Bu Azərbaycan tarixində yeni inkişaf mərhələsidir - DEPUTAT
Bu gün Azərbaycan Respublikasının Konstitusiyası Günü qeyd olunur. Ölkəmizin əsas sənədi 30 il öncə- 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir və dövlətçiliyimizin təşəkkülündə və hüquqi cəmiyyət quruculuğunda xüsusi rola malik olan əsas qanunumuzun qəbulunda Ulu Öndərin müstəsna xidmətləri olmuşdur.
Konstitusiyanın qəbulu həmçinin Azərbaycanda iqtisadi islahatların dərinləşməsinə və xüsusən də özəl sektorunun davamlı inkişafına təkan vermişdir. Konstitusiyamız qəbulundan keçən 30 ildə Azərbaycanın dövlət büdcəsi 50 dəfə artıb. Eyni zamanda, 1995-ci ildə 300 dollar olan adambaşına ÜDM 2025-ci ildə 7,6 min dollara yüksələrək 25 dəfədən çox artıb. Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə əsasən, post-sosialist dövlətləri arasında adambaşına düşən ÜDM-in həcminə görə son 30 ildə ən güclü sıçrayışı Azərbaycan nümayiş etdirib.
Konstitusiyanın qəbulunun həmçinin mülkiyyət hüquqlarının təsnifləşdirilməsi və liberal iqtisadiyyatın dəstəklənməsi baxımdan da xüsusi töhvələri oldu. Nəticədə, son 30 ildə Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan artıq sərmayə cəlb edilib.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə artıq vətəndaşlarımızın konstitusional hüquqları bütün suveren ərazilərimizdə qorunur. Bu Azərbaycan tarixində yeni inkişaf mərhələsidir.
Vüqar Bayramov, millət vəkili