Sosial şəbəkədə biz:
Hesablama Palatasından bədbin proqnoz: Dövlət Neft Fondunun aktivləri sürətlə tükənə bilər
Xəbər Şəkli

Hesablama Palatasından bədbin proqnoz: Dövlət Neft Fondunun aktivləri sürətlə tükənə bilər

14 January 2026, 08:38
İqtisadiyyat

Neft hasilatının və ixrac qiymətlərinin azalması, həmçinin gəlir mənbələrinin daralması fonunda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirlərində son on beş ilin (2012–2026) ən aşağı səviyyəsinin qeydə alınacağı gözlənilir.

Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi” üzrə verdiyi rəydən məlum olur ki, Fondun 2025-ci il üzrə proqnozlarının icrasında da ciddi çətinliklər yaranıb.

Ötən il neft-qaz gəlirləri 18 faizdən çox azalıb

Palatanın rəyinə əsasən, 2025-ci ilin 9 ayında Fondun gəlirləri 13,7 milyard manat, xərcləri isə 10,9 milyard manat təşkil edib. Baxmayaraq ki, dövlət büdcəsində xam neftin orta illik qiyməti 70 ABŞ dolları nəzərdə tutulmuşdu və dünya bazarında faktiki satış qiyməti 71,4 ABŞ dolları olub, Fondun ümumi gəlirlərinin proqnozla müqayisədə 2,6 faiz və ya 381,3 milyon manat az icra ediləcəyi gözlənilir.

Hesablama Palatası azalmanı Razılaşma Protokolu üzrə 209,4 milyon manatın, neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı dividendlərdə 396,2 milyon manat vəsaitin daxil olmaması, həmçinin tranzit gəlirlərinin proqnozdan geri qalması ilə izah edir.

Ötən ilin 9 ayında mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər 4,1 milyard ABŞ dolları olub ki, bu da nəzərdə tutulmuş gəlir maddəsinin 72,2 faizi səviyyəsində icra edilib. Eyni zamanda, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə neft və qaz satışından əldə olunan gəlirlərdə 18,2 faiz azalma qeydə alınıb.

Rəyə əsasən, Fonda daxilolmaların azalmasının səbəblərindən biri də tranzit gəlirlərinin proqnozlaşdırılandan xeyli aşağı olmasıdır. Belə ki, Rusiya-Ukrayna münaqişəsi səbəbindən tranzit marşrutlarının dayandırılması nəticəsində neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər cəmi 4 min manat təşkil edib. Halbuki ötən il üzrə proqnozlarda 25,4 milyon manat məbləğində daxilolma nəzərdə tutulmuşdu.

Rusiya-Ukrayna münaqişəsinin davam etməsi, Qərb ixrac boru kəməri və Qara dəniz marşrutu vasitəsilə xam neftin nəqlinin dayanması səbəbindən bu istiqamət üzrə daxilolmaların 2026-cı ildə də 4 min manat səviyyəsində qalacağı gözlənilir.

Daşınmaz əmlaklardan gəlirlilik sıfır olub

Fond tərəfindən vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlərlə bağlı diqqət çəkən məqamlar mövcuddur. Belə ki, 2025-ci ilin 9 aylıq icra göstəricilərinə əsasən, Fondun vəsaitlərinin idarə olunmasından 4,7 faiz və ya 3,08 milyard ABŞ dolları həcmində reallaşdırılmamış gəlir formalaşıb. Bu gəlirliliyin 3,3 faizi səhmlər alt portfelinin, 1,4 faizi isə istiqrazlar alt portfelinin payına düşüb. Fondun daşınmaz əmlak alt portfelinin gəlirliliyi isə 0 faiz təşkil edib. Rəydə bildirilir ki, hesabat dövründə daşınmaz əmlak alt portfeli üzrə gəlirlilik mənfi olsa da, alt portfellərin yenidən təsnifləşdirilməsi nəticəsində portfelə daxil edilən yeni layihələr hesabına bu göstərici sıfır səviyyəsində müəyyən edilib.

2025-ci il 30 sentyabr tarixinə Fondun daşınmaz əmlak alt portfelinin həcmi 4,6 milyard ABŞ dolları təşkil edib. Fond aşağıdakı daşınmaz əmlak obyektlərinə investisiya edib:

  • London şəhərinin West End bölgəsində, Sent-Ceyms küçəsi 78 ünvanında yerləşən, dəyəri 195,8 milyon funt sterlinq olan ofis kompleksi;
  • Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən, dəyəri 2 822,7 milyon Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis–ticarət mərkəzi;
  • Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən, dəyəri 192,4 milyon avro olan daşınmaz əmlak kompleksi;
  • Tokio şəhərində yerləşən, dəyəri 56 154 milyon yapon yeni təşkil edən ticarət mərkəzi.

Hesablama Palatasının rəyində Fondun daşınmaz əmlak portfeli üzrə mənfi gəlirliliyin əsas səbəbləri kimi qlobal daşınmaz əmlak bazarında borcların yenilənməsi ilə bağlı davam edən çətinliklər, eləcə də artan geosiyasi risklər fonunda bazarda durğunluğun qorunub saxlanması göstərilib.

“Bu şərait xüsusilə ofis və ticarət tipli daşınmaz əmlaklara, habelə logistika və yaşayış tipli az riskli aktivlərin qiymətlərinə mənfi təsir etmiş, son 3 ildə əqdlərin əvvəlki dövrlərə nisbətən azalması isə tələbin zəiflədiyini və bazar iştirakçılarının alqı-satqı qərarlarında daha ehtiyatlı davrandığını nümayiş etdirmişdir ki, nəticədə kommersiya tipli daşınmaz əmlak sektorunun gəlirliliyi aşağı düşmüşdür”, – Rəydə vurğulanır.

2026-cı ilin büdcəsində gərgin proqnozlar

Dövlət Neft Fondunun 2026-cı il üzrə büdcə gəlirləri 13,03 milyard manat həcmində proqnozlaşdırılıb ki, bu da 2024-cü illə müqayisədə 27,8 faiz azalma deməkdir. 2025-ci ilin təsdiq olunmuş büdcə gəlirləri ilə müqayisədə cari ildə Fondun gəlirləri 1,4 milyard manat və ya 9,8 faiz, 2025-ci il üzrə gözlənilən icra göstəricisi ilə müqayisədə isə 1,03 milyard manat və ya 7,4 faiz azdır.

Beləliklə, Fondun 2022–2025-ci illər üzrə gəlir proqnozları ilə müqayisədə 2026-cı il üçün gəlirlərin həcmi həmin dövr ərzində ən aşağı səviyyədə proqnozlaşdırılıb.

2026-cı il üçün Fondun büdcəsinin baza göstəriciləri kimi 1 barel neftin orta illik ixrac qiyməti 65 ABŞ dolları, qazın Avropa hub qiyməti isə 1000 kubmetr üçün 440 ABŞ dolları səviyyəsində müəyyən edilib.

“Azəri–Çıraq–Günəşli” yataqları üzrə Hasilatın Pay Bölgüsü Sazişinə əsasən bonus ödənişlərinin başa çatması ilə əlaqədar 2026-cı ildə bu mənbə üzrə daxilolmaların əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalacağı nəzərdə tutulub. Hesablama Palatası azalmanın səbəbi kimi “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in əsasən 2018–2025-ci illər ərzində ümumilikdə 3,6 milyard ABŞ dolları məbləğində bonus ödənişlərinin tam icra olunmasını göstərir.

Eyni zamanda, 2026-cı ildə “Şahdəniz” yatağı üzrə bonus ödənişlərinin 0,6 milyon ABŞ dolları təşkil edəcəyi nəzərdə tutulub.

Neftin 1 barel üçün 65 ABŞ dolları qiymət ssenarisi əsasında aparılan hesablamalara görə, 2026-cı ildə Kürsəngi və Qarabağlı yataqlarından əldə edilən gəlirlərin ARDNF-yə daxil olmayacağı gözlənilir.

2026-cı ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 2,39 milyard ABŞ dolları həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 17,7 faiz çoxdur. Fondun vəsaitlərinin idarə olunması üzrə gəlirlilik səviyyəsinin isə 2026-cı ildə 3,7 faiz olacağı gözlənilir. Bu da 2025-ci il üçün nəzərdə tutulan göstəricidən 0,2 faiz yüksəkdir.

Cənub Qaz Dəhlizi və “STAR” zavodundan dividendlər gözlənilmir

HP-nın məlumatına görə, 2025-ci ildə Cənub Qaz Dəhlizi (CQD) layihəsi üzrə əldə edilən gəlirlərdən Dövlət Neft Fonduna heç bir dividend daxil olmayıb. SOCAR tərəfindən icra edilən layihə üzrə 2026–2029-cu illərdə də dividend ödənişlərinin nəzərdə tutulmadığı bildirilsə də, ARDNF 2026-cı il büdcə layihəsində Cənub Qaz Dəhlizi üzrə 404,4 milyon manat məbləğində daxilolma proqnozlaşdırıb.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC-nin səhmlərinin 49 faizi dövlət mülkiyyətində, 51 faizi isə SOCAR-a məxsusdur. Cəmiyyətin birbaşa dövlətə məxsus səhmlərinin sahibliyi və idarə olunması İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir və həmin səhmlər üzrə dividendlər Azərbaycan Dövlət Neft Fonduna köçürülməlidir.

Hesablama Palatası dividend ödənişlərinin həyata keçirilməməsini Hasilatın Pay Bölgüsü Sazişinə edilmiş dəyişikliklərlə izah edir. Belə ki, bu dəyişikliklər nəticəsində dövlətin mənfəət payı 40 faizə endirilib və mövcud pay podratçıların dövlətin mənfəət payından qarşılanmalı olan vergi öhdəliklərini tam ödəmək üçün kifayət etməyib.

Təqdim olunan məlumatlara əsasən, SOCAR-ın “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrində malik olduğu paylar 31 mart 2023-cü il tarixində tam şəkildə “Cənub Qaz Dəhlizi” QSC-yə ötürülüb.

SOCAR-ın 25 iyun 2023-cü il tarixli və Dövlət Neft Fonduna ünvanlanmış məktubunda bildirilir ki, “Cənub Qaz Dəhlizi” QSC tərəfindən SOCAR-ın “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri və Cənub Qaz Dəhlizi layihələrindəki paylarına düşən gəlirlərin idarə olunmasına dair Razılaşma Protokoluna əsasən ödənişlərin 2025-ci ildən etibarən ARDNF-yə köçürülməsi nəzərdə tutulsa da, hesabat tarixinədək bu mənbədən Fonda heç bir vəsait daxil olmayıb. Bununla belə, Fondun 2026-cı il büdcəsində bu istiqamət üzrə 136,2 milyon ABŞ dolları məbləğində daxilolma proqnozlaşdırılıb.

Hesablama Palatası eyni zamanda qeyd edir ki, “SOCAR Türkiyə Ege” Neft Emalı Zavodu (STAR) layihəsində Azərbaycan tərəfinin iştirak payına düşən və Dövlət Neft Fonduna köçürülməli olan dividendlər də icra edilməyib. Belə ki, neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı dividendlər və mənfəətin bölüşdürülməsindən əldə edilən gəlirlər üzrə 2025-ci ildə 396,2 milyon manat məbləğində daxilolma proqnozlaşdırılsa da, ötən ilin 9 ayı ərzində bu mənbədən Fonda vəsait daxil olmayıb və ilin sonuna qədər də daxilolmanın baş verməyəcəyi qeyd olunub.

Fondun təqdim etdiyi 2026-cı il proqnozuna əsasən, Cənub Qaz Dəhlizi layihəsi üzrə 237,9 milyon ABŞ dolları məbləğində daxilolma gözlənilir. “STAR layihəsi üzrə isə 2026-cı ildə dividend ödənişlərinin icrası nəzərdə tutulsa da, bu istiqamət üzrə konkret məbləğ göstərilməyib. SOCAR tərəfindən Fonda göndərilmiş məktuba əsasən, hər iki layihə üzrə 2026–2029-cu illərdə dividend ödənişlərinin həyata keçirilməsi planlaşdırılmır.

Hasilatın sürətlə azalması və neftin ucuzlaşması Fondun aktivlərinin tükənməsi riskini artırır

Hesablama Palatası qeyd edir ki, Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər Fondun gəlirlərinin strukturunda ən böyük paya malikdir. Rəydə bildirilir ki, 2026-cı ildə “Azəri–Çıraq–Günəşli” yatağında xam neft hasilatının 120,1 milyon barel olacağı proqnozlaşdırılır ki, bu da hasilatın azalması nəticəsində 2025-ci ilin göstəricisi ilə müqayisədə 3 milyon barel azdır: “Azəri–Çıraq–Günəşli” yatağı üzrə hasilatın pik səviyyəsi 2010-cu ildə 303,0 milyon barel təşkil edib və həmin ildən etibarən hasilatda ardıcıl azalma müşahidə olunub. Təqdim olunan məlumatlara əsasən, 2026-cı ildə yataq üzrə hasilat həcmi pik dövrlə (2010-cu il) müqayisədə 183,0 milyon barel az olmaqla təxminən 2,5 dəfə aşağı səviyyədə proqnozlaşdırılır.

Neft qiymətlərinin kəskin düşməsi və aşağı qiymətlərin uzun müddət davam etməsi, eyni zamanda hasilatın da azalması fonunda Dövlət Neft Fondunun gəlirlərini azaltmaqla aktivlərinin sürətlə tükənməsinə gətirib çıxarma ehtimalı yaratmaqdadır”.

Eyni zamanda, 2022–2026-cı illər üzrə Fondun “Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər” istiqaməti üzrə daxilolma proqnozlarına nəzər yetirildikdə, bu mənbə üzrə daxilolmaların ardıcıl azalma tendensiyası göstərdiyi müşahidə olunur.

Qızıl portfeli Fondun aktivlərini “xilas edir”

2025-ci ildə olduğu kimi, 2026-cı ildə də qızıl portfelinin ARDNF-nin aktivlərinin artımında əsas rol oynayacağı gözlənilir. Belə ki, Fondun 2025-ci ilin 9 ayında büdcədənkənar gəlirləri 8,8 milyard ABŞ dolları təşkil edib ki, bunun da 6,8 milyard ABŞ dolları qızılın qiymətinin alış qiymətindən yaranan fərq hesabına formalaşan gəlirin payına düşüb.

Ötən il qızılın qiymətində baş verən artım nəticəsində portfeldə qızılın xüsusi çəkisi ilin əvvəli ilə müqayisədə 12,2 faiz bəndi artaraq 32,8 faizə yüksəlib. Fondun investisiya portfelinə daxil olan qızılın ümumi həcmi 2025-ci ilin əvvəlinə 146,6 ton və ya 12,3 milyard ABŞ dolları təşkil edib.

İlin 9 ayı ərzində əlavə olaraq 3,8 milyard ABŞ dolları dəyərində 38,3 ton qızıl alınıb. Əlavə alışlar və qızılın qiymətinin artması nəticəsində 2025-ci ilin sentyabr ayına olan vəziyyətə görə Fondun portfelindəki qızılın ümumi həcmi 184,8 ton və ya 22,98 milyard ABŞ dollarına yüksəlib. meydan.tv