Sosial şəbəkədə biz:
Paşinyan: “Azərbaycanın baş nazir müavininin Ermənistana səfəri tarixi hadisədir”
Xəbər Şəkli

Paşinyan: “Azərbaycanın baş nazir müavininin Ermənistana səfəri tarixi hadisədir”

30 April 2026, 15:47
Siyasət

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 13-cü iclası keçirilib.

Görüşə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryan sədrlik edib.

Ermənistanda baş tutan görüşlə bağlı rəsmi məlumata görə, tərəflər sərhədin delimitasiyası ilə bağlı təşkilati və texniki məsələləri müzakirə ediblər. Eyni zamanda delimitasiya prosesinin aparılması qaydalarına dair bir neçə təlimat layihəsi razılaşdırılıb və tərəflər arasında mübadilə olunub.

Görüşdə delimitasiya üzrə ekspert qruplarının iş qaydası, dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması, delimitasiya sənədlərinin tərtibatı və nəşri qaydası haqqında təlimat sənədləri razılaşdırılıb.  Tərəflər bu sənədlərin təsdiqi üçün öz hökumətlərinə müraciət etmək barədə razılığa gəliblər.

Görüş zamanı Azərbaycan və Ermənistan nümayəndələri iqtisadi-ticari əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Bildirilib ki, Azərbaycan ərazisindən Ermənistana yüklərin tranziti davam edir.

Rəsmi məlumatda qeyd olunub ki, Azərbaycanın Ermənistana neft məhsulları tədarükü iki ölkə arasında iqtisadi əlaqələrin formalaşmasının göstəricisi kimi qiymətləndirilib.

Həmçinin işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə malların və xidmətlərin qarşılıqlı tədarükü, eləcə də tranzit daşımaları barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda tərəflər yekun protokolu imzalayıblar.

Komissiyaların növbəti iclasının Azərbaycanda keçirilməsi planlaşdırılır. Tarixin işçi qaydada müəyyən ediləcəyi bildirilib.

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 30-da jurnalistlərə açıqlamasında Şahin Mustafayevin səfərinin gizli saxlanıldığı barədə iddiaları rədd edib. Paşinyan bildirib ki, səfərlərlə bağlı məxfilik təhlükəsizlik məqsədi daşıyır və bu, qarşılıqlı tətbiq olunan qaydadır. O, baş nazir müavinlərinin qarşılıqlı səfərlərini sülh prosesinin institusionallaşdırılması baxımından “tarixi” adlandırıb.

O vurğulayıb ki, iki ölkə arasında gələcəkdə təbii və qonşuluq münasibətləri qurulmalıdır.

Paşinyan bildirib ki, əvvəllər Ermənistan və Azərbaycan iş adamları mal siyahılarını iki ölkənin hökumətləri vasitəsilə mübadilə edirdilər, amma artıq buna ehtiyac yoxdur

Onun sözlərinə görə, bundan sonra iki ölkənin iş adamları birbaşa əməkdaşlıq edə bilərlər.

Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycanın bir-birinə tədarük etdiyi məhsulların çeşidi gələcəkdə genişlənə bilər, lakin bununla bağlı hələ konkret razılaşma yoxdur.

O bildirib ki, Şahin Mustafayevlə görüşən erməni iş adamlarının adlarını açıqlamayacaq. Baş nazir bunu onların müəyyən dairələrin təzyiqi ilə üzləşməməsi ilə əsaslandırıb.

Sərhəd delimitasiyası üzrə komissiyaların bundan əvvəlki iclası ötən ilin noyabrında Qəbələdə keçirilmişdi. Həmin görüşdə növbəti iclasın Ermənistanda təşkili barədə razılıq əldə olunmuşdu.

Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesi son illərdə iki ölkə arasında aparılan sülh danışıqlarının əsas istiqamətlərindən biri sayılır.