əsasən işğaldan azad edilmiş ərazilərə, həmçinin müasir suvarma sistemləri tətbiq olunan sahələrə ayrılır. Digər əkin sahələri üzrə subsidiyanın orta məbləği təxminən 200 manat təşkil edir. Bu vəsaitin 70 faizi yalnız gübrə, toxum və pestisidlərin alınmasına yönəldilə bilər. Məbləğ “Fermer kartı”na köçürülür və onu nağdlaşdırmaq mümkün deyil.

Vahid Məhərrəmov vurğulayır ki, fermerlər gübrəni yalnız dövlətin şərait yaratdığı, yəni köçürmə yolu ilə satış həyata keçirən şirkətlərdən ala bilirlər. Onun sözlərinə görə, gübrənin idxalı və yerli təminatı monopoliyalaşıb:

“Gübrənin qiymətini bazar müəyyənləşdirir. Bazarda da monopolist var. Onlar da tələbat olanda qiymətlər bahalaşdırır, tələb azaldıqda isə bəzən aşağı düşür. Bəzi fermerlər ümumiyyətlə gübrədən istifadə etmir, bu halda qiymətlər nisbətən enir”.

Ekspert qeyd edir ki, son dövrlərdə gübrələrin qiymətində ümumi artım müşahidə olunur:

“Bu artım həm daxili istehsalın tədarükü, həm də idxal olunan gübrələr üzərində mövcud monopolist təsirlərlə bağlıdır. Hazırda dövlət tərəfindən ayrılan subsidiya fermerin gübrə xərclərinin təxminən üçdə bir hissəsini belə qarşılamır. Buna görə də fermerlər bu vəsaitdən istifadə etsələr də, əlavə olaraq öz vəsaitlərini sərf etməli olurlar. Bəzi fermerlər isə yalnız dövlətin ayırdığı məbləğlə kifayətlənir. Bu da məhsuldarlığı artırmır”.

V. Məhərrəmov əlavə edir ki, hazırda fermerlər üçün problem yaradırlar:

“Kəndli torpağın analizi ilə bağlı laboratoriyadan rəy almalı və bunu Kənd Təsərrüfatı Nazirliyinə təqdim etməli, yaxud elektron kənd təsərrüfatı sistemi vasitəsilə məlumat daxil etməlidir. Əslində, burada ziddiyyətli məqamlar da var. Kəndli mütləq torpağın aqrokimyəvi analizi etdirməlidir. Çünki bu, yalnız fermerin şəxsi marağı üçün deyil. Bu həm də dövlətin də marağındadır ki, torpağın vəziyyəti, onun istifadəsi və qida elementlərinin dəyişməsi barədə məlumat əldə edə bilsin. Lakin bunların əsas məqsəd tam olaraq bu deyil.”

Ekspert qeyd edir ki, Azərbaycanda mövcud olan əkin sahələri və ümumiyyətlə kənd təsərrüfatına yararlı torpaqların bağlı dəqiq uçot və keyfiyyət göstəriciləri mövcud deyil:

“Hamısı köhnə və uyğun gəlməyən məlumatlardır, reallığı tam əks etdirmir. Bu isə ayrıca problemdir. Məsələn, qanun olmalıdır ki, əgər kəndli torpağını analiz etdirmir və münbitliyini qoruyub saxlamırsa, həmin torpaqdan istifadəyə qadağa qoyulsun. Doğrudur, biz kəndliləri müdafiə edirik,  amma onların maarifləndirilməsi və düzgün istiqamətləndirilməsi də vacibdir. Çünki torpaqda deqradasiya baş verdikdə, onun bərpası böyük maliyyə vəsaiti tələb edir. Ona görə də torpağı qorumaq lazımdır”.

Yeri gəlmişkən, son həftələr İranda baş verən müharibə və Hörmüz boğazının bağlanması qlobal gübrə bazarında ciddi böhran yaradıb. “Vgudok” nəşrinin yazdığına görə, dünya gübrə ticarətinin təxminən 26 faizi bu boğazdan keçir. Hazırda bu mühüm nəqliyyat arteriyası faktiki olaraq bağlanıb və kənd təsərrüfatı üçün vacib xammalların tədarükündə çətinliklər yaranıb.

Dünya kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşıyan gübrələrdən karbamid istehsalının 30 faizi, fosfor gübrələrinin isə 20 faizi Hörmüz boğazı vasitəsilə daşınır. Hazırda boğazda bloklanan gübrənin həcmi 1,1 milyon ton təşkil edir ki, bu da dünya gübrə ticarətinin təxminən bir həftəlik həcminə bərabərdir.

Digər tərəfdən, təbii qaz qiymətlərinin artması xammalı qaz olan azot gübrələrinin də qlobal miqyasda bahalaşmasına səbəb olur. Yüksək gübrə qiymətləri isə kənd təsərrüfatında həm məhsuldarlığın azalması, həm də qiymətlərin artması riski yaradır.

Hazırda bir çox ölkələrdə hökumətlər qarşısında duran əsas vəzifə qida təhlükəsizliyini qorumaq üçün fermerlərə dəstəyi artırmaqdır. Azərbaycanda isə vəziyyətin fərqli olduğu görünür.