Ölkənin buğda idxalından asılılığı 31 faiz artıb, istehsal isə azalır
Ölkədə son illər buğda istehsalının azalması və paralel olaraq idxalın artması ərzaq təhlükəsizliyi baxımından ciddi narahatlıq doğuran vəziyyətdir. Ərzaq təhlükəsizliyi təkcə ərzağın mövcudluğu ilə bitmir, həm də onun sabit təchizat zənciri qurulmalıdır. Azərbaycanda isə bu vacib strateji məhsulla bağlı təchizat müəyyən risk altındadır.
Xüsusilə, son illərdə bu istiqamətdə istehsalın azalması, idxalda isə əsas tədarükçü ölkə olan Rusiyanın digər ölkələrə taxıl satışına limit tətbiq etməsi həmin risklərdən xəbər verir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-avqust aylarında ölkəyə 760 min ton ərzaqlıq buğda idxal edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31 faiz çoxdur. Əslində, idxalın artmasının əsas səbəblərindən biri daxili istehsalın azalmasıdır. Buğda idxalına dəyər ifadəsində 163,5 milyon ABŞ dolları xərclənib. 2025-ci ildə idxal olunan 1 ton buğda təxminən 215,2 dollar və ya 365,8 manata başa gəlib. Bu da 2024-cü ilin göstəricisindən 2,8 faiz ucuzdur. Lakin bu ucuzlaşma daxili bazarda hiss edilməyib, əksinə, un və un məmulatlarının qiymətində bahalaşma müşahidə olunub.
Sentyabr ayının gömrük məlumatlarına əsasən isə, ötən ay 1 ton ərzaqlıq buğdanın orta qiyməti 381,95 manat təşkil edib. Bu, həm əvvəlki aylar, həm də 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 5 faizlik bahalaşma deməkdir. Bu bahalaşma davam edərsə, ilin ikinci yarısında buğdanın 1 ton aylıq orta qiyməti arta bilər.
İdxalla bağlı Azərbaycan üçün yaranmış digər problemlər uyğun bazarların tapılmasıdır. Belə ki, Rusiya-Ukrayna müharibəsi şimal qonşumuzu taxıl ixracı ilə bağlı strategiyasına yenidən baxmağa sövq edib. Rəsmi Moskva taxılın, xüsusilə də ərzaqlıq buğdanın xarici ölkələrə satışına müəyyən məhdudiyyətlər tətbiq edib. Nəticədə bu, Azərbaycana da ciddi təsir göstərib və özünə yeni taxıl tədarükçüləri axtarmağa məcbur qalıb. Əgər əvvəlki illərdə buğdanın təxminən 99 faizi Rusiyadan idxal olunurdusa, 2025-ci ildə idxalın 75 faizi Qazaxıstanın payına düşüb.
Görünür, Rusiyada müharibə şəraiti, ixrac məhdudiyyətləri və geosiyasi qeyri-sabitlik Azərbaycanın təchizat xəritəsini yenidən nəzərdən keçirməsinə səbəb olub. Ekspertlər isə mövcud vəziyyətin getdikcə daha təhlükəli məcraya yönəldiyini bildirirlər. İqlim dəyişiklikləri bir sıra ölkələri, o cümlədən Qazaxıstanı, yalnız daxili tələbatı ödəyəcək həcmdə kənd təsərrüfatı məhsulları istehsal etməyə vadar edir. Nəticədə Azərbaycan gələcəkdə yeni, lakin daha bahalı bazarlar axtarmaq məcburiyyətində qala bilər. Strateji məhsullar üzrə tək bir mənbədən asılılıq və daxili istehsalda yaranan problemlər belə fors-major vəziyyətlərdə daxili bazarda qıtlıq və qiymət dalğalanmalarına gətirib çıxara bilər.
Digər tərəfdən, kənd təsərrüfatı sektorunda istehsal ümumilikdə zəifləyib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun mediaya verdiyi açıqlamaya görə, 2025-ci ilin yanvar-avqust aylarında ölkədə 9 milyard 424 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azdır.
İstehsal olunan məhsullar arasında strateji əhəmiyyətli buğda üzrə göstəricilər daha kəskin azalıb. Belə ki, 2025-ci ilin yanvar–sentyabr aylarında 1 milyon 588 min ton buğda istehsal edilib. Halbuki, 2024-cü ilin eyni dövründə bu göstərici 1 milyon 685 min ton, 2023-cü ildə isə 1 milyon 833 min ton təşkil edib.
Beləliklə, bu məhsul üzrə istehsal son iki ildə 13,4 faiz azalıb. Ekspertlərin fikrincə, Azərbaycan hazırda ərzaqlıq buğda idxalından tam asılı vəziyyətdədir. Bunun əsas səbəbi ölkədə istehsal olunan buğdanın keyfiyyət göstəricilərinin aşağı olmasıdır. Bu səbəbdən yerli buğdanın böyük hissəsi un sənayesində istifadəyə yararlı deyil və əsasən heyvandarlıqda yem kimi istifadə olunur.
Ümumilikdə, ekspertlərin hesablamalarına görə, Azərbaycanın yeyinti məhsullarına olan tələbatının yalnız təxminən 50 faizi daxili istehsal hesabına ödənilir. İldən-ilə istehsalın azalmasının əsas səbəbləri kimi iqlim dəyişiklikləri və aqrar sektorda düzgün idarəetmə sisteminin formalaşmaması göstərilir.