“Azərbaycan onun sanksiyalardan yayınmasına imkan verməməlidir” – Saakaşvili
Gürcüstanın hazırda həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili "Facebook" səhifəsində Azərbaycanla bağlı diqqətçəkən açıqlama yayıb.
Saakaşvili bəyan edib ki, qardaş Azərbaycan prorusiya mövqeyi ilə tanınan və Britaniya sanksiyalarına məruz qalmış “İmedi” telekanalının Azərbaycan infrastrukturundan – xüsusilə “Azersat” peyk sistemindən sanksiyalardan yayınmaq məqsədilə istifadə etməsinə imkan verməməlidir.
Sabiq Prezident bildirib ki, bu addımın arxasında Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının qurucusu, milyarder İvanişvili dayanır. Onun sözlərinə görə, rəsmi Bakı gürcü xalqının yanında olmalı, “Kremlin təyin etdiyi fiqurun” deyil.
“Biz rəsmi Bakının kremlyönlü siyasətçinin deyil, gürcü xalqının mövqeyini dəstəkləyəcəyini gözləyirik. Əminəm ki, Azərbaycan hər zaman olduğu kimi, düzgün tərəfdə olacaq”, – deyə Saakaşvili vurğulayıb.
Qeyd edək ki, Saakaşvili hazırda Gürcüstanda bir neçə cinayət işi üzrə cəza çəkir.