Sosial şəbəkədə biz:
Güzəştlər dövrü bitir, vergi yükü ağırlaşır
Xəbər Şəkli

Güzəştlər dövrü bitir, vergi yükü ağırlaşır

25 October 2025, 08:59
İqtisadiyyat

Azərbaycan hökuməti 2026-cı il üçün qeyri-neft sektoru üzrə vergi gəlirləri ilə bağlı nikbin proqnozlar verir. Gələn ilin dövlət büdcəsində 21,4 milyard manat məbləğində vergi gəlirlərinin daxil olması gözlənilir ki, bu da cari ilin proqnoz göstəriciləri ilə müqayisədə 8,2 faiz çoxdur.

Neft-qaz sektorundan daxilolmalarda 10,2 faiz azalma proqnozlaşdırıldığı halda, qeyri-neft gəlirlərində 9,6 faiz artım nəzərdə tutulur. Nominal ifadədə bu, gələn il büdcəyə neftdən daxil olan ödəmələrdə 1,8 milyard manatdan çox azalma, qeyri-neft ödəmələrində isə 2,1 milyard manatdan çox artım deməkdir.

Qeyri-neft sektorunda gözlənilən artım əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən toplanacaq vergilərlə bağlıdır. Vergi Xidməti 16 milyard 347 milyon manat həcmində vergi daxilolmaları proqnozlaşdırır ki, bu da 2025-ci illə müqayisədə 1,5 milyard manat və ya 9,1 faiz çoxdur.

Üç əsas istiqamət — fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi və əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmaların artması hesabına büdcəyə əlavə 1,3 milyard manat vəsaitin daxil olacağı gözlənilir.

Artımı hansı gəlir mənbələri hesabına təmin ediləcək?

Neft hasilatının və dünya bazarındakı qiymətlərin azalması dövlət büdcəsi üçün əlavə risklər yaradır. Görünən odur ki, hökumət itirilən neft gəlirlərini kompensasiya etmək məqsədilə gələn il bir sıra vergi və rüsumlarda tənzimləmələr aparacaq.

Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2026–2029-cu illər üzrə orta müddətli xərclər çərçivəsində qeyd olunur ki, qeyri-neft sektoru üzrə ÜDM-də proqnozlaşdırılan artım, kölgə iqtisadiyyatının azaldılması, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların optimallaşdırılması, gəlirlərin leqallaşdırılması və elektron idarəetmənin iqtisadiyyatın əksər sahələrinə nüfuz etməsi nəticəsində şəffaflığın artması və nəzarətin güclənməsi gələcək illərdə büdcə gəlirlərində qeyri-neft-qaz sektorunun payının genişlənməsinə səbəb olacaq.

 “2026-cı ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas tədbirlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək və investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Bu tədbirlər çərçivəsində vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi, strateji sahələrə investisiyaların təşviqi və vergi-gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi planlaşdırılır”, – sənəddə vurğulanır.

Maliyyə Nazirliyinin məlumatına görə, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinin vergi yükünün optimallaşdırılması, nağdsız ödənişlərin stimullaşdırılması, vergi güzəştlərinin əhatə dairəsinin genişləndirilməsi, eləcə də aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklərin edilməsi gözlənilir.

Amma reallıqda güzəştlər ləğv edilir, vergi yükü isə artırılır

Qanunvericilikdə aparılan bir sıra dəyişikliklərdən aydın olur ki, Maliyyə Nazirliyinin sənədlərində vurğulanan “vergi yükünün optimallaşdırılması” əksinə, vergi yükünün artımı və mövcud güzəştlərin ləğvi ilə müşayiət olunur. Görünür, hökumət azalan neft gəlirlərini vergiləri artırmaqla kompensasiya etməyə çalışır.

2026-cı ildə vergi və sosial sahədə gözlənilən əsas dəyişikliklər bunlardır:

1. Gəlir vergisi üzrə güzəştin başa çatması. Neft-qaz sektorunda fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid vergi ödəyicilərində çalışan fiziki şəxslərin gəlir vergisinə tətbiq olunan 7 illik güzəşt müddəti 2026-cı ildən etibarən uzadılmayacaq.

Yeni qanun layihəsinə əsasən, 2026-2028-ci illər üzrə muzdlu işçilərin aylıq gəlirlərindən tutulacaq vergi dərəcələri belə müəyyənləşib:

2026-cı il üçün:

2500 manatadək aylıq gəlirdən — 3%

2500–8000 manat arası gəlirdən — 75 manat + 10%

8000 manatdan çox olduqda — 625 manat + 14%

2027-ci il üçün:

2500 manatadək aylıq gəlirdən — 5%

2500–8000 manat arası gəlirdən — 125 manat + 10%

8000 manatdan çox olduqda — 675 manat + 14%

2028-ci il üçün:

2500 manatadək aylıq gəlirdən — 7%

2500–8000 manat arası gəlirdən — 175 manat + 10%

8000 manatdan çox olduqda — 725 manat + 14%

Bu dəyişiklik nəticəsində qeyri-neft sektorunda çalışan işçilər üçün faktiki vergi yükü mərhələli şəkildə artacaq.

2. Hibrid avtomobillərə ƏDV güzəştinin bitməsi. 1 yanvar 2022-ci ildən qüvvədə olan və istehsal tarixi 3 ildən, mühərrik həcmi isə 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üçün tətbiq edilən ƏDV güzəşti bu ilin sonunda başa çatır.

3. “ƏDV geri al” mexanizminin genişləndirilməsi. 2026–2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqamətlərindən biri kimi “ƏDV geri al” mexanizminin genişləndirilməsi nəzərdə tutulur. Yeni qaydalara əsasən, bərbərxana, gözəllik və kosmetoloji xidmətlər üzrə də ƏDV-nin bir hissəsinin geri qaytarılması planlaşdırılır.

4. İcarə vergisinin azaldılması. Vergi Məcəlləsinə edilən dəyişikliklə mənzil və obyektlərin icarə haqqından tutulan 14 faiz vergi 10 faizə endirilir. Bu dəyişiklik kiçik sahibkarlar və fərdi icarə verənlər üçün müəyyən dərəcədə yüngülləşmə yaradır.

5. İcbari tibbi sığorta ödənişləri. “İcbari tibbi sığorta haqqında” Qanuna edilən yeni dəyişikliklərə əsasən, işsiz və gəliri olmayan şəxslər tibbi sığorta xidmətlərindən istifadə etmək üçün artıq ödəniş etməli olacaqlar. Onlar ildə 192 manat (ayda 16 manat) məbləğində sığorta haqqı ödəməlidirlər.

“7 ildir ki, tətbiq edilən bu güzəştlə nəyə nail olundu?”

İqtisadçı ekspert Toğrul Vəliyev Meydan TV-yə bildirir ki, azalan neft gəlirlərini vergi daxilolmaları hesabına kompensasiya etmək istəyirlər. Amma bu, heç bir halda vergi hesabına baş verə bilməz:

“Bəzi vergilərin artırılması vergi həcmini artırmaq üçün ən rahat yoldur. Bizdə dövlət büdcəsində onsuz da vergilərin əhəmiyyətli hissəsini dolayı vergilər təşkil edir, birbaşa deyil. Bu addımlar daha çox hansısa spesifik sahələrə aid ola bilər. Məsələn, metronun xərclərini kompensasiya etmək üçün hansısa gəlirləri artırmağa çalışırlar. Atılan bu addımlar dövlət büdcəsinə ciddi şəkildə əlavə gəlir gətirmir. Aksizlərdən və ya digər vergi dərəcələrinin artımı, onun tətbiqinin genişləndirilməsi hansısa xərcləri kompensasiya etmək məqsədi daşıyır”.

T. Vəliyev qeyd edir ki, gələcəkdə davamlı artım üçün sabit vergi sistemi yaradılmalıdır:

“Cüzi vergi artımları göstərməklə nəyəsə ciddi təsir etməyəcək və bu, neft gəlirlərini əvəz etmək imkanına malik deyil. Ona görə də vergi sistemində baş verən dəyişiklikləri hansısa formada qiymətləndirmək çətindir. Bunları radikal dəyişikliklər də adlandırmazdım. Çünki bu qərarlarla büdcənin vergi yanaşmasına ciddi dəyişikliklər gətirməyəcəklər. Məsələn, bərbərxanalara “ƏDV geri al” sisteminin tətbiq edilməsi sıfır effektli olacaq. Çünki birincisi, bu obyektlərin çoxu onsuz da ƏDV ödəyicisi deyil. İkincisi, bu elə sahə deyil ki, burada ciddi gəlirin gəlməsi gözlənilsin. Sadəcə, bu mexanizmin tətbiqi müəyyən bir göstəricidir ki, “biz işləyirik, biz genişləndiririk, kölgə iqtisadiyyatına qarşı mübarizə aparırıq”, amma radikal addımlar deyil”.

İqtisadçı deyir ki, fiziki şəxslərin gəlir vergisində tətbiq edilən güzəştli müddətin uzadılmaması gözlənilən idi və cəmiyyət bir neçə il öncədən reaksiya verməliydi:

“Bəlli idi ki, 7 ildən sonra güzəşt ləğv olunacaq. 2024-2025-ci illərdə cəmiyyət bunun müzakirəsində aktiv iştirak etməli idi, məsələni qabartmalı idi. Təəssüf ki, bu istiqamətdə aktivlik hiss olunmadı, hökumət də ləğv elədi”.

T. Vəliyevin fikrincə, hökumət adi bir vergi sisteminə qaytara bilərdi, amma buna getmədi, çünki bu, şok terapiyası kimi bir şey olardı:

“Daha çox mərhələli şəkildə keçidə üstünlük verdi. Yəni daha çox qazananlara istiqamətlənmişdi. Düşünürəm ki, müəyyən qədər proqressiv vergi sistemi yaradıblar. Yəni daha çox qazanan daha çox vergi ödəyir, daha az qazanan daha az. Bu mexanizm müəyyən qədər var idi, sadəcə səviyyələr fərqli idi. Qeyri-neft sektorunda bunun tətbiqi prinsipcə normaldır. Ümumiyyətlə, hansısa bir sahəyə güzəşt tətbiq etmək doğru addım deyil. Bu addımın əslində əsas məqsədi işçiləri leqallaşdırmaq idi. İndi burada sual olunmalıdır ki, məqsədə nail olundumu?”.

İqtisadçı deyir ki, qarşıya qoyulan məqsədə nail olunub-olunmamasına dair heç bir tədqiqat yoxdur:

“Təəssüf ki, buna dair heç bir məlumat yoxdur. Əlimizdə heç bir tədqiqat yoxdur. Bu müddət ərzində əlavə 300-400 min işçi qeydiyyatdan keçib, amma bu göstəriciyə belə bir addım olmadan da nail oluna bilərdi. Nominal əməkhaqqının artırılmasını göstərə bilərlər. Amma bu, onsuz da artırılmalı idi, çünki minimal əməkhaqqı da artıb. Nominal əməkhaqqı minimal maaşların artması hesabına baş verir, nəinki leqallaşdırmaya görə. Ölkədə median əməkhaqqı necə aşağı səviyyədə idisə, elə də qalır. Ən yaxşı halda, 600 manat civarındadır. Problemlər qalır və onlar həll olunmayıb. Hökumət güzəştlərin müddətini uzatmadı. İndi cəmiyyət soruşmalıdır ki, 7 ildir ki, tətbiq edilən bu güzəştlə nəyə nail olundu? Nail olunmadısa, nə üçün? Doğrudur, güzəştlərin ləğvi dövlət büdcəsinə əlavə vəsait gələcək, amma bu, o qədər də yüksək bir məbləğ deyil. Müəyyən qədər hansısa xərcləri kompensasiya edə bilər, büdcə üçün itirilən gəlirlər fonunda vacib sayıla bilər. Lakin ictimaiyyəti nəticələr daha çox maraqlandırmalıdır”.

“Dövlətə vergi – Vətəndaşa seçki”

Ekspert əmlak bazarında icarə haqlarından gələn gəlirlərdə vergi dərəcəsinin azaldılmasının real nəticə verməyəcəyini hesab edir:

“Əmlak bazarında baş verən əməliyyatları tənzimləməyə cəhdlər göstərilir, amma illərlə nəticə vermir. Böyük ehtimalla yenə də nəticə verməyəcək. Bunu idarə etmək çətindir. İdarə etmək üçün ya stimullaşdırıcı addımlar atılmalıdır, ya da ciddi şəkildə nəzarət mexanizmləri tətbiq olunmalıdır. Ciddi nəzarəti isə vergi qurumları həyata keçirə bilməz. Birincisi, kirayə vermək üçün vergi sistemində qeydiyyatdan keçmək tələb olunmur. İkincisi, vergi orqanlarının bir-bir gəzib mənzilləri yoxlamağa nə ixtiyarı var, nə də kifayət qədər əməkdaşı. Bu, daha çox polis sisteminə aid məsələdir. Ona görə də kirayə mənzil bazarını leqallaşdırmaq bir qədər çətindir. Burada daha çox stimullaşdırıcı tədbirlər rol oynaya bilər”.

Onun sözlərinə görə, məntiqcə verginin azaldılması stimullaşdırıcı addımdır, lakin bununla yanaşı ipotekanın ucuzlaşdırılması və mənzil təklifinin artırılması kimi tədbirlər də görülməlidir. Əks halda, bu dəyişikliklər ola bilsin ki, qısa müddətli effekt verəcək, amma sonradan vəziyyət yenidən əvvəlki kimi qalacaq.

İqtisadçı-ekspert, REAL partiyasının sədri Natiq Cəfərli isə sosial media hesabında bildirib ki, hökumət vətəndaşların vergi yükünü artırır, çünki ölkənin gəlirləri azalır, neft hasilatı düşür, xərclər artır. Onun fikrincə, hökumət son 30 ildə normal, işlək, böyük həcmdə əlavə dəyər yaradan iqtisadi sistem qura bilmədiyindən, üzünü yenidən vətəndaşın vergilərinə çevirib:

“Fiziki şəxslərin vergi güzəştlərinin uzadılmamasına gəlincə, hökumət bir qərarla 3 il ardıcıl vergiləri kəskin artıracaq. 2500 manata qədər maaş alanların vergisi yaxın illərdə 3 faizdən 7 faizə qalxacaq”.

“Bundan başqa, hökumət deyir ki, işsiz insanların tibbi sığortası olmayacaq. İşləmir, canı çıxsın, haradansa ildə 192 manat tapıb ödəsin, yoxsa sığortadan istifadə edə bilməz. Hökumətin yanaşmasından belə çıxır ki, kasıbsansa, niyə sağlam olmalı, niyə yaşamalısan?!
Həzərat, gələk məsələnin kökünə, mahiyyətinə — xatırlayırsınızsa, İqtisadiyyat Nazirliyinin belə bir şüarı var idi: “Dövlətə vergi – Vətənə sevgi.” Bu, yarımçıq, hətta vergi tarixinin fəlsəfəsinə zidd bir sloqandır. Yanaşma belə olmalıdır: “Dövlətə vergi – Vətəndaşa seçki”.

İqtisadçı bildirib ki, tarixən vergi ödəyicisi seçici, siyasətə təsir edənsə vətəndaş olub.

Bu gün hökumət bizim vergilərimizə möhtac qalıbsa, deməli, məsələ təkcə hökumətin səlahiyyətində deyil, həm də məsuliyyətindədir”, – Natiq Cəfərli belə yazıb.