Sosial şəbəkədə biz:

Vətən Müharibəsinin oktyabr zəfərləri: Cəbrayıl, Füzuli və Zəngilanın işğaldan azad edilməsi

Vətən Müharibəsinin oktyabr zəfərləri: Cəbrayıl, Füzuli və Zəngilanın işğaldan azad edilməsi
Xəbər Şəkli
10 October 2026, 09:55
Siyasət

2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq başlayan 44 günlük Vətən Müharibəsi Azərbaycanın müasir hərb tarixinə şanlı zəfər kimi yazıldı.

Müharibənin ilk günlərindən etibarən cənub cəbhəsində həyata keçirilən hərbi əməliyyatlar bütün müharibənin gedişatını və taleyini müəyyənləşdirən əsas amilə çevrildi. Bu istiqamətdə yerləşən Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının işğaldan azad edilməsi təkcə ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də strateji, hərbi-taktiki və psixoloji cəhətdən həlledici əhəmiyyət kəsb edirdi.

Düşmən 30 ilə yaxın müddət ərzində cənub zonasında mürəkkəb relies şəraitindən istifadə edərək bir neçə dərinlikdən ibarət, beton istehkamlarla möhkəmləndirilmiş, mina sahələri və tankəleyhinə xəndəklərlə əhatə olunmuş çoxsəviyyəli müdafiə xətləri qurmuşdu. Bu müdafiə sisteminin yarılması Azərbaycan Ordusunun yüksək peşəkarlığını və döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. pizza mizza

Cənub cəbhəsində düşmənin müqavimətini qırmağa yönəlmiş ilk böyük Zəfər Cəbrayıl istiqamətində qazanıldı. Müharibənin ilk günlərindən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri və Quru Qoşunlarının birgə uzlaşdırılmış fəaliyyəti sayəsində düşmənin ön müdafiə xətti yarıldı. Cəbrayıl rayonunun mürəkkəb relyefi, dominant yüksəklikləri və açıq ərazi xüsusiyyətləri hərbi irəliləyişi çətinləşdirən əsas amillərdən idi.

Düşmən yüksəkliklərdən intensiv artilleriya və minaatan atəşi ilə ordumuzun irəliləməsinə mane olmağa çalışsa da, Azərbaycan Ordusunun tətbiq etdiyi çevik manevrlər, pilotsuz uçuş aparatlarının (PUA) dəqiq kəşfiyyatı və zərbələri düşmənin atəş nöqtələrini sıradan çıxardı. Oktyabrın 4-də Cəbrayıl şəhərinin və ətraf kəndlərin azad olunması müharibənin ilk böyük strateji dönüş nöqtəsinə çevrildi. Bu, Vətən Müharibəsində azad edilən ilk rayon mərkəzi idi. Cəbrayılın götürülməsi ilə düşmənin cənub qruplaşması ciddi zərbə aldı, Azərbaycan Ordusuna Xudafərin körpüsü istiqamətinə çıxış, Araz boyu zolaq boyunca sürətlə irəliləyərək Zəngilan və Qubadlı rayonlarına yol açmaq imkanı qazandırdı.

Cəbrayıl əməliyyatının uğurla başa çatması Füzuli istiqamətindəki döyüşlərin də gedişatına birbaşa təsir göstərdi. Füzuli şəhəri və onun ətrafı düşmənin "Ohanyan xətti" kimi adlandırdığı, keçilməz hesab etdiyi ən güclü müdafiə səddinin mərkəzində yerləşirdi. Burada düşmən illərlə topladığı böyük canlı qüvvə, ağır artilleriya və zirehli texnika imkanlarını cəmləşdirmişdi. Füzulinin azad edilməsi əməliyyatı döyüşlərin şiddətinə, taktiki mürəkkəbliyinə və hər iki tərəf üçün strateji çəkisinə görə 44 günlük müharibənin ən ağır və eyni zamanda ən parlaq səhifələrindən biri oldu.

Azərbaycan hərbi komandanlığı düşmənin gözlədiyi birbaşa hücum taktikasından qaçaraq, şəhəri cinlərdən mühasirəyə almaq və təchizat yollarını kəsmək strategiyasını seçdi. Yüksək peşəkarlıqla həyata keçirilən bu manevr düşməni panikaya saldı və geri çəkilməyə məcbur etdi. Oktyabrın 17-də Füzuli şəhəri və rayonun bir çox kəndləri işğaldan azad olundu. Düşmən cəbhənin bu istiqamətində böyük miqdarda hərbi texnika və canlı qüvvə itirərək darmadağın edildi.

Cəbrayıl və Füzuli əməliyyatlarının ardınca cənub dəhlizi boyunca həyata keçirilən İldırımsürətli Zəngilan əməliyyatı müharibənin növbəti möhtəşəm mərhələsini təşkil etdi. Araz boyu istiqamətdə sürətli irəliləyiş göstərən Azərbaycan Ordusunun mobil birləşmələri və xüsusi təyinatlıları düşmənin gözləmədiyi çevikliklə Zəngilan rayonunun ərazisinə daxil oldu. Düşmənin bu istiqamətdə yeni müdafiə xətti qurmasına imkan verməyən Azərbaycan hərbçiləri yüksək taktiki hazırlıq və peşəkarlıq nümayiş etdirdilər. Oktyabrın 20-də Zəngilan şəhəri və rayonun strateji kəndləri işğaldan azad edildi.

Zəngilanın azad olunması ilə Azərbaycan-İran dövlət sərhədi boyunca yerləşən Arazboyu ərazilər tam olaraq nəzarətə götürüldü və 132 kilometrlik dövlət sərhədinin bərpası təmin olundu. Bu zəfər eyni zamanda Ermənistanın cənub sərhədinə, Qubadlı və Laçın koridoru istiqamətlərinə strateji nəzarəti ələ keçirməyə zəmin yaratdı.

Füzuli, Cəbrayıl və Zəngilanın azad olunması müharibənin növbəti mərhələləri üçün açar rolunu oynadı. Cənub cəbhəsində düşmən müdafiəsinin tamamilə çökməsi Azərbaycan Ordusuna dağlıq relyefə təhlükəsiz keçid etmək və Şuşa istiqamətində tarixi "Zəfər Yolu"nu açmaq imkanı verdi. Hər üç əməliyyatda qazanılan qələbə Azərbaycan əsgər və zabitinin yüksək mənəvi-ruhi yüksəlişini, düşmənin isə tam demoralizasiyasını təmin etdi. Bu rayonların azad edilməsi 44 günlük Vətən Müharibəsində tam və qəti zəfərin təmin olunmasında müstəsna hərbi, siyasi və strateji əhəmiyyət kəsb edən fundamental addım oldu. yenisabah.az