Müsavat Partiyası hökumətdən pul alır? - AÇIQLAMA
Son günlər siyasi partiyaların maliyyə hesabatları ilə bağlı açıqlanan sənədlərdə Müsavat partiyası ilə bağlı bir məqam diqqəti çəkib.
Belə ki, yayılan məlumatlarda Müsavat Partiyasının dövlətdən maliyyə aldıqları barədə məqamlar var.
Lakin partiya rəsmisi Razim Əmiraslanlı bu iddiaları təkzib edib.
O, bu barədə Gununsesi.az-a açıqlamasında deyib:
“Müsavat Partiyasının hakimiyyətdən pul aldığı iddiası savadsızlıqdan deyil, qərəzli yanaşmadan irəli gəlir və məqsəd guya Müsavatı gözdən salmaqdır. Müsavat Partiyası heç vaxt hakimiyyətdən gizli və ya qeyri-rəsmi maliyyə almayıb, bu gün də almır. Bunu qərəzli olanlar da yaxşı bilir. Hakimiyyətə yaxınlığı ilə seçilən bəzi partiyalar və media qurumları ilə Müsavatı eyniləşdirməyin”, – deyə o qeyd edib.
Razim Əmiraslanlı həmçinin bildirib:
Müsavat Partiyası son parlament seçkilərində iştirak etdiyinə görə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq topladığı səslər əsasında dövlət büdcəsindən nəzərdə tutulan cüzi maliyyə vəsaitini alır. Bu, qanunla müəyyən edilir. Hər hansı güzəştdən söhbət gedə bilməz. Bu vəsait də gizli deyil. Maliyyə hesabatları müvafiq qaydada təqdim olunur, ianələr göstərilir, məlumatlar ictimaiyyət üçün açıqdır və aidiyyəti dövlət qurumlarında, eləcə də mediada dərc edilir. Gizli heç nə yoxdur. Ayrılan vəsait də kiminsə şəxsi vəsaiti deyil, dövlət büdcəsi hesabına qanuni qaydada ödənilir. Müsavat öz prinsipial mövqeyi, ardıcıl və sistemli fəaliyyəti ilə ölkənin əsas müxalifət partiyalarından biridir. Bu da bəzilərini, deyəsən, çox narahat edir. Cəmiyyət də kimin hansı prinsiplərə və hansı maraqlara xidmət etdiyini yaxşı bilir. Şər, böhtan və qərəzli ittihamlar Müsavata yapışmaz”.