Müğənni Murad Arif Azərbaycanda toy mədəniyyəti və son günlər toyların sayına, müddətinə dair səsləndirilən təkliflərlə bağlı fikirlərini bölüşüb.
O, Azərbaycan toylarının tarixi ənənələrinə diqqət çəkərək, əcdadların 7 gün, 7 gecə, bəzi hallarda isə 40 gün, 40 gecə toy etdiyini xatırladıb.
Müğənni bəzi bölgələrdə uşağın dünyaya gəlməsi münasibətilə onun adına şərab basdırılması ənənəsinin də olduğunu qeyd edib.
Murad Arif toy sektorunun yalnız əyləncə sahəsi olmadığını, çoxsaylı insanların dolanışığının bu sektordan asılı olduğunu bildirib:
“Toy sektoru Azərbaycanın MENTAL biznes strukturudur! Xalqın dolanışığı çıxır buradan”.
Onun sözlərinə görə, toy sənayesindən ayıq sürücülər, xadimələr, aşpazlar, ofisiantlar, geyim satıcıları, avtomobil icarəsi və satışı ilə məşğul olanlar, dekoratorlar, gözəllik salonları və digər sahələrdə çalışan insanlar gəlir əldə edir.
Müğənni toyların 100 nəfərlə məhdudlaşdırılması və maksimum iki saat davam etməsi ilə bağlı fikirləri də sərt şəkildə tənqid edib.
“Özüm ölüm, dəlixanadıye… Get özündən, qohumlarından başla da, qardaşım”, – deyə Murad Arif yazıb.
O bildirib ki, insanlar böyük toy keçirmək istəmirlərsə, bunu özləri seçə bilərlər və heç kimin başqasının məclisinə müdaxilə etməsinə ehtiyac yoxdur:
“Eləmə də 500 nəfərlik, elə 50 nəfərlik. Kim sənə nə deyə bilər?! Başqasının məclisinə, dəbinə, keyfinə burun soxmaq nədir?”. Gununsesi.info