“Neftin qiyməti manatın sabitliyini təhdid edə bilər”
2026-cı ilin dövlət büdcəsində neft gəlirlərinin 10,2 faiz azalacağı proqnozlaşdırılır. Lakin cari ilin ikinci yarısından etibarən “qara qızıl”ın qiymətinin enməsi və bu tendensiyanın 2026-cı ildə də davam edəcəyi gözlənildiyindən, bu sektordan əldə edilən gəlirlər daha da azala bilər.
Hazırda Maliyyə Nazirliyinin 2026-cı ilə dair hazırladığı dövlət büdcəsində neft gəlirləri 16 milyard 435 milyon manat səviyyəsində proqnozlaşdırılıb. Bu məbləğin 12 milyard 835 milyon manatı Dövlət Neft Fondundan ediləcək transfertlərin payına düşür. Təbii ki, ARDNF-dən transfertlərin icrası 100 faiz təmin olunacaq.
Lakin vergi xətti üzrə daxilolmaların 3,6 milyard manat həcmində reallaşacağı gözlənilir və bu göstərici gələn ilin neft hasilatı və qiymətlərindən birbaşa asılı olacaq.
Bununla belə, növbəti ilə dair neft-qaz sektorundakı gəlirlərin 2025-ci ilin büdcə proqnozu ilə müqayisədə 1,8 milyard manat (10,2 faiz) azalacağı məlum olur. Bu azalmanın əsas hissəsi Dövlət Neft Fondundan transfertlərin 12,8 faiz və ya təxminən 1,6 milyard manat azaldılması ilə bağlıdır.
Vergi xətti üzrə daxilolmaların isə 3,6 milyard manat təşkil edəcəyi gözlənilir ki, bu da cari illə müqayisədə 230 milyon manat və ya 6 faiz azalma deməkdir.
Yeri gəlmişkən, dövlət büdcəsində neft sektoru ilə bağlı qeyd edilən bu göstəricilər proqnoz xarakteri daşıyır. 2025-ci ilin büdcəsinin 9 aylıq icrasına dair məlumatlardan aydın olur ki, neft-qaz sektorunda daxilolmalar əvvəlki illərlə müqayisədə kəskin azalıb.
Hazırda dünya bazarında “Brent” markalı neftin qiyməti 60-61 dollar civarındadır. Halbuki 2025-ci ilin dövlət büdcəsində baza qiymət 70 dollar/barrel səviyyəsində götürülüb. Bu isə o deməkdir ki, 70 dollardan aşağı qiymətlər neft gəlirləri ilə bağlı proqnozlarda risklər yaradır və dövlət büdcəsinin icrasında çətinliklərə səbəb ola bilər.
Neft qiymətləri ilə bağlı bədbin proqnozların gələn il də davam edəcəyi gözlənilir. Azərbaycan 2026-cı ilin dövlət büdcəsində baza qiyməti 65 dollar/barrel səviyyəsində müəyyən edib.
Belə olan halda müəyyən suallar meydana çıxır:
Qiymətlərin 65 dollardan aşağı düşməsi halında büdcə icrasında problemlər yarana bilərmi? Əgər belə risklər reallaşarsa, 2026-cı ilin dövlət büdcəsində nəzərdə tutulan 3,8 milyard manatlıq kəsir hansı mənbələr hesabına bağlana bilər?Habelə, qeyri-neft sektoru gəlirləri həm dövlət büdcəsinin 3,8 milyard manatlıq kəsirini, həm də neft gəlirləri üzrə yarana biləcək azalmaları kompensasiya edə biləcəkmi?
Maliyyə Nazirliyinin ortamüddətli dövr üzrə büdcə planlaşdırmasında qeyd olunur ki, qeyri-neft sektoru üzrə ÜDM-də proqnozlaşdırılan artım, həmçinin kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların optimallaşdırılması, gəlirlərin leqallaşdırılması, eləcə də elektron idarəetmənin iqtisadiyyatın əksər sahələrinə nüfuz etməsi nəticəsində şəffaflığın artırılması və nəzarətin güclənməsi növbəti illərdə büdcə gəlirlərində qeyri-neft-qaz sektorunun payının artmasına səbəb olacaq.
“Neftin yüksək qiymətləri dövrü arxada qalıb”
Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri, iqtisadçı-ekspert Zöhrab İsmayıl Meydan TV-yə şərhində qeyd edir ki, Azərbaycan artıq vaxtilə ekspertlərin proqnozlaşdırdığı mərhələyə gəlib çatıb.
Onun sözlərinə görə, Dövlət Neft Fondunun gələn il üçün transfertlərinin azalması həm neft hasilatının azalması, həm də dünya bazarında neftin qiymətinin enməsi ilə bağlıdır:
“Azərbaycan artıq vaxtilə dediyimiz mərhələyə gəlib çatıb; neft gəlirləri azalır, neftin yüksək qiymətləri dövrü isə artıq arxada qalıb. Hazırda neftin qiyməti 60-61 dollar civarındadır. Büdcədə neftin qiyməti bu il üçün 70 dollar, gələn il üçün isə 65 dollar/barrel səviyyəsində götürülüb. Bu da göstərir ki, Azərbaycan hökuməti hələ də bütün ümidini neft gəlirlərinə və onun qiymətinə bağlayıb”.
Ekspert deyir ki, hökumət çalışır ki, qiyməti maksimal həddə müəyyən etsin və bununla dövlət büdcəsini doldura bilsin. Amma bu il üçün 70 dollar səviyyəsindəki proqnoz özünü doğrultmadı, gələn il də 65 dollar/barrel qiymətin reallaşması ehtimalı çox azdır. 
Vergi daxilolmaları və qeyri-neft sektorunun rolu
Zöhrab İsmayıl deyir ki, vergi daxilolmaları bu il proqnozlaşdırılandan artıq ola bilər. Onun sözlərinə görə, bunun əsas səbəbi odur ki, ölkədə hələ də böyük miqyasda kölgə iqtisadiyyatı mövcuddur. Bundan başqa uçota alınmayan sahələr var və həmin sektorların bir qismini mühasibat və vergi uçotuna cəlb etməklə müəyyən qədər artıq vergi toplamaq mümkün olub.
“Amma Dövlət Gömrük Komitəsi haqqında eyni sözləri demək olmaz. Komitə proqnozlaşdırılan gəlirləri əldə edə bilməyib. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan əvvəllər Rusiya nefti və qazının tranziti və satışından da gəlir əldə edirdi, lakin artıq bu imkan da tükənib. Azərbaycan, xüsusilə Qərb ölkələrinin, Avropa İttifaqının və ABŞ-nin sanksiya ehtimallarına görə Rusiya ilə ticarət əlaqələrini xeyli dərəcədə məhdudlaşdırıb”,- deyə Z.İsmayıl vurğulayır.
İqtisadçının sözlərinə görə, digər tərəfdən vergi orqanlarının topladığı vəsaitlərin bir hissəsi birbaşa neft sektorundan formalaşır:
“Əgər neftin qiyməti aşağı olacaqsa və hasilat azalırsa, bu, o deməkdir ki, birbaşa SOCAR-ın və əməliyyat şirkətlərinin dövlətə ödədiyi vergilərin də həcmi azalacaq. Hökumət indi bəzi vergi güzəştlərini aradan qaldırmaq niyyətindədir. Məsələn, fiziki şəxslərin gəlir vergisi ilə bağlı tətbiq olunan güzəştlərin müddəti bu il başa çatır. Lakin bu sahədən fundamental gəlir artımı gözləmək inandırıcı deyil”.
Manatın sabitliyi üçün risklər
İqtisadçı Zöhrab İsmayılın fikrincə, neftin qiymətindəki enişlər manatın sabitliyini də təhdid edə bilər:
“Azərbaycan iqtisadiyyatı hazırda neftin 65 dollar/barrel qiymətinə adaptasiya olunub. Bu ilin əvvəlində və ötən ilin sonunda müşahidə etdik ki, neftin qiyməti 60 dollara yaxınlaşan kimi ölkənin ödəmə balansında problemlər yaranır. Üstəlik, ölkədən xaricə kapital axını da var. Ona görə bu, həm iqtisadi sabitlik, həm də manat üçün ciddi təhdidlər yaradır”.
Ekspert deyir ki, Neft Fondunun aktivləri müəyyən mənada “təhlükəsizlik yastığı” rolunu oynaya bilər. Amma Azərbaycanda gəlirlər azalan kimi hökumət təşvişə düşür və dərhal xərcləri ixtisar etməyə başlayır.
“Bu zaman ən asan kəsilə bilən xərclər dövlət investisiyalarıdır. Hazırda hökumət dövlət investisiya xərclərini azaltmağı planlaşdırır, amma onların daha çox azaldılması da mümkündür. Bu isə Qarabağda aparılan yenidənqurma proseslərinə də öz təsirini göstərə bilər”.
Qeyri-neft sektoru itkiləri kompensasiya edə biləcəkmi?
Ekspertin sözlərinə görə, neft gəlirlərindəki azalma nəticəsində yaranan kəsiri ümumi vergi daxilolmaları hesabına kompensasiya etmək mümkün olmayacaq:
“Qeyri-neft sektoru üzrə vergi planı yoxdur. Yəni demirlər ki, filan tədbirləri görəcəyik və bu sahədə əhəmiyyətli artım baş verəcək. Təbii ki, qiymət artımı ilə əlaqədar dolayı artımlar var. Yəni inflyasiya gedir, qiymətlər artır və buna adektvat olaraq büdcəyə daxilomalar da artır. Məsələn, qiymətlər qalxdıqca ƏDV daxilolmaları da artır. Amma bu, real iqtisadi artım deyil, sadəcə inflyasiyanın təsiridir. Əsas məsələ budur ki, dövlət büdcəsinin həcmi gələn il artmır. Azərbaycanda dövlət büdcəsi iqtisadi artımın əsas hərəkətverici mənbələrindən biridir. Büdcə artmırsa, deməli, iqtisadiyyata da əlavə stimul olmayacaq. Neft hasilatı artıq bu il 5-6 faiz azalıb və gələn il də bu tendensiya davam edəcək. Ona görə də qeyri-neft sektorunun bütün bu itkiləri kompensasiya edə biləcəyi inandırıcı görünmür”.