Novella Cəfəroğlu: “Əli Kərimli heç vaxt müxalifət ola bilməz, həbs edib, onu qəhrəmana çevirmək lazım deyil”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu son günlər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Milli Şura ətrafında baş verən həbslər fonunda Milli Şuranın Rusiyanın layihəsi olmasına münasibət bildirib.
N.Cəfəroğlu Pravda.az-a açıqlamasında baş verənləri geniş şərh edib.
O bildirib ki, Milli Şura Rusiyanın layihəsi olub: “2013-cü ildə Milli Şuranın yaranması ərəfəsi idi, müxalifyönlü şəxslər Sabir Rüstəmxanlının qərərgahında yığışmışdılar. Birdən-birə Rüstəm İbrahimbəyovu prezidentliyə namizəd seçdilər. Mən də dedim ki, hələ Milli Şura yaranmayıb, ortalıqda yoxdur, burda yaşamayan Rüstəm İbrahimbəyovu seçmək hansı qanuna uyğundur? Bunun təşəbbüskarı Leyla Yunus və komandası idi. İclasda çox adam iştirak edirdi. Əli Kərimlinin də komandası oradaydı. Hamısı Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini dəstəklədilər. Biz də Müsavat Partiyası ilə bir yerdə idik. İclasda QHT nümayəndəsi kimi təmsil olunurdum. Dedim ki, başa düşürəm, siz Rusiyanın təşəbbüsü ilə bunu edirsiniz, çünki o zaman bilirdik... Müsavat Partiyasının nümayəndələri çıxış etdilər və öz etirazlarını bildirdilər. Ondan da məlumatlı idik ki, sifarişin arxasında Bakıda kimsə durub! Məlumatlar var idi ki, Moskvanın milyarderləri istəyirdilər ki, öz namizədləri olsun, onunla işləsinlər. Leyla Yunus mənə dedi ki, səni hakimiyyət neçə manata aldı? Dedim ki, Leyla xanım, səni ruslar alıblar, mən isə satılsam da, öz hökumətimə, dövlətimə satılıram, rusa yox. Dedim ki, bunu Rusiyanın təşəbbüsü ilə etmək istəyirsiniz, burada iştirak etmək istəmirəm, çıxıram. İclası tərk etdim, arxamca gənclər çıxdı, Tural Abbaslı (red. – Ağ Partiyanın sədri) da orada idi. Sonra mənə qarşı xeyli hücumlar oldu. Müsavat Partiyasının gəncləri sağ olsunlar, məni müdafiə edirdilər. Dövlətimi, Azərbaycanı sevən insanam, ölkədəki neqativləri hər zaman deyirəm. İcra hakimiyyətləri tərəfindən qazilərə münasibətdən narazıyam, nazirliklərin vətəndaşların suallarına cavab verməmələrini tənqid edirəm. Amma dövlətimə kənardan kimsə müdaxilə etsə, onun qarşısında həmişə dayanıram və cavabını verirəm. Bu gün kimsə Rusiyanın, İranın, itin, qurdun əli ilə Azərbaycanda dövlət çevrilişi etmək istəyirsə, mənim birinci düşmənimdir. Həmişə dəmişəm, biz bu azadlığı çətinliklə qazanmışıq. İllərlə savaşa-savaşa, 44 günlük müharibədə bu qədər şəhid verərək, Ali Baş Komandanımızın əhatəsində əsgərlərimizlə birgə suverenliyimizi tam bərpa etmişik. Hələ qarşıda Zəngəzur, Güney Azərbaycan var... Bunların hər biri prioritet addımlarımız olmalıdır. Bu yaşımda Azərbaycanın bütövlüyünü görmüşəmsə, çalışanlar sağ olsunlar. Həm Ali Baş Komandan, həm də xalqımız sağ olsun ki, mənə bunu nəsib ediblər. Allah şəhidlərimizə rəhmət eləsin. Bu gün kimsə bunu mənim əlimdən almaq istəyirsə, birinci düşmənimdir. Əli Kərimliyə Qərbdən dəstək gəlir, insan hüquqları ilə işləyən bütün komitələr Əli Kərimlinin müdafiəsinə qalxıblar. Yenə də deyirəm, doğrudan da, çevriliş etmək istəyirdilərsə, bu işdə əli olan hər kəs cəzasını çəkməlidir. Bircə bunu bilirəm ki, istər Rusiya, istər İran, istərsə də içimizdə münaqişəli mühit yaratmaq istəyənlər - heç kimin gücü çatmaz. Belə bir güc yoxdur ki, Azərbaycanda nəsə etsin. Bunun müqabilində bütün beynəlxalq təşkilatların qarşısında Əli Kərimlidən qəhrəman düzəltmək düzgün deyil. Əli Kərimli çoxdan siyasətdə olmayan bir fiqurdur, nə deyirlərsə, desinlər, hazırda elə bir güclü komandası yoxdur, nüfuzu o dərəcəyə çatmayıb ki, insanlara müraciət etsin, onlar da arxasınca getsinlər. Bu gün Əli Kərimlinin millətə təsir gücü yoxdur. Buna görə də onu həbs edib, qəhrəmana çevirmək lazım deyil. Onsuz da Əli Kərimli azadlıqda ola-ola öz cəzasını çəkir. Göz qabağındadır. Bəlkə, bunu çoxları görmür, amma biz görürük, bilirik. Hamısı elə biləcəklər ki, qəhrəman Əli Kərimlidir. Müxalifət o deyil axı. Əli Kərimli heç vaxt müxalifət ola bilməz. Bilirəm, tərəfdarları mənə yüz söz deyəcəklər. Təkrar edirəm, indiyə kimi heç kimə satılmamışam - nə müxalifətə, nə iqtidara. Mən vətənimi, dövlətimi sevən insanam. Əli Kərimlinin insanlara təsir nüfuzu qalmayıb”.