Sosial şəbəkədə biz:
Neft gəlirləri azalır: Maliyyə Nazirliyi sərt büdcə nəzarətinə keçir
Xəbər Şəkli

Neft gəlirləri azalır: Maliyyə Nazirliyi sərt büdcə nəzarətinə keçir

25 February 2026, 08:55
İqtisadiyyat

Maliyyə Nazirliyi aprel ayından etibarən dövlət şirkətlərinin və publik hüquqi şəxslərin büdcə nəzarətini sərtləşdirəcək. Nazirliyin məlumatına görə, qurumun yanında fəaliyyət göstərən Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi dövlət şirkətlərinin və publik hüquqi şəxslərin büdcə layihələri və proqnozlarının, həmçinin büdcələrinin monitorinqini həyata keçirəcək və icra göstəricilərini təhlil edəcək.

Bu məqsədlə Maliyyə Nazirliyinin Kollegiya Qərarı ilə dövlət şirkətlərinin və publik hüquqi şəxslərin Nazirliyə təqdim edəcəkləri məlumat və hesabat formaları təsdiq edilib. Dövlət şirkətləri və publik hüquqi şəxslər həmin formalar əsasında büdcə göstəricilərini, aylıq və rüblük maliyyə hesabatlarını, eləcə də illik proqnoz məlumatlarını təqdim etməlidirlər.

Məlumatda qeyd edilir ki, təqdim olunan sənədlərin monitorinqi zamanı dövlət müəssisələrinin büdcə parametrləri və icra vəziyyəti, fəaliyyət sahələri və tabe olduqları qurumlar üzrə maliyyə göstəriciləri, xərclərin funksiya və xarakterinə görə bölgüsü yoxlanılacaq. Eyni zamanda, beynəlxalq maliyyə təşkilatlarının qabaqcıl qiymətləndirmə alətləri vasitəsilə dövlət müəssisələri üzrə səmərəlilik göstəriciləri, aşkarlanmış fiskal risklərin digər müəssisələrə və dövlət maliyyəsinə, o cümlədən dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına və dövlət borcuna mümkün təsirləri təhlil ediləcək.

Maliyyə Nazirliyi monitorinq və təhlillərin nəticələri barədə rübdə bir dəfə dövlət başçısına hesabat təqdim edəcək.

Bununla dövlət müəssisələrində mənfəətliliyin artırılmasının, hesabatlılığın təkmilləşdirilməsi, dövlət büdcəsi resurslarından asılılığın azaldılmasının təmin ediləcəyi vurğulanır.

Bu yoxlamaların nə qədər qurumu əhatə edəcəyi barədə dəqiq statistika əldə etmək mümkün deyil. Ümumilikdə fəaliyyət göstərən publik hüquqi şəxslər və dövlət şirkətləri ilə bağlı ictimaiyyətə geniş hesabatlılıq təqdim olunmayıb. Lakin mediada yayılan məlumatlara görə, hazırda ölkədə qeydiyyatdan keçmiş və aktiv fəaliyyət göstərən publik hüquqi şəxslərin sayı təxminən 400-ə yaxındır. Onlardan 70-ə yaxını mərkəzi idarəetmə yönümlü publik hüquqi şəxslərdir. Buraya agentliklər, mərkəzlər, fondlar və digər qurumlar daxildir. Bir qismi isə dövlət universitetləri, kolleclər və peşə məktəbləri kimi təhsil müəssisələri, həmçinin xəstəxanalardır.

Ümumiyyətlə, prezidentin son sərəncamlarında və mediada gedən xəbərlərdən görünür ki, bu qurumların başında “qara buludlar” dolaşmaqdadır. Yerli mediada yayılan məlumatlara görə, bir sıra publik hüquqi şəxslərin 2026-cı il üçün ayrılan büdcə vəsaitləri dayandırılıb, əməkhaqlarının ödənilməsində gecikmələr yaranıb. Prezidentin son sərəncamları da göstərir ki, publik hüquqi şəxslərin sayının azaldılması istiqamətində addımlar atılır.

Belə ki, Kənd Təsərrüfatı Nazirliyinə tabe olan 8 müxtəlif elmi-tədqiqat institutu ləğv edilərək onların bazasında 3 yeni qurum yaradılıb. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” adlı iki publik hüquqi şəxsin bazasında bir MMC yaradılıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan 3 publik hüquqi şəxsin isə birləşdirilərək vahid qurum yaradılması barədə sərəncam verilib.

Sosial Tədqiqatlar Mərkəzi ləğv edilərək Medianın İnkişafı Agentliyinə birləşdirilib. Beynəlxalq Multikulturalizm Mərkəzi isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tabeliyinə verilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” publik hüquqi şəxs və “İnvestisiyaların və İxracın Təşviqi Agentliyi – AZPROMO” publik hüquqi şəxs birləşdirilərək Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb.

Beləliklə, ləğv edilən 16 qurumun bazasında 8 yeni qurum formalaşdırılıb. Prosesin davam edəcəyi, hətta ləğv ediləcək publik hüquqi şəxslərin sayının yüzdən çox ola biləcəyi bildirilir. Hazırda ləğv edilən qurumlarda həyata keçirilən ixtisarların sayı yüzlərlədir.

Payı dövlətə məxsus olan şirkətlərə gəldikdə isə, iri və kiçik şirkətlərin dəqiq sayı barədə açıq mənbələrdə məlumat yoxdur. Lakin məlumdur ki, AZAL, Azərbaycan Dəmir Yolları, “Azərenerji” ASC, “Azərişıq” ASC və digər iri dövlət şirkətləri uzun illərdir səmərəsiz idarəetmə səbəbindən zərərlə fəaliyyət göstərir və dövlət büdcəsinə böyük həcmdə borclar formalaşdırır. Yaranmış zərərlərin bir hissəsini isə tariflərin artırılması ilə vətəndaşların cibindən ödəməyə çalışırlar.

2026-ci ildə büdcə gəlirlərində ciddi problemlərin yaranacağına dair proqnozlar Maliyyə Nazirliyini sərt nəzarət sisteminin tətbiqinə vadar edir. Lakin bunun nə dərəcədə effektiv olacağını zaman göstərəcək.

Neft gəlirlərinin azalması fonunda hökumət “kəmərlər”i sıxmağa, xərcləri azaltmağa və qənaət rejiminə keçməyə çalışır.  Uzun illər ölkə iqtisadiyyatının resurs asılılığı ilə bağlı səsləndirilən tənqidlərə qulağını bağlayan hökumət, hazırda böhranlı vəziyyətdən çıxış yolunu “struktur islahatları”da görür. Bu proses isə ixtisarlarla və minlərlə insanın işsiz qalması ilə müşayiət olunur. meydan.tv