Moskvadakı Azərbaycan icmasının rəhbərinin Rusiya pasportu ləğv olunub
Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından məhrum edilib. Bu barədə Rusiya mediası yazır.
"Readovka" Telegram-kanalının məlumatına görə, Həsənov qanunsuz miqrasiyadan tutmuş, kontrafakta qədər gizli sxemlərdə iştirakda, milli zəmində münaqişə vəziyyətlərinin yaradılmasında günahlandırılır.
Ordubad rayonundan olan B.Həsənov 2022-ci ildə Moskva diasporunun rəhbəri seçilib. O, 2000-ci ildən Rusiya vətəndaşı idi.
"Tsarqrad" nəşrinin yazdığına görə, Həsənov Azərbaycan Mədəniyyət Mərkəzi üçün yeni binanın ayrılmasına nail olub: "O, diasporun himayəsi altında Azərbaycan yazıçılarının yığıncağını keçirib və orada "Azərbaycan məsələsi"nin işıqlandırılması ilə bağlı Rusiya mediasındakı problemlərdən danışıb".
Bundan əvvəl Çelyabinsk və Moskva vilayətlərindəki diaspor rəhbərləri vətəndaşlıqdan çıxarılıblar.